Niderland kəşfiyyat xidməti Ukraynada hərbi cinayətləri araşdıran Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə saxta adla sızmağa çalışan rusiyalını ifşa etdiyini açıqlayıb.
Kəşfiyyat rəhbəri Erik Akerbum jurnalistlərə bildirib ki, həmin şəxsin adı Sergey Vladimiroviç Çerkasovdur. O, aprel ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsində təcrübə keçmək məqsədilə Braziliya vətəndaşı kimi Niderlanda daxil olmağa çalışıb.
"Bu, çoxlu vaxt, enerji və pula başa gələn uzunmüddətli, çoxillik BKİ (Rusiya Federasiyası Baş Qərargah yanında Baş Kəşfiyyat İdarəsi-red.) əməliyyatı olub", deyə kəşfiyyat rəhbəri bildirib.
"Reuters” Niderland Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin bəyanatına istinadən yazır ki, Viktor Müller Ferreyra təxəllüsü ilə tanınan şəxs Niderlandın hava limanında saxlanılıb. Agentlik əlavə edib ki, o, növbəti reyslə Braziliyaya geri göndərilib və burada o, məhkəmə araşdırması ilə üzləşəcək.
"Bu, bizə rusların nə işlə məşğul olduğunu açıq şəkildə göstərir – onlar Beynəlxalq Cinayət Məhkəməsinin məlumatlarına qanunsuz giriş əldə etməyə çalışırlar. Biz bunu yüksək səviyyəli təhlükə kimi təsnif edirik”, deyə Akerbum əlavə edib.
Nizami Bağırov
Şərhlər