Xəbər lenti

Millimizin keçmiş üzvü:
İdman 18:55 16.08.2023

Millimizin keçmiş üzvü: "Özümü kiməsə abırsız, pis göstərmişəm?"

Klublarımızın avrokuboklardakı macərası davam edir. Bundan əlavə Azərbaycan Premyer Liqasında da yeni mövsümə start verilib və etiraf etmək lazımdır ki, ilk turlarda sürpriz nəticələr də qeydə alınıb. Bəs millimizin və "Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov üçün yeni Premyer Liqa mövsümü və klublarımızın avrokuboklardakı çıxışı necə başlayıb, necə davam edir?

Nadirov Qaynarinfo-ya açıqlamasında həm bu məsələlər ətrafında, həm də hazırkı durumu və işi ilə bağlı danışıb. O, sabiq futbolçu kimi diqqətdən kənarda qaldığına görə də gileyləndi:

"Bizim vaxtımızda, ilk oyunlarda həmişə ehtiyatla oynamışıq. Sonradan getdikcə, komanda öz tempini tuturdu. Amma bu dəfə onu görmədim, eniş yaşadılar. Həminki turnirlər bir başqa idi. Ola bilər "Qarabağ”da oyunçuların gedişindən sonra boşluqlar yaranıb, doldurmaqda çətinlik çəkirlər. Oyunçu qıtlığından da ola bilər. Bu şəxsi fikrimdir, heç kimin işinə qarışmıram”.

Keçmiş hücumçu "Qarabağ”dan bu mövsüm nələr gözlədiyi haqda da fikirlərini bölüşdü:

"HJK zəif deyil. Eşitdiyimə görə Bakıya birbaşa oyun günü gəlmişdilər. Şansları oldu, top dirəkdən qayıtdı. Şahruddin iki seyv etdisə, birində səhv buraxdı. Onu qınamaq istəmirəm. Özüm də futbolçu olmuşam, hansı hissləri keçirdiklərini anlayıram. "Qarabağ”ın mərhələ keçməkdən başqa variantı yoxdur".

Sabiq futbolçu Azərbaycan Premyer Lqiasının yeni mövsümündə onu təəccübləndirən məqamlara da toxundu:
 


"Təəccübləndirən deyəndə, "Araz Naxçıvan” bir oyun uddu, digərində uduzdu. Yeni komandadır. Baş məşqçiləri Azər Bağırovdur. Şans vermək lazımdır. Gənc məşqçidir, komandanı düzəltməyə çalışacaq. "Zirə” iki qələbə qazanıb. Onlar yaxşı nəticə göstərmək istəyirlər. Bu il "Qarabağ”dan daha çox "Sabah”ı favorit kimi görürəm. "Neftçi” də favoritdir, amma tam hazır deyil. Yeni nəfəs gəlib, özü ilə yeniliklər gətirir. "Sabah”la "Neftçi” dayanmadan transferlər həyata keçirir”. 

Vüqarın "Qarabağ”ın transferləri haqda fikirləri belədir: 

"Avrokuboklarda potensiallarını tam "açmadılar”. Zubirə nəsə olub. Əvvəl belə deyildi. Eniş yaşaya bilər. Amma o, daim oynayan futbolçudur. Niyə bu qədər "açıla” bilməməsinin hansısa səbəbləri ola bilər. Bəlkə ailəsində problemlər var. Zubir yoxdursa, digərləri oynamalıdır. Zəncirin bir halqası qırılırsa, heç olmasa obirilər onu dayaq kimi saxlamalıdır. Hər oyun komandaya bir futbolçu liderlik edir. Onu görə bilmirəm ki, kimsə məsuliyyəti üzərinə götürüb qapıya zərbə endirsin. Oyun baxımından lider görünmür. Düzələr, zaman lazımdır. Qurban müəllim təcrübəli məşqçidir”

Nadirov "Səninlə maraqlananlar var” sualına cavabında laqeyidlikdən şikayətləndi, lazımınca qiymətləndirilmədiyini dedi:
 


"Peşəkar klublardan nə təklif, nə də maraqlanan var. Yəqin ki, adamımız yoxdur deyə, irəli gedə bilmirik. Məndə elə bir xasiyyət var ki, kiməsə yaltaqlanıb, qılığına girmirəm. Xoşlamıram belə şeyləri. Həyat quruluşum belədir. Hərənin bir xarakteri var. İndi şükür Allaha, öz əlim, öz başımdır. Nə ağam var, nə də "onu elə”, "bunu elə” deyən. "Baku Sportinq”də dörd il çalışdım. Ordan niyə çıxdım? Bəzi çörək verdiyim insanlar ayağımın altında quyu qazdı. Özü də elə güclü məvacib almırdım. Cəmi 1000 manat maaş alırdım, amma klubu "Baku Sportinq” etmişdim. Samir Ələkbərovu, qapıçılarla işləyən Ramiz müəllimi də mən gətirmişdim o kluba. Sonra problemlər oldu. Gördüm ki, istədiyim olmur. Nə olsun uşaq futboludur, səliqəli görünməliyəm. Nə AFFA-dan, nə klublardan, təkliflər var. Azərbaycan futbolunda can qoymuşam. Xarakterimi də bilirlər. Üzr istəyirəm, sırtıq olmamışam. Amma kənarda qalmışam”.

Hazırda "C" kateqoriyalı məşqçilik lisenziyasına sahib olan Nadirov daha yüksək lisenziyaları da almaq istəyib-istəməməsi ilə bağlı suala belə cavab verdi:

"A”nı, PRO-nu aldım tutaq ki. İş olmayandan sonra… Sən klubda çalışmalısan, kursa göndərməlidirlər. Klubda işləyə-işləyə oxuyub kateqoriya almağa nə var ki? Belə gedişlə nə oxuyum ki? Guya oxuyanlar hamısı professor olub? Futbol oynayıblar? Adam var, gedib "A”nı alıb, amma futbol oynamayıb, Avropa görməyib. Belədə uşaqlara nə öyrədəcək? Əziyyətini, problemlərini necə deyəcək? Futbolçunun özünü meydançada hansı şəkildə aparmalı olduğunu necə başa salacaq?”.

Sabiq hücumçu özəl həyatına qarışanları da tənqid etdi:
 
 
"Deyirlər ki, niyə "TikTok”dan istifadə edirsən? Bu şəxsi həyatımdır. İlhan Mansız mahnı oxuyurdu, başqa futbolçular da var ki, sosial şəbəkədən istifadə edir. Nə olsun? Mən özümü kiməsə abırsız, pis göstərmişəm? Əksinə, hamıya örnək oldum. Hər şeyi yozurlar. Yaxşı, "TikTok”dan əvvəl niyə hansısa kluba dəvət etmirdilər". 

Nadirov hazırda nə işlə məşğul olduğunu da dedi:

"Green City”də uşaq hazırlayıram. Fərdi məşqlər keçirəm. Şükür inkişaf, hər şərait var. Elə bil ki, Antalyada təlim-məşq toplanışındasan. Qalmağa yeri, yeməkxanası, fitness zalı, çöl və içəri hovuzu, böyük stadionu var. Sonra deyirlər ki, meydança yoxdur. AFFA-ya niyə zəng vurum? Zəng vuranda telefonu elə götürürüb cavab verirlər ki, guya bunlardan yoxdur. Biz can qoymuşuq, siz nə etmisiniz? Söhbət bəzilərindən gedir, yaxşılara can qurban”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->