Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxsinə qarşı dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, dələduzluğa məruz qalan 1994-cü ildən 2018-ci il ilədək olan müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif vəzifələrdə çalışan Fikrət adlı şəxs olub.
Fikrət 2018-ci ildə sonuncu dəfə həmin nazirlikdə sektor müdiri vəzifəsində çalışıb. 2018-ci ilin dekabr ayında işlədiyi idarə ləğv edildiyindən özü və əməkdaşları işdən çıxarılıb. Bundan sonra onlar aidiyyəti üzrə yenidən işlədikləri nazirliyə işə bərpa olunmaq üçün bir neçə dəfə müraciət ediblər. O, bir neçə keçmiş iş yoldaşı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerləşdiyi ərazidə - Hüseyn Cavid parkındakı "Yaşıl” adlı kafedə əyləşən zaman yoldaşlarından biri kafedə gördüyü Nəsiman adlı şəxsin nazirə (Muxtar Babayev-red.) yaxın adam olduğunu bildirib.
Fikrət Nəsimanla görüşərək, nazirlikdə işə bərpa olunmasına kömək etməyi xahiş edib. Nəsiman isə Fikrəti nazir Muxtar Babayevlə yaxın münasibəti olmasına inandıraraq, ondan vəzifəsinə bərpa olunması üçün 30 min manat pul alıb. Həmin pulun müqabilində ona 2 ay ərzində nazirlikdə vəzifə veriləcəyini bildirib. Hətta buna Nəsiman nazirliyin binasının qarşısında Fikrətlə bir neçə dəfə görüşərək, yaxın vaxtlarda əmrinin veriləcəyini deyib.
Üzərindən xeyli müddət keçdikdən sonra Fikrət Nəsiman tərəfindən aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma zamanı Nəsimanın Əliheybət İmanov adlı şəxslə birləşərək, Fikrətə qarşı dələduzluq etdiyi müəyyənləşib.
Məhkəmənin hökmü ilə 1965-ci ildə Bakı şəhərində anadan olmuş Nəsiman Zamanov (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 3 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Əhməd
Şərhlər