Xəbər lenti

Güc nazirlikləri üzərində nəzarətə yiyələnən Şoyqu Putinin varisi olacaqmı? (ŞƏRH)
Dünya 18:02 13.05.2024

Güc nazirlikləri üzərində nəzarətə yiyələnən Şoyqu Putinin varisi olacaqmı? (ŞƏRH)

"Sergey Şoyqu Vladimir Putinin varisi olmayacaq. Varis ya xüsusi xidmət orqanlarının nümayəndəsi, ya da bu quruma yaxın olan bir şəxs olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu "Turan" İformasiya Agentliyinin direktoru Mehman Əliyev Vladimir Putinin ölkənin güc strukturlarında etdiyi radikal dəyişikliyi şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, Şoyqunun müdafiə naziri vəzifəsindən çıxarılıb, Təhlükəsizlik Şurasının katibi gətirilməsinin gələcəkdə Putinin varis olması kimi qələmə verilməsi doğru yanaşma deyil:

"Bu da onunla bağlıdır ki, Şoyqu rus deyil. Digər tərəfdən, Şoyqu cəmiyyətdə populyar şəxs də sayılmır. Ukrayna müharibəsi də onu xeyli nüfuzdan salıb. Ona görə də çətin ki, Şoyqu Putinin varisi olsun. Varis Putinin öz ətrafından olacaq. Bu da ya xüsusi xidmət orqanlarının nümayəndəsi, ya da onun şinelindən çıxan biri olmalıdır". 
 
 

Həmsöhbətimiz baş verən dəyişikliyin Şoyqunun vurulması kimi dəyərləndirilməsinin də doğru olmadığı qənaətindədir:

"Rusiyada təmizləmə gedir, vəzifələrə yeni adamlar gətirilir. Əslində, bu belə də olmalı idi. Şoyqu hakimiyyətdən tam uzaqlaşdrılmayıb. Bir vəzifədən digərinə keçirilib. Belə olan halda baş verən dəyişikliyi onun vurulması kimi qəbul etmək olmaz. Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin olunması o deməkdir ki, Putin onu yanında saxlamaqda maraqlıdır". 

Ekspert bildirib ki, Şoyqu Təhlükəsizlik Şurasının katibi kimi, faktiki olaraq müdafiə nazirliyi daxil olmaqla bütün güc nazirlikləri üzərində Prezident adminstrasiyasının nəzarətini həyata keçirən şəxs olacaq. 

Andrey Belousovun müdafiə naziri təyin olunacağı barədə məlumatlara gəlincə, həmsöhbətimiz bu təyinatın ordunun təchizat və təminatının yaxşılaşdırılmasına xidmət edəcəyini düşünür. 

Qeyd edək ki, növbəti dəfə Rusiya prezidenti postunu tutan Vladimir Putin yeni hökumətin formalaşması ilə əlaqədar güc strukturlarında radikal dəyişikliklərə gedib. Mayın 12-də Putin 2012-ci ildən müdafiə naziri olan Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında fərman imzalayıb. Putinin digər fərmanı ilə 2008-ci ilin mayından bu vəzifədə çalışan Nikolay Patruşev "başqa işə keçməsi ilə əlaqədar” vəzifəsindən azad edilib. Putin Nazirlər Kabineti istefaya getməzdən əvvəl baş nazirin birinci müavini vəzifəsində çalışmış Andrey Belousovun yeni müdafiə naziri təyin edilməsini təklif edib. Bildirildiyinə görə, onun namizədliyinə Federasiya Şurası mayın 13-14-də baxacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->