"Hazırda həkimlərin göstərişi və məsləhəti ilə evdə müalicə olunuram. Həkimdən soruşdum ki, əməliyyatdan sonra necə yaşamalıyam? Dedi