Xəbər lenti

Dirilən, yoxsa ölən Avropa?..
Hüseynbala Səlimov
Siyasət 11:12 26.08.2024

Dirilən, yoxsa ölən Avropa?..

Bu günlərdə belə bir xəbər yayıldı ki, Avropa İttifaqı, nəhayət ki, beş ildən sonra olsa da, Türkiyəni Birliyin xarici işlər nazirlərinin altı aydan bir keçirilən qeyri-formal görüşünə dəvət edib. 

Rəsmi Ankara bunu onunla izah etdi ki, Avropa İttifaqı Türkiyənin regionda və dünyada artan rolu ilə hesablaşmaq məcburiyyətindədir. 

Olsun. Burada prinsipcə, pis bir şey yoxdur – siyasət tarixən real maraqlar üzərində qurulub və siyasətdə irreal – "platonik sevgiyə” çox nadir hallarda təsadüf edilir, çünki dünyanın ən siyasətbaz xalqı olan ingilislər çox gözəl deyiblər ki, dövlətlərin əbədi dostları yox, əbədi maraqları olur. 

Həm də, necə deyərlər, hər məsələdə çubuğun iki ucu olur – belə ki, avropalıların Türkiyə ilə hesablaşması və onu bir geosiyasi güc kimi nəzərə alması yaxşı əlamət olduğu kimi, Ankaranın da Avropa İttifaqına marağının qalması çox yaxşı və həm də düşündürücü məqamdır. 

Ona görə ki, cəmi bir neçə il bundan əvvəl Türkiyədə səfərdə olmuş fransız prezident Nikolya Sarkozi demişdi ki, guya nə Avropanın Türkiyəyə ehtiyacı var, nə də Türkiyənin Avropaya! 

Halbuki bir az fəlsəfəyə varmaq olsa da, bir az filosofluq olsa da, daha düzgünü bu olardı ki, bizim hamımızın bir–birimizə ehtiyacımız var, çünki biz amerikalı, alman, fransız, türk olmaqla bahəm, həm də Yer kürəsinin sakinləriyik, bir planetin adamlarıyıq, hərçənd, bir az əvvəldə dedik ki, siyasətçilər həmişə daha realist olur, heç bir halda lirik-sentimental hisslərə qapılmırlar, necə deyər, əksər hallarda burunlarının ucundan o tərəfə baxmaq istəmirlər...

Odur ki, biz də planetar mülahizələrlə deyil, real siyasətlə hesablaşmaq məcburiyyətindəyik. Bu səbəbdən də düşündük ki, Sarkozinin sözlərindən sonra (o cümlədən!) daha nə Avropa Türkiyə haqqında, nə də Türkiyə Avropa haqqında fikirləşməyəcək, ən azı ona görə ki, Avropa İttifaqında Fransanın təsiri çox böyükdür. Elə Türkiyədə də son vaxtlar siyasətdə bir az proteksionizm, bir az da milli-dini tendensiyalar daha çox duyulur. 

Amma İsveçin və Finlandiyanın NATO-ya qəbulu zamanı prezident R.T.Ərdoğan Blok üzvlərini ölkəsinin Avropa İttifaqına inteqrasiyasına dəstək verməyə səslədi. Onun bu sözləri bizə çox böyük ümid verdi, düşündük ki, hələ hər şey itirilməyib, özü də təkcə Türkiyə üçün yox, elə Avropa üçün də...

Amma Ukraynanın avropalaşmaq naminə hətta hərbi mücadilə apardığı bir vaxtda Avropanın cazibəsinin ən azı əvvəlki vaxtlardakı kimi olmadığını söyləmək olar. Ona görə yox ki, son günlərə qədər, məsələn, Avropaya can atan, özü də bunu Ukraynadan heç də az istəməyən Gürcüstan kimi ölkələr daha "realist” siyasət yürütməyə və Qoca Qitə ilə münasibətləri soyutmağa başlayıblar. Yox, məsələ bunda deyil, biz artıq dəfələrlə demişik ki, rəsmi Tiflisin, necə deyər, "qarnının ağrısı” tamam başqadır – Bidzina İvanişvili və onun siyasi "caz bandası” hakimiyyətdə daha çox qalmaq istəyir və əslində onları ölkənin "təhlükəsizliyi” deyil, özlərinin, öz hakimiyyətlərinin təhlükəsizliyi maraqlandırır.

