Xəbər lenti

Elçin Şıxlı: “Azərbaycanda Rusiya hərbi bazası yaradıla bilməz”
Siyasət 12:16 23.11.2023

Elçin Şıxlı: “Azərbaycanda Rusiya hərbi bazası yaradıla bilməz”

"Rus qoşunları Gümrüdən çıxırsa, bizə nə dəxli var? Onların Azərbaycana gəlməsi Ana Yasamıza ziddir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı rusiyalı ekspert Stanislav Tarasovun fikrini şərh edərkən deyib.

Elçin Şıxlı bildirib ki, Kremlə yaxın ekspertlərin bu məsələ ilə bağlı açıqlamalarına inanmır:

"Tarasov burada ehtimal irəli sürüb, özü də mənasız fikirlər səsləndirib. Rusiya qoşunları Gümrüdən çıxır və ya çıxmır, bunun bizə dəxli yoxdur. Azərbaycanda Rusiya hərbi bazasının yerləşdirilməsi Ana Yasamıza ziddir. Bunun üçün Konstitusiyamızı dəyişdirməliyik ki, ruslar gəlib burada rəsmi şəkildə bazalarını yerləşdirsin. Ona görə də Tarasovun açıqlamasını ciddi qəbul etmirəm. Hərbi baza adı altında ölkəmizdə hər hansı bir xarici dövlət heç nə yerləşdirə bilməz". 
 


Həmsöhbətimizin fikrincə, Tarasovun açıqlaması əslində aranı qızışdırmağa, Bakını Qərbə qarşı qoymağa hesablanmış addımdır:

"Qərbin Azərbaycana təzyiq etmək cəhdləri Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına yönəldilib. Ona görə də belə bir ictimai rəy yaratmaq istəyirlər ki, Rusiya qoşunlarını Ermənistandan çıxartsalar belə, onsuz da Moskva Cənubi Qafqazda qalacaq. Sadəcə, Gümrüdən çıxıb bu dəfə Kürdəmirə gələcəklər. Burada məqsəd ictimai rəyi çaşdırmaqdır”. 

Qeyd edək ki, rusiyalı politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə yerləşəcəyini bildirib. O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır:

"Əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir. Ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idilər, amma Putin Bakı iləişləməyə başladı. Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->