Xəbər lenti

Elmidar Əliyev:
Ölkə 17:13 29.12.2023

Elmidar Əliyev: "Nəsimi Nəsibov Muxtar Babayevin tapşırığı əsasında məni həbs etdirməyə çalışır"

Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Bu barədə Qaynarinfo-ya baş redaktorun özü bildirib. Onun sözlərinə görə, şikayətçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovdur. 

Elmidar Əliyev bildirib ki, məhkəməyə verilməsinin səbəbi Masallı, Cəlilabad, Yardıml meşələrində ağacların kütləvi şəkildə kəsilməsi barədə yazdığı yazılardır. 

"Bundan əvvəl də məhkəməyə verilmişəm. Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov yazdığım yazırlarla bağlı təkzib verməyim və 1500 manat cərimə olunmağım barədə qərar çıxarıb. Halbuki yazılan məqalələrin hər birində foto və video faktlar əksini tapmaqla bərabər, şahid ifadələri də var. Bu baxımdan, hakimin qərarını ədalətsiz hesab edirəm. Təsəvvür edin, bu qərardan apellyasiya şikayəti verməyə macal tapmamış ikinci dəfə xüsusi ittiham qaydada məhkəməyə verilmişəm. Məqsəd məni susdurmaq üçün həbsimə nail olmaqdır", deyə baş redaktor əlavə edib. 
 


Elmidar Əliyevin fikrincə, işin arxasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dayanıb: "Nəsimi Nəsibov Muxtar Babayevin tapşırığı əsasında məni həbs etdirməyə çalışır".

Elmidar Əliyev hesab edir ki, hakim Atabəy Kiçibəyov ona qarşı qərəzlidir: "Səbəb isə odur ki, Atabəy Kiçibəyovun qanunsuz əməlləri ilə bağlı əsaslı şübhələrimi dəfələrlə mediada işıqlandırmışam və bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciətlər göndərmişəm. Təkcə bir faktı qeyd edim ki, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarların Apelyasiya Məhkəməsi tərəfindən ləğv olunması barədə xəbər ilk dəfə Aztoday.az saytında yayımlanıb. Həmçinin Atabəy Kiçibəyovun çıxardığı əsassız qərarları ilə bağlı şikayət verib, növbəti məhkəmə instansiyalarında ləğvinə nail olmuşam". 

Baş redaktor deyib ki, birinci məhkəmənin nəticəsi ilə əlaqədar növbəti ilin ilk iş günlərində apellyasiya şikayəti verəcək: 

"Apelyasiya mərhələsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin şahid kimi dindirilməsi tələb olunmaqla yanaşı, direktorun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsi tələb oluncaq".

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->