Yox, Avropanın, avropaçılığın və avro-sentrizmin problemi bir qədər başqadır. Birincisi, artıq texniki, iqtisadi, innovasion və hətta elmi-mədəni tərəqqi Avropada cəmləşməyib, bu səmtdəki axtarışlar getdikcə hamını daha çox tamam başqa bir səmtə, hətta Uzaq Şərqə boylanmağa vadar edir. 

İkincisi, Dünyada həqiqətən də mədəniyyətlərin çarpışması gedir. Getdikcə bir sual daha çox aktual olur: Avropa mədəniyyəti nə qədər UNİVERSALDLR? Əlbəttə, Qoca Qitənin siyasi dəyərlərinin, onun DEMOKRATİYASININ hələ ki, alternativi yoxdur. Amma MƏNƏVİ-ƏXLAQİ dəyərlərlə bağlı çox böyük tərəddüdlər yaranıb. 
Uzağa getməyəcəyik. Bu günlərdə növbəti yay Olimpiya oyunları keçirildi və onların hansı bəzi ürəkbulandıran "hərəkət”lərlə müşayət olunduğunu hamı gördü. 
Yox, söhbət heç də bizim Azərbaycana qarşı qara və soyuq bir münasinətdən getmir. Bəli, Fransa sanki hamıya, az qala, homoseksual və lessbian "mədəniyyət” sırımaq istəyir. 

Ən çox təəssüf doğuran budur ki, bu cür səylər təkcə Fransa ilə məhdudlaşmır. Nə olub? Nə baş verir? 

Burada bir neçə il bundan əvvəl haqqında oxuduğumuz bir eksperiment yada düşür. 

Söhbət "Siçovul cənnəti”ndən gedir. Kobud şəkildə desək, məğzi budur ki, həddən ziyadə toxluq, firavan həyat da deqradasiyaya gətirib çıxarır, sonuncunun nəticəsi isə total çöküş olur. 

Bəla burasındadır ki, hətta bu məşhur eksperimentsiz da bəşəriyyət bir neçə dəfə özü belə aqibət yaşayıb. Əgər "İncil”də yazılanlar doğrudursa, Tanrı böyük və möhtəşəm şəhərlərdən birini total əxlaqsızlığa və mənəvi deqradasiyaya görə Yer üzündən silmişdi! 

Üstəgəl, biz həmişə belə eşitmişik və ya oxumuşüq ki, guya Qədim Romanı barbarların hücumları dağıtdı! Amma belə bir versiya da var ki, bəşəriyyətin yaratdığı ən möhtəşəm imperiyalardan biri məhz total əxlaqsızlıq və mənəvi deqradasiya ucbatından dağılmışdı...

Bəli, bütün böyük neqativ proseslər nisbətən kiçik miqyaslı böhranlardan başlayır. Çox adam hələ də belə fikirləşir ki, guya bütün intiharların səbəbləri sosial problemlər və ağır həyatdır. Amma qəti olaraq belə deyil: ən çox intiharlar elə Avropanın tox ölkələrində olur - ən azı bir neçə il bundan əvvəlin tədqiqatları bunu deyirdi. 

Bioloji sistemlərdə olduğu kimi mədəni sistemlərdə də bir immunitet olur, lazımi məqamda işə düşərək bir xalqı və hətta bəşəriyyəti məhv olmaqdan xilas edir. 
Ona görə də sual yaranır: Avropanın immuniteti necə, işə düşəcəkmi? Əlbəttə ki, məsələ bəlkə də hələ tamam tünd rəngdə deyil, bəlkə də Qoca Qitə hələ də dünyanın ən azad seqmenti kimi qalmaqdadır. Amma ölüm ərəfəsində insanların daha "gözəl” və "gümrah” göründüyü deyilir. Həm də bir çox hallarda böhran başqa bir mərhələyə keçidin ərəfəsi olur. 

Elə bu səbəbdən də bilmək və analamaq olmur; bizim Avropamız, bəli, bəşəriyyətin bu vaxta qədər ərsəyə gətirdiyi ən böyük mədəni və mənəvi dəyərlər arealı ölür, yoxsa yeni bir dirilmə mərhələsini yaşayır?..
 
Hüseynbala Səlimov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->