Bəli, ötən həftənin sonlarında Ukrayna-Rusiya cəbhəsində baş verən olaylar bizi hətta Yaxın Şərq proseslərindən də qopardı desək, güman, yanılmarıq - bəli, səhv etmiriksə, ilk dəfə idi ki, Kiyev raket və ya dron atəşilə deyil, klassik canlı qüvvə ilə münaqişəni Rusiya ərazisinə, Kursk vilayətinə keçirə bildi.
Rusiya prezidentinin məsələyə ilk reaksiyasını izləyən jurnalsitlər dedilər və yazdılar ki, o, üçüncü ildir davam edən müharibə ərzində heç vaxt, hətta məşhur "Vaqner hadisələri” zamanı da belə məyus və hətta aciz görünməmişdi.
Biz bu sətirləri yazan zaman Rusiya silahlıları hələ status-kvonu bərpa edə bilməmişdi, şiddətli döyüşlər gedirdi. Amma bir məsələni demək olar ki, böyük ehtimalla, məsələ Rusiya generaliteti üçün, xüsusən də artıq başqa vəzifəyə keçirilmiş keçmiş Rusiya müdafiə naziri Sergey Şoyqunun orududakı "qalıqları” üçün nəticəsiz sovuşmayacaq, çünki maddi-texniki, hətta canlı itkilər bir yana, ukraynalılar təkcə QAZPROM üçün yox, bütövlükdə ölkə üçün çox mühüm qazötürücü nöqtəsini ələ keçirmişdi.
Ən başlıcası isə, hiss olunurdu ki, ruslar psixoloji cəhətdən möhkəm sarsılıblar, çünki onlar ilk dəfə idi ki, müharibəni bircə addımlıqlarında hiss edirdilər.
Bəlkə də ruslar bu hücumu dəf edəcək, status-kvonu bərpa edə biləcəklər. Amma üç illik müharibənin ağır nəticələri, xüsusən də demoqrafik problemlər artıq qapını döyməkdədir – bu günlərdə belə deyildi ki, Moskva artıq döyüşmək üçün hətta Mərkəzi Asiyanın əməkçi miqrantlarına pul ödəyir.
Cəbhədə ciddi dönüş isə gözlənirdi, baxmayaraq, rus hərbi təhlilçiləri bunu ukraynalıların müvəqqəti taktiki manevri və ya təsadüfi üstünlüyü kimi qiymətləndirirdilər. Amma ABŞ-da prezident seçkiləri gəlir və buna artıq üç aydan da az vaxt qalıb. Ona görə də demokratlara bir neçə istiqamətdə ciddi dönüş lazımdır.
Onlar, deyəsən, İranı İsrailə hücum etməkdən daşındıra bildilər, çünki bu məsələdə yeni İran prezidentilə Ali dini rəhbər arasında da ciddi fikir ayrılığı yaranıb. Prezident Pezeşkian belə hesab edir ki, İsrailə hücumun İran üçün acı nəticələri ola bilər.
Dini lider Xameneyi hələ prezidentlə razılaşmayıb, amma ona opponentlik də etmir, hələ ki, susur. Amma məsəl var, deyirlər ki, susmaq da razılıq əlamətidir. Qyıdaq ABŞ demokratlarına. Onlar üçün daha bir mühüm istiqamət Ukraynadır – bəli, bu məsələ seçki debatlarından qırmızı xətlə keçir. Ona görə də demokratlar ABŞ seçicilərini inandırmalıdırlar ki, müharibəni davam etdirmək heç də tamam mənasız və yaxud da perspektivsiz məsələ deyil.
Bu səbəbdən də ukraynalıların yeni hücumu və üstünlüyü haqqında xəbər gələn kimi ilk ağla gələn bu oldu ki, ABŞ-ın verdiyi silahlar işini görüb. Amma amerikalılar da, elə ukraynalıların özləri də bunu təkzib etdilər. Bir-iki gündən sonra Amerika rəsmiləri ukraynalıları müdafiə etdiklərini və Kurska hücumu Kiyevin özünümüdafiə aktı kimi qiymətləndirdiklərini bəyan etdilər. Onların bir az tərəddüd etməsinin səbəbi aydındır: ABŞ və müttəfiqləri müharibənin Rusiyanın içərilərinə adlamasından çox ehtiyat edirlər. Bir neçə ay bundan əvvəl Co Bayden Rusiya içərisinə atəşlər üçün hətta bir hədd də müəyyənləşdirmişdi: səhv etmiriksə, 200 mil!..
Amma indi təkcə ukraynalılara yox, elə amerikalı demokratlara da, müvəqqəti də olsa, qələbə lazımdır – bir daha deyirik ki, onlar ABŞ seçicisini öz siyasətlərinin doğru olduğuna inandırmalıdırlar, bu siyasət isə müharibəni davam etdirməyi nəzərdə tutur.
Əlbəttə, hamı istəyir ki, ukraynalıların hücumu və üstünlüyü müvəqqəti olmasın, bu, davamlı olsun. Amma bu məsələdə birmənalı seçim güman ki, noybarda, ABŞ-dakı seçkilərdən sonra bilinəcək. Hələ heç kim, hətta ən təcrübəli politoloqlar belə, ABŞ seçicilər kollegiyasının nə qərar qəbul edəcəyini bilmir. Üstəlik, seçicilər bir tərəfə, dəfələrlə yazmışıq ki, əgər "dərin dövlət”, ümumiyyətlə, "dövlət maşını” haqqında bu vaxta qədər deyilənlər və yazılanlar doğrudursa, Tramp seçilməməlidir, çünki onun "geosiyasi planları” çox inqilabidir, sabit, oturuşmuş ölkələrdə isə heç kim, bir-iki romantiki çıxmaq şərtilə, inqilabları sevmir.
Belə də isə, K.Harris çox inamla irəliləyir – bir həftə ərzində o, 36 milyon dollar vəsait toplayb! Əlbəttə, ən azı bu seçkilərin taleyini dollar həll etməyəcək, çünki D.Tramp da kasıb oğlan deyil, o da milyardçıdır, milyardlarla dollarla ölçülən mülkiyyəti var.
Amma rusların bir məşhur ifadəsi var: "krepki oreşek”! Bunu bütünlüklə K.Harrisə də şamil etmək olar. Bir daha deyirik ki, bilmirik, seçkilərin nəticəsi nə olacaq, ən azı birinci debatdan sonra nəyisə təxmin etmək olar. Amma bir məsələ aydındır: Harris çox inamla başlayıb, artıq hamıya bəllidir ki, o, qoca və huşsuz Bayden deyil, bəlkə də bu vaxta qədər dövləti Baydenin əvəzinə idarə edən çox ciddi bir siyasət adamıdır!
Hüseynbala Səlimov
Şərhlər