Xəbər lenti

Monqolların gətirdiyi bayram hədiyyəsi
Amal Abuşov
İdman 13:19 22.03.2024

Monqolların gətirdiyi bayram hədiyyəsi

Bu günlərdə Azərbaycan xalqı özünün ən əziz və sevimli bayramlarından birini qeyd edir. Ölkənin hər yanında Novruz bayramının sevinci yaşanır, yazın gəlişi qeyd olunur. Düzdür, hava şəraiti heç də yazın gəlişindən xəbər vermir, küləklə müşayət olunan yağışın soyuğu adamın iliklərinə qədər işləyir. Olsun, əsas odur ki, təqvimdə bayram günləridir.

Bayram əhval-ruhiyyəsi ilə müşayət olunan tətil günlərində futbol tanrısı da bizə lütf edib. Futbolsevərlər futbolsuz qalmayacaqlar. Artıq dünəndən milli komandaların iştirakıyla qarşılaşmalar keçirilir, futbol sevgisi azarkeşləri ekran başına toplayır. Dünən gürcülərlə qazaxlar tarixlərinin ən vacib oyunlarından birini keçirdilər. Hər ikisi Millətlər Liqasının qrup mərhələsini uğurla keçib, Avropa çempionatının final mərhələsinin bir addımlığına qədər gəlmişdilər. Gürcüstan yığması yarımfinalda qələbə qazandı, azarkeşlərini sevindirdi. Qazaxlar isə yunanlarla görüşə pis start verdilər. Afinada keçirilən oyunda meydan sahibləri rəqibə xeyli ciddi yanaşıb, qazona hədsiz istəkli çıxmışdılar. İlk dəqiqələrdə qazanılan penalti də yunanların çörəyinə yağ sürtdü, qazaxlar ağır məğlubiyyətdən qaça bilmədilər. Hər halda bir vaxtlar bizim də yuxarıdan aşağı baxdığımız Qazaxıstanın futbolda bu səviyyəyə qədər gəlib çıxması böyük uğurdur, bizə qalan isə onlara həsəd aparmaqdır.

Bizimkilər də bu arada işsiz qalmayacaqlar. Bu gün həm əsas yığmamız, həm də 21 yaşadək futbolçulardan ibarət komandamız meydana çıxacaq. Arif Əsədovun müvəqqəti rəhbərlik etdiyi əsas yığma Respublika stadionunda Monqolsutanı sınağa çəkəcək, bu görüşün start fiti saat 20:00-da səslənəcək. Bundan 4 saat əvvəl isə gənclərimiz ingiltərəli həmyaşıdlarının qarşısında ciddi sınaq verəcəklər. Sözün əsl mənasında ağır sınaq olacaq. Adam gözünün önünə gətirəndə belə həyacan keçirir.

Türkiyəli qardaşlarımız 21 yaşadək futbolçulardan ibarət yığmaya "Ümit millisi”, onun futbolçularına isə "ümitler” deyirlər. Bəli, həqiqətən də belədir. Çünki gənc futbolçular ölkə futbolunun gələcəyi hesab olunur, onlara böyük ümid bəslənilir. Məhz onların çıxışına əsasən ölkə futbolunun hansı vəziyyətdə olmasına qiymət verilir. Təəssüflər olsun ki, Azərbaycan futbolunun vəziyyəti elə də yaxşı deyil. 2009-cu ildə keçirilən qarşılaşmada ingiltərəli gənclər komandamızın qapısına 7 cavabsız top vurmuşdu. Həmin vaxt ingilislərin məşqçisi meydan oyunçularından birini əvəzləmiş, onun yerinə ehtiyat qapıçını "döyüşə atmışdı”. Bundan iki il sonra ingilislər bizimkilərə qarşı bir qədər insaflı davranıb, 6 qolla kifayətlənmişdilər. Ümid edirəm ki, "ümidlərimiz” bizim bayram əhval-ruhiyyəmizin çox da korlanmasına imkan verməyəcəklər, qapımızdan az top buraxacayıq.

Amma futbol tanrısı bizə ağrı-acımızı unutmaq üçün əla şans yaradıb. FİFA özündən bir turnir düzəldib, bu turnir çərçivəsində Monqolustan və Tanzaniya yığmalarını Bakıya göndəriblər. Düzdür, qəribə turnirin özündən də qəribə təqvimi üzündən biz Tanzaniya ilə qarşılaşa bilməyəcəyik. Eybi yox, monqollara da şükür. Bu həmin monqollardır ki, Yaponiya onların qapısından 14 top keçirmişdi. Gürcülər isə 6 dəfə Monqolustan yığmasının qapısına yol tapıb. Monqolustan son iki oyunda Əfqanıstana "quru” hesabla uduzub, yəni ki, qol vura bilməyib. Hindistan, Liviya, Vanuatu, Fələstin kimi yığmalar da monqollarla görüşdə çətinlik çəkməyiblər.

Bu yerdə bir məqamı da qeyd edim. Bukmeker kontorları İngiltərəli gənclərin Bakıda Azərbaycan üzərindəki qələbəsinə elə əmindilər ki, qonaqların qələbəsinə əmsal açmayıblar. Eyni hal Azərbaycan – Monqolustan oyunu üçün də keçərlidi, bu görüşdə meydan sahiblərinin qələbəsi mərcbazlara heç nə qazandırmayacaq. Bir sözlə, İngiltərə və Azərbaycan futbolları arasındakı fərq bizimlə monqollar arasında olduğu qədərdir.

Ümid edək ki, bu gün Arif Əsədovun meydana buraxacağı futbolçular da bayram hədiyyəsindən lazımınca yararlanıb, azarkeşləri qələbə ilə sevindirəcəklər. Belə fürsət ələ düşməz, haydı, görək sizin məharətinizi. Vurduğunuz qol olsun, Şeydayev, Dadaşov, Mahmudov...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->