Xəbər lenti

Kim bilmir ki, əksər QHT-lər büdcələri şişirdir?!
Sevda Sultanova
Sənət 21:35 03.03.2024

Kim bilmir ki, əksər QHT-lər büdcələri şişirdir?!

Ötən il "Ədəbi iztirab” adlı bir "QHT filmi”nə baxıb sərt tənqid etmişdim. "Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır?” adlı məqaləmdə filmin bütün problemli məqamlarını göstərmişdim.
 
Üstəlik, layihəyə 10 min manat ayrıldığı halda, müəllif filmə bəlkə heç 1000 manat da xərclənməmişdi. Yazım xeyli rezonans yaratdı, məsələ böyüdü. Nəticədə QHT-lərə Dövlət Dəstəyi Agentliyi həmin "sənədli film”i qəbul etməkdən imtina etdi və bu QHT-yə iki il müddətində müsabiqələrdə iştiraka qadağa qoyuldu. Təzəlikcə oxudum ki, həmin QHT sədri Esmira Orucova QHT-lərə Dövlət Dəstəyi Agentliyini sənədli filmlər üçün maliyyə ayırmağa görə tənqid edir və məhz başqa layihələrə diqqət verilməsi təklifini irəli sürür. Halbuki, dövlət büdcəsi hesabına keyfiyyətsiz məhsulu özü çəkmişdi və kino sənayesindən bixəbər olan bu xanımdan sənədli film çəkmək xahiş olunmamışdı. Esmira Orucovanın sədri olduğu QHT "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi adlanır. Əslində, bu ad altında çox yaxşı işlər görmək olardı, amma təəssüf ki, reallıq əksini deyir...
 
Mövcud mənzərəni görəndə əmin olursan ki, bu layihələri reallaşdıran bır sıra QHT-ləri ali məqsədlər qayğılandırmır, onların əsas niyyəti layihə adı altında dövlətdən maliyyə mənimsəməkdir. Baxdığım analoji filmlərdə məni bir vətəndaş kimi (kinotənqidçiliyimi kənara qoyuram) qəzəbləndirən, pul ovuna çıxan QHT-lərin müqəddəs sayılan dəyərləri – "şəhid” adını manipulyasiya etmələridir. Yəni şəhidlər haqqında çəkilən əksər filmlərin özündə heç bir ekran, kino mədəniyyətini ehtiva etmədiyini, şəhid taleyinə məsuliyyətsiz, hörmətsiz yanaşmanı nəzərdə tuturam.
 
Və ya "Əsgər Ailələrinə Dəstək İctimai Birliyi” adı özündə nəzəri olaraq mənəvi dəyərləri daşıyır. Lakin bu QHT-nin sədri Mətanət Əsgərqızının hüquqa zidd, şantaj intonasiyasındakı paylaşımları rəhbəri olduğu qurumun adı ilə tərs mütənasibdir. Onun bugünlərdə yaydığı- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoruna aid olduğu iddia edilən səsyazısını dinlədim. Birincisi, indiki texnologiya, audioproqramlar əsrində səsin məhz deyilən şəxsə aid olması şübhəlidir, ikincisi, həmin şəxsdirsə də, onun kiminləsə şəxsi söhbətində səsləndirdiyi hansısa fikirləri iznsiz yaymaq, ictimailəşdirmək ciddi qanun pozuntusudur və vətəndaşın şəxsi həyatına müdaxilədir. O, bu sözləri rəsmi tədbirdə, QHT-lərlə ictimai müzakirələrində yox, kiminləsə şəxsi söhbətində deyir. Şəxsi söhbətlərdə isə hamımız o qədər şeydən danışırıq ki... Audioda QHT-lərin layihə büdcələrini xeyli şişirtməsindən söhbət açılır və adam deyir ki, QHT-lərə mümkün qədər güzəşt olunur, olunmasa, daha az vəsait almalı olardılar. Amma məsələ elə təqdim edilir ki, sanki icraçı direktor Agentlikdəki yeyintidən danışır.
 
Bütün hallarda əksər QHT-lərin büdcələrini şişirtməsi məlumdur. Ona görə yaxşı olardı ki, Agentlik bundan sonra QHT layihələrini daha ciddi yoxlasın və büdcəni şişirdən layihələrə qadağa qoyulsun. Çünki yeyinti məhz bu cür QHT-lərdə baş verir ki, onlara ciddi nəzarət olunmalıdır.
 
Ümumiyyətlə isə dövlət QHT sektorunun nüfuzuna xələl gətirən, hədə-qorxu tonunda danışan "reket QHT”lərin fəaliyyətinə qanun çərçivəsində münasibət bildirməlidir. Şəxsi söhbəti QHT sədrinə ötürən şəxs də, onu sosial platformada ictimailəşdirən kəs də hüquqi məsuliyyət daşıyır və bunu tirajlamaqda cinayət tərkibi var.
 
Məlum səsyazısı başqa bir məsələni də aydınlaşdırır: demək ki, QHT sektorunda həqiqətən ciddi islahatlar başlayıb, Agentlik "reket QHT”lərin əsas müftə pul gələn damarını taparaq yaxşıca sıxıb. Son zamanlar aparılan işləri izləyəndə aydınlaşır ki, dövlətin ayırdığı pullar daha boş-boşuna havaya sovrulmayacaq.
 
Bu günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün qalib qrant layihələrini elan edəcəyi və nəticələrdə bu sahədə aparılan islahatların təsirinin aydın görünəcəyi gözlənilir. Ona görə bəzi QHT-lərin küyçülüyü anlaşılandır. Kənar müşahidəçi kimi deyim ki, narahat QHT-lərin sosial şəbəkələrdə bu sahədə aparılan islahatlara dözümsüzlüyünə, psixoloji təzyiqlərinə, hədələrinə baxmayaraq, proses dayanmır, dövlətin bununla bağlı siyasi iradəsi aydın sezilir, səbr və təmkinlə diqqət əsas məqsəddən yayındırılmır və bu yolda qətiyyət nümayiş etdirilir. Artıq bu sektorda müsbət təşəbbüslər və real işlər hiss olunmaqdadır. Belə görünür ki, "reket QHT”lərin hədə və iftiraları nəticəsiz qalacaq.
 
Sevda Sultanova

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->