"Qeyri-ciddi bəyanatdır və sadəcə olaraq erməni seçicilərinin səsini toplamaq üçün edilən uğursuz cəhddir”.
Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ prezidentliyinə namizəd Kamala Harrisin erməni icması ilə görüşdə ermənilərin Qarabağa qayıtmasına çalışacağı vədini şərh edərkən deyib.
"ABŞ-da daha çox səs toplamaq üçün prezidentliyə namizədlər müxtəlif vədlər verir. O cümlədən, mümkün olmayacağını bilə-bilə vəd verirlər. Kamala Harris yaxşı bilir ki, Azərbaycan özünün suveren hüquqlarını bərpa edib. Azərbaycan erməni icmasına dəfələrlə ərazidə qalıb, Azərbaycan vətəndaşlığını qəbul etmək, cəmiyyətimizə inteqrasiya olunmağı təklif edib. Amma bununla belə ermənilər özləri könüllü getdilər. Bu gün də onlar geriyə ancaq və ancaq azərbaycanlılar yaşamayan Qarabağ bölgəsinə qayıtmaq istədiklərini həyasızcasına iddia edir. Harris onları hansı formada qaytaracaq? Azərbaycana ABŞ qoşunlarını göndərəcək, yoxsa Ermənistanı özlərinin yeni ştatı kimi, federasiya sıralarına qəbul edəcək? Harris seçilə də, seçilməyə də bilər. Amma Azərbaycan öz hüquqlarını bilir və bütün məsələlərdə beynəlxalq hüquqa və Konstitusiyaya əsaslanır”, deyə Aydın Mirzəzadə bildirib.
Politoloq Tural İsmayılov isə qeyd edir ki, Harris bu hərəkətilə ABŞ-da demokratların namizədi qismində həmin partiyanın xarici siyasət yanaşmasını işfa etmiş olur:
"ABŞ-ın fərqli coğrafiyalarda başqa ölkələrin işinə qarışmaq tendensiyası demokratların hakimiyyəti dövründə daha geniş vüsət alıb. Harris seçilərsə, onun dövründə də belə olacağı görünür. Amma ABŞ-dakı seçkilərdə Trampın qalib gəlməsi ehtimalı daha realdır. Harris və erməni lobbisinin təsiri altında olan konqresmenlər bir reallığı unudur ki, ermənilərin Qarabağdan hansısa bir formada çıxarılmasından söhbət getmir. Onlar özləri könüllü şəkildə Qarabağı tərk edib. Hazırda da Xankəndidə erməni əsilli Azərbaycan vətəndaşları var”.
O bildirir ki, Qərbi Azərbaycandan zorla departasiya edilən azərbaycanlıların taleyilə bağlı isə Paris və Vaşinqton indiyə qədər bir mövqe ortaya qoymayıb:
O baxımdan hesab edirəm ki, Harris timsalında bir çox şəxslərin Azərbaycana hansısa məsələdə ağıl öyrətmək lüksü ola bilməz. Nəzərə almalıyıq ki, ermənilərin Qarabağa qaytarılması kimi məsələləri gündəmə gətirmək Cənubi Qafqaz regionuna gərginlik gətirir, sülh müqaviləsini gecikdirir. Eyni zamanda, bu Ermənistanın daha da azğınlaşmasına səbəb olur”.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində Amerikanın erməni icması ilə görüşdə "Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edərək, onları Qarabağa qaytarmağa çalışacağına söz verib.
Rüfət Sultan
Şərhlər