Daha bir partiya dövlət reyestrində qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu, Ana Vətən Partiyasıdır. Partiyanın sədri Fəzail Ağamalı bildirib ki, prezident ölkədə yeni siyasi konfiqurasiyanın yaradılması üçün əhəmiyyətli addımlar atdı:
"İlk növbədə Prezident Administrasiyasında siyasi partiyalarla iş aparan şöbə yaradıldı. Etiraf edək ki, əvvəlki dövrdə siyasi partiyalar Prezident Administrasiyanın bu qədər diqqətində deyildi. Partiyamız ictimai dinləmələr zamanı qanunun təkmilləşməsi, müasir çağırışlara cavab verməsi üçün təkliflər vermişik. Onu da qeyd edim ki, İşçi Qrupun hazırladığı "Siyasi partiyalar haqqında" qanun Venesiya komissiyasına təqdim olundu, 132 tövsiyədən 115-i nəzərə alındı. Siyasi konfiqurasiyanın daha da güclənməsi üçün Milli Məclisdə təmsil olunan partiyalar rəhbərlikdə təmsil olundular.
Bu da partiyaların siyasi sistemdə rolunun artırılmasına əhəmiyyətli təsir göstərməkdədir. Proseslər onu göstərir ki, gələcəkdə siyasi partiyaların siyasi sistemin inkişafında rolu artacaq. Yenidən qeydiyyat zamanı çox sayda partiya yeni qanunun tələblərinə cavab vermədiyini anlayaraq özünü buraxdı. Bu da müsbət haldır. Gələcəkdə yeni qanunun tələblərinə cavab verməyən partiyalar siyasi proseslərdən kənarda qalacaqlar. Yaradılmış şəffaf, əlverişli mühit rəqabət üçün geniş imkanlar açır".
F.Ağamalı qeyd edib ki, Ana Vətən Partiyasının yarandığı gündən milli dövlətçilik, müstəqilliyin qorunması üçün Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirib: "Partiyamız İlham Əliyevin prezidentliyini ilk irəli sürən partiyadır. Biz bundan sonra da milli dövlətçiliyin inkişafı üçün ölkə başçısının apardığı mübarizənin içində yer alacağıq. Əminəm ki, yenidən qeydiyyata alınma partiyamızın fəaliyyətində yeni mərhələ olacaq. Ana Vətən Partiyası bundan sonra xalq və dövlətə xidmət edəcək".
Şərhlər