Hazırda boş qalan millimizin baş məşqçi postuna yaxın vaxtlarda tanış sima gətirilə bilər.
Qaynarinfo-ya bununla bağlı məlumat daxil olub.
Bildiyiniz kimi, bir neçə gün öncə qurumun İcraiyyə Komitəsinə namizədlərin siyahısı açıqlandı və böyük ehtimalla aprelin ikisində keçiriləcək növbəti Hesabat-Seçki Konfransında onların vəzifələri təsdiqlənəcək. Həmçinin AFFA prezidentliyinə yeganə namizəd Rövşən Nəcəfin seçiləcəyi gözlənilir.
Təbii ki, prezident və İcraiyyə Komitəsinin üzvlərinin təsdiqlənməsindən sonra ilk addımlar milliyə yeni məşqçinin təyin edilməsi ilə bağlı olacaq. Bu vəzifənin isə "Sabah”ın sabiq baş məşqçisi Murad Musayevə tapşırılma ehtimalı yüksəkdir.
Onun yenidən Azərbaycana qayıtmasında isə əsas rolu Şimal Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən İcraiyyə Komitəsinə üzv seçilməyə namizədliyi irəli sürülən İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov oynayır. Rusiyalı məşqçinin məhz "Sabah”a gətirilməsində də yaxından rol oynamış Qasımov artıq Musayevlə danışıb və ilkin razılığa gəlinib. İcraiyyə Komitəsinin üzvləri təsdiqləndikdən sonra Musayevin millinin baş məşqçi postuna namizədliyinin irəli sürüləcəyi və ona rəsmi təklif göndəriləcəyi bildirilir.
2021/22 və 2022/23 mövsümlərində Bakı klubuna baş məşqçilik etmiş Musayev Azərbaycana gələndən özünü yaxşı tərəfdən göstərib. Rusiyalı mütəxəssisin gəlişindən sonra "Sabah”ın oyunununda müsbətə doğru irəliləyişlər oldu. Komanda mövsümün əvvəlindən sonuna qədər "Qarabağ”la başabaş mübarizə aparsa da son anda ikinci pilləni tutaraq avrokuboklara vəsiqə qazandı.
Səbuhi Həsənov
Şərhlər