Xəbər lenti

PFL prezidenti:
İdman 16:25 15.07.2022

PFL prezidenti: "Bu, bizim günahımız deyil"

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, püşkatmadan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.  

- "Kəpəz” ilk matçını Gəncədə keçirəcək, yoxsa "Dalğa Arena”da oynamaq ehtimalı var?

- Gəncə stadionunda 1 ay öncə nümayəndəmiz olub, çatışmazlıq rəhbərliyə bildirilib. AFFA rəhbərliyi də bilir ki, çatışmazlıqlar var. Ancaq söz veriblər ki, çempionat başlayana qədər hər şey bərpa olunmalıdır. Çatdıra bilməsələr tələb etməliyik ki, həmin stadionda oynaya bilməzlər. Belədə harada oynayacaqlarını deyə bilmərəm.

- Reqalmentə görə növbəti mövsümdə bir komanda aşağı dəstəyə düşəcək, oradan digəri Premyer Liqaya yüksələcək. Nəzərə alsaq ki, neçə ildi reqlament əsasında heç bir komanda Premyer Liqaya yüksəlməyib, bu, nə dərəcədə mümkündür?

- Haqlısınız, amma bu, nə AFFA nə də PFL-dən asılıdır. Hər şey maliyyə ilə bağlıdır. Heç kimi günahlandırmaq olmaz. Yadınızdadırsa əvvəllər demişəm ki, hansısa komanda gəlirsə, hətta qanun pozunusuna yol verib onu Premyer Liqaya buraxmağı boynuma götürürəm. Premyer Liqadan düşən bəzi komandaların dağılmasında AFFA və PFL rəhbərliyini günahlandırırlar. Ancaq bu heç də belə deyil. 

- Tovuz stadionunda işıqlandırma problemləri var. Belədə oyunların günorta vaxtlarına salınması problem olacaq, yoxsa stadionun dəyişdirilməsi nəzərdə tutulub?

- Təkcə işıqlandırmaya görə stadion dəyişdirilməsi düzgün deyil. Belə götürəndə heç "Şamaxı”da da yoxdur. İşıqlandırmaya az pul ayrılmır. Bunu bərpa etsələr düşünün ki, "Turan Tovuz”un yarımillik büdcəsi gedəcək. Ona görə də işıqlandırmanı zamanla bərpa etməlidirlər.

- Hazırda PFL-in rəsmi sponsoru yoxdur. 

- Qızı olan, çölə çıxarmalıdır ki, elçi gəlin bunu alın? Sponsor oldu biz imtina etdik? Hazırda Almaniya şirkətlərnin biri ilə danışıqlarımız davam edir. Ötən mövsüm sponsor vardı. Amma bizə uyğun olmadığına və hansısa səbəblərə görə tərəfimizdən razılıq verilmədi. İndi müəyyən danışıqlar aparırıq, qismət olarsa alınacaq.

- Premyer Liqada komandaların sayının artması rəqabətə nə dərəcədə təsir göstərəcək?

- Əvvəla oyunların sayı artacaq, ikincisi bütün çempionatın Bakıda keçirilməsi maraqları "öldürür”. Komandalar getsinlər rayonları da görsünlər. "Kəpəz”lə "Turan Tovuz” bu il ilk qədəmlərini qoydular. İnanıram ki, növbəti mövsümdə özlərini göstərəcəklər.

- Avrokuboklarda iştirak edən komandaların şansları haqda danışardız. "Qarabağ” "Sürix”i keçə bilərmi? "Nefçi”, "Zirə” və "Qəbələ” nə ilə yadda qalacaq?

- "Qarabağ”ın birinci mərhələni keçə bilməyəcəyini deyirdilər. Sağ olsun Qurban Qurbanov "Lex”in adın dəyişərək, "Lox” etdi, mərhələni keçdi. Digər komandalarla bağlı mətbuatda oxumuşuq ki, keçməlidir. Amma bu futboldur, heç kim 100 faiz fikir söyləyə bilməz. Borcumuz uğurlar arzulamaqdır. Bir də əlmizdən gələn köməkliyi etməliyik. 

- PFL-in prezidenti Ramin Musayevi hazırda futbolumuzda narahat edən əsas məqam nədir?

-  Belə qlobal bir şey yoxdur. Sadəcə, sevindirici haldır k, komandaların sayı artır. Toplarla bağlı problemimiz var. AFFA-nın baş katibi Sərxan Hacıyev söz verib ki, bu, qaydasına qoyulacaq. Hər il olduğu kimi, bu dəfə də toplar AFFA tərəfindən komandalara hədiyyə olunacaq. Sevindirici xəbər budur ki, VAR sistemi ilk turdan fəaliyyətə başlayacaq. Rəhbəri də Türkiyədən gəlmiş böyük mütəxəssis Barış Şimşəkdir. Onun idarətməsin ilə bağlı maraqlandıq. çalışqan insandır, özü də Qaradənizdəndir. Ona köməklik edəcəyik.

- Az öncə qeyd etdiniz ki, alman şirkətlərindən biri ilə danışıqlar aparırsınız. Şərtlər nədir ki, razılığa gələ bilmirsiniz?

- Yəqin düşünürsünüz ki, böyük məbləğ tələb edirik. İndiyə qədər işlədiyimiz şirkətlərlə maraqlana bilərsiniz. Onlarla əməkdaşlığımız olmasa da münasibətlərimiz var. Həmin şirkətlərin işıqlanmasında Peşəkar Futbol Liqasının böyük əməyi var. Həmin rəhbərlər də bunları danmırlar. Əvvəla bütün dünyada maddi problemlər var, bu, bizim günahımız deyil. Keçənilki şirkətə gəlincə, adını çəkməyim düzgün olmaz, amma hamı bilir ki, mən yalan danışmağı xoşlamamışam. Danışıqlar zamanı dediyimiz qiymətlə razılaşırlar. Minimum qiymət deyirik. 70-80 faiz razılıq əldə olunur. Şərtlərini də deyirlər qəbul edirik. Birdən fikirlərini dəyişirlər. Belədə onlara yalvarası deyilik ki. Biz də istəyərik ki, sponsorun ayırdığı pulla geniş proqramlar hazırlaya bilərik. Necə ki, əvvəllər jurnalistləri bölgələrdəki oyunlara aparırdıq. Maraq daha çox idi. 

- Son illər bəzi hakimlərimizi itirdik. Bununla bağlı sizi narahat edən məqamlar vardı?

- "Əcnəbi gəldi, hakimlərimizi dağıtdı” deməklə AFFA-nı  günahlandırmaq lazım deyil. Narahat olmaya bilmərik. Düz deyirsiniz, bəzi hakimlərimizi itirdik. Elə Rəhim Həsənovu götürək, FİFA referisi ola-ola hakimlikdən uzaqlaşdırırldı. Səbəbi də bəlli deyil. Gedənin arxasınca danışmazlar. Amma buna da şükür. Ən azı 2-3 nəfər qaldı. Neyləyək, zamanın elə qərarları olur ki, razılaşmaq məcburiyyətində qalırsan. İndi türk qardaşımız gəldi. Yəqin itirdiklərimizi tapıb gətirər.

- İslam Oyunlarına görə fasilə nəzərdə tutulub?

- UEFA tərəfindən təsdiq olunsa bəli. Olmasa, xeyr.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->