Xəbər lenti

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?
Ekonomiks 12:06 27.11.2024

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

Yeni dərs ilinin başlamasından sonra da kirayə mənzil bazarında canlanma davam edir. Əmlak ekspertləri Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildiriblər.

"Mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalıdır və gəlir vergisi bəyannaməsi verməlidir”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı danışarkən bildirib.

"Ancaq biz praktikada nəyi müşahidə edirik? Bu hallar uçota durmaq baxımından onlara çətinlik yaratdığından bir növ həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirib çıxarır. Bu baxımdan belə bir şərait yaradılır ki, mənzilləri kirayəyə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilsinlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqdır”, - Baş İdarə rəisi əlavə edib.

Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıb. Əgər evin sahibi hüquqi şəxsdirsə, kirayəçi fiziki şəxsin vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq kirayə haqqından ödəmə mənbəyində vergi tutulmur. Bu halda hüquqi şəxs olan evin sahibi kirayə haqqının 20 faizi məbləğində mənfəət vergisi ödəyir. Başqa sözlə, 400 manatın 80 manatını vergi olaraq ödəməli olacaq. Bir sözlə, evin kirayə verilməsinə görə vergi onun sahibinə çatacaq vəsait hesabına ödənməlidir. Lakin təcrübədə əksər hallarda tərəflər öz aralarında razılaşaraq vergidən yayınmağa çalışırlar. Aydın məsələdir ki, ev sahibi vergi ödəməli olacaqsa, bu, kirayə haqqına təsirsiz ötüşməyəcək.    

Məlumat üçün bildirək ki, oktyabr,  noyabr aylarında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə olunub. Xüsusilə tələb olunan mənzil növləri üzrə artım daha yüksək olub. Ümumi tendensiyalara əsasən, 1 otaqlı mənzillər ayda 250-400 AZN, 2 otaqlı mənzillər 400-700 AZN, 3 otaqlı mənzillər isə 600-1500 AZN arasında dəyişir.

Dəllallar bizimlə söhbətdə bildirib ki, oktyabr ayında qiymətlər nisbətən sabit olsa da, noyabrda artım daha çox özünü göstərib. Bunun səbəbləri kimi keçirilən beynəlxalq tədbirlər, iqtisadi inkişaf və Bakıya axının artması göstərilir. Eyni zamanda şəhər mərkəzində qiymətlərdə artım daha çox müşahidə olunur, mərkəzdən kənar ərazilərdə isə sabitlik qalır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı "Yeni Müsavat”a deyib ki, böyük şəhərlərdə, xüsusilə Bakıda mövcud olan daşınmaz əmlakların böyük hissəsi kirayə verilmək məqsədilə alınır: 

"Kirayə verilən əmlaklar təkcə mənzillər deyil, həmçinin bütün daşınmaz əmlaklar sırasında olan qeyri-yaşayış obyektlərinin 90 faizdən artığı  müxtəlif şəxslərə kirayə verilir. Aylıq kirayə qiymətlərinə baxsaq, qiymətlərdə daima artım müşahidə olunur. Təkcə paytaxtda on minlərlə mənzil kirayə verilir ki, bu mənzillərdə qalanların böyük bir hissəsi tələbələr, bölgələrdən gələnlər, həmçinin paytaxt sakinlərinin özləridir. Əksər hallarda kirayə verilən mənzillər vergiyə cəlb olunmur. Buna əsas səbəb onların bağladıqları kirayə müqaviləsi alqı-satqı ofisləri tərəfindən bağlanmasıdır. Alqı-satqı ofisləri əgər rəsmi formada fəaliyyət göstərirsə, onlar öz əldə etdikləri gəlirdən vergi verirlər. Lakin mənzil sahibləri əldə etdikləri kirayə pullardan əksər hallarda vergi ödəmirlər. Buna müxtəlif səbəblər var. Səbəblərdən bəziləri vətəndaşların bir hissəsinin bundan məlumatsız olmasıdır. Məlumat olmadığına görə vergi uçotuna dayanmır və vergi ödəmirlər. Vergilərin 14 faizi kirayə verən və kirayə götürənin qarşılıqlı razılaşması əsasında öz aralarında müqavilə formasında bağlanılır. Bu müqavilə rəsmi hüquq daşımır.  Mənzil sahibi aldığı kirayə pulunun 14 faizini vergiyə ödəyərsə, bu, birmənalı olaraq kirayə mənzil bazarında yeni qiymət artımına gətirib çıxaracaq. Yəni kirayə mənzillərin aylıq kirayə qiymətlərində yeni qiymət artımına gətirib çıxaracaq”.

Ekspert əlavə edib ki, vətəndaşların bu sahəyə könüllü formada cəlb olunması üçün faiz dərəcəsinin aşağı düşməsi insanları bu sahəyə cəlb edə bilər: 

"Çünki bir vətəndaş mənzilini kirayə verib, gəlir əldə edib rəsmi olaraq vergi ödəyirsə, gələcəkdə bu şəxslər müxtəlif bank kreditlərindən öz gəlirlərini göstərib kreditlər əldə edə bilərlər, yaxud digər sahələrdən yararlana bilərlər. Həmçinin mənzil sahibləri kirayə götürdüyü mənzilin pulunu bank vasitəsilə qanuni formada ödəyirsə, gələcəkdə onlar da hər hansı bir əmlakın alınması ilə bağlı alətlərdən istifadə edə bilərlər, onların ödəmələrdəki gecikmələrinin olmaması kredit şərtlərindən yararlanmağa şərait yarada bilər. Bu sahədə vətəndaşlarla müxtəlif maarifləndirmə işləri aparmaq lazımdır. Əgər kütləvi surətdə vergiyə cəlb olunacaqlarsa, vergilərin 14 faiz yerində qalması kirayə mənzil bazarında qiymət artımına gətirib çıxara bilər. Təbii ki, əgər faiz dərəcəsi aşağı enərsə, bu, qiymət artımına səbəb ola bilməz”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->