Xəbər lenti

İran XİN rəsmisi Azərbaycanı niyə dəstəkləyib? (ŞƏRH)
Siyasət 18:15 20.09.2023

İran XİN rəsmisi Azərbaycanı niyə dəstəkləyib? (ŞƏRH)

"İran XİN rəsmisinin Azərbaycanı dəstəkləyən bəyanatının Sergey Şoyqunun Tehrana səfərilə əlaqələndirilməsində hər hansısa bir əlaqə görmürəm”.
 
Bunu Qaynarinfo-ya konfliktoloq Üzeyir Şəfiyev İran XİN-nin rəsmisi Naser Kənaninin Azərbaycanı müdafiə edən son açıqlaması ilə Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri arasında bağlılıq olub-olmaması ilə bağlı fikirlərə aydınlıq gətirərkən deyib.

Konfiliktoloq bildirib ki, İran XİN rəsmisinin sözügedən bəyanatında iki məqama xüsusi diqqət yetirməliyik:

"Şoyquya qədərki dövrdə də İranın mövqeyi eyni idi. İranın naeahat olduğu məqam Zəngəzur dəhlizilə bağlıdır. Həmin bəyanatda İranın XİN-i  Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Halbuki Bakı yaratdığı yeni reallıqlar fonunda Dağlıq Qarabağ ifadəsinin artıq arxivə atıldığı, həmin ərazinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu adlandırıldığını dəfələrlə bəyan edib”.

Ekspert bildirib ki, İran bəyanatda Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiyini vurğulayıb:

"Amma bununla belə, oradakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin dialoq yolu ilə tənzimlənməsinə də aksent ediblər. Ona görə də bəyanatı düzgün oxumalıyıq".

Ekspert əlavə edib ki, 44 günlük savaşdan əvvəl İran XİN rəhbəri Cavad Zərif də Azərbaycanın ərazi bütövlüyünü qəbul edirdi:

"Ancaq o da xalqların müqəddəratı məsələsini daha çox qabartmağa çalışırdı. Bu baxımdan, İranla Rusiyanın məsələyə münasibətdə mövqeləri çox yaxındır. Hər ikisi Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, ərazini Dağlıq Qarabağ kimi təqdim edirlər. Eyni zamanda, ərazidə təhlükəsizlik və hüquq təminatını status səviyyəsində qoymağa çalışırlar”. 

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani brifinqdə Tehranın Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıdığını bildirərək, bölgədəki məsələlərin, o cümlədən əhalinin hüquq və təhlükəsizliyinin bu çərçivədə həll edilməli olduğunu söyləyib. O vurğulayıb ki, İran regionda baş verən hadisələri diqqətlə izləyir və tərəfləri sülhə dəvət edir. Eyni zamanda, həmin dövrdə Rusiya müdafiə naziri Sergey Şoyqu Tehranda səfərə gəlib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->