Dövlət Turizm Agentliyinin ləğv edilən Xaçmaz Turizm İnformasiya Mərkəzinin rəisinin ölkədən çıxşına "stop” qoyulub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Xaçmaz Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədovun ölkədən çıxışı borca görə məhdudlaşırılıb. Belə ki, onun rəhbərlik etdiyi qurumun İşsizlikdən Sığorta Fonduna 1.32, Dövlət Sosial Müdafiə Fonduna 2159,88 manat olmaqla, ümumilikdə 2161.2 manat borcu yaranıb.
5 gün vaxt verilməsinə baxmayaraq, direktor yaranmış borcu ödəmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilib. Məhkəmə də işə baxaraq, qərar qəbul edib ki, 1975-ci il təvəllüdlü Vasif Əhmədovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Vasif Əhmədov xəbəri təsdiqləyib: "Mərkəzimiz Agentlik tərəfindən maliyyələşir. Agentliyə məsələ ilə bağlı məktub yazdıq. Mühasibin səhvinə görə pul geri qayıdıb. İndi həmin vəsait Dövlət Turizm Agentliyinin mühasibləri tərəfindən geri qaytarmalıdır. Hazırda bu məsələnin üzərində işləyirlər. Ödəniş təmin olunan kimi, məhdudiyyət götürüləcək".
Direktor 4 gün əvvəl ləğv edilən Xaçmaz Turizm İnformasiya Mərkəzinin işini davam etdirdiyini də deyib: "Mərkəz ləğv edilsə də, işimizi davam etdiririk. Rəhbərlik etdiyim qurumun qarşıdakı günlərdə hansı adla fəaliyyət göstərəcəyi məlum olacaq”.
Qeyd edək ki, fevralın 18-də Nazirlər Kabinetinin qərarı ilə Dövlət Turizm Agentliyi yanında Turizm İnformasiya Mərkəzləri ləğv edilib.
Əhməd
Şərhlər