Xəbər lenti

Mart qırğını, dərd qırğını
Məqsəd Nur
Ölkə 12:28 31.03.2024

Mart qırğını, dərd qırğını

Bu barədə bir neçə dəfə, hətta bir hekayəmdə yazmışam. Tarix və yaddaş ona toxunanda  canlanır. Kaş ki, sonuncu toxunuşum olsun. Amma bəzən unutmaq istəsən də, özü fırlanıb gəlir ki, mən də varam...

Bir  erməni vardı, Qurgen, Kəlbəcərdə ev damlarına dəmir çardaq vururdu. Deyilənə görə, ondan başqa ərazidə dəmirvuran yox idi. Axı o vaxtlar evlərin üstü ya torpaq idi (sən demə, insan üçün ən faydalısı), ya da ən yaxşı halda şifer (ən yaxşısı da zərərli radiasiyalarla dolu tikinti materialı). Şiferi dolu deşirdi, torpağı isə kolxozun hesabına müasirləşmiş kənd əhli ta bəyənmirdi. Üstəlik, indiki kimi, dəb dəbi gətirdiyinə görə bəhsəbəhs düşmüşdü: əvvəl şifer vurduranlar indi dəmir damlarla evlərinə zahiri əzəmət verməyə çalışırdılar. Yay çıxmamış evin üstü dəmirlənməli idi, çünkü yağış mövsümü başlasa, Qurgeni çağırmağın mənası yox idi. Qurgenin bircə gün, bircə saat boş vaxtı qalmırdı. Sifarişlər o qədər çoxalmışdı ki,  işlədiyi evdə yatıb-durur, yemək yeyir, hətta hamamlanırdı. Qurgen bizim evdə də işləməli oldu. 

Təxminən 1975-ci ilin yayından danışıram. Mən və qonşu uşaqlar Qurgenin ictimai köməkçilərinə və yaxın dostlarına çevrildik. O bizi ən həvəsləndirici işlərə buyururdu: mişarı gətir, mismar ver və sair. Həm işləyir, həm də  o qədər əylənirdik ki, bəzən dərs də yaddan çıxırdı. Üstəlik, zarafatları ilə  bizi güldürürdü. Qurgenin kənddən gedəcəyi günü təsəvvür etmək istəmirdik. O günədək ki, nənəm yaylaqdakı işlərini yarımçıq qoyub bizə gəldi... O gün mənim də, yəqin, elə qonşu uşaqların da zehnində sanki zəlzələ baş verdi. 

Nənəm anamın və bacılarımın üstünə deyinərək, Qurgenin yemək yediyi qab-qacağın bir qismini vurub sındırdı, bir qismini çölə atdırdı, sonra da evdə nə qədər qab-qacaq varsa, salavatdan keçirib bir-bir yudurtdu. O qabların şaqqıltısı və nənəmin səsi hələ də qulağımdadır. Bir də  təndirxananın yanında oturub kinayəli təbəssümlə nənəmin hərəkətlərini izləyən Qurgenin qorxunc baxışları. İllər sonra bildim ki, bu cür hadisələr Qurgenin başına digər bir neçə evdə, digər nənələrin əli ilə də gəlibmiş. Bu azmış kimi, nənəm məni və qonşu uşaqlarını yığıb xəbərdarlıq etdi: 
-Ermənidən uzaq durun! 

Tarix kitablarını oxuyanadək nənəmdən çox şey öyrənə bildim. Hələ nənəm sağkən məlum oldu ki, Qurgen kəndin müəyyən yerlərinə erməni xaçları basdırırmış. Bunu eşidəndə heç təəccüblənmədi, hətta elə bil Qurgeni tamamən unutmuşdu. Halbuki, 1918-ci il qırğınlarına şahid olmuşdu və bu yazıda təsvir etmək istəmədiyim qəddarlıqlar barədə elə təmkinlə danışırdı ki, gənc qəlbim şiddətlə döyünürdü. 

Ondan eşitdiyim son mülahizələr isə dəhşətli idi: 1932-ci ili xatırlayırdı, xüsusi NKVD vzvodunun yaylaqda törətdiyi vəhşilikləri də eləcə sakit bir təhkiyə ilə təsvir edir, hətta bəzən gülümsünüb fikrə gedirdi. Bir dəfə isə dərindən köks ötürərək dedi:

-Ermənilik bir iş yoxdu, nə elədisə, ağqulaqlar elədi...  

O vaxtlar mən pioner idim. Hə, bir də onu xatırlayıram ki, biz şəhərə köçəndən sonra, beşinci sinifdə, musiqi məktəbində oxuyarkən, bir Edik vardı, o da nağara sinfində oxuyurdu, anası onu məcbur edirdi ki, mütləq nağaraçı olmalıdır, o isə nağaranın əlindən evdən qaçacağını bizə deyirdi. Çünki hamı nağaraçalan erməni görəndə gülürdü. 

Eynilə Şuşada, "İsa bulağı"na gələn turistləri əyləndirmək üçün kamança çalıb pul qazanan ermənini görənlər kimi, Edikə də eləcə gülürdülər. Bu, təxminən ona bənzəyirdi ki, bu gün "facebook"-da bir saz ustasının videosunu görürsünüz və o usta düzəltdiyi sazı sınaqdan çıxarmaq üçün dınqıldatmağa başlayır və elə ifa edir ki, az qala deyəsiniz: 

-Bu ki lap Aşıq Ədalətdir!

Əlbəttə, sonra fikirləşirsiniz ki, bu usta heç vaxt Aşıq Ədalət ola bilməz. Bax, Edik də bilirdi ki, o heç vaxt nağaraçalan ola bilməyəcək.
 
...Əminəm ki, dərdlərin də qırıldığı illər, günlər, hətta məqamlar olur. Qarabağa döndüyümüz anlar kimi. Beləcə, bizi daxilən və zahirən qırıb-çatan dərdlərimizi, nisgili bir-birinin ardınca yaddaşımızda qıraraq unutmağa,yenilənməyə əsas verir. 

Əgər "Mart çıxdı, dərd çıxdı” deyiriksə, ağlımızdakı mart qırğını da dərd qırğınına dönsün. 

Sonda isə yazılarını xüsusi maraqla izlədiyim yazar, politoloq Asif Nərimanlıya bircə sualım var: Əgər Rusiya Ermənistanı tamamən xəritədən silib o ərazidə Kalininqrad kimi anklav yaratmaq istəsə, necə olacaq?

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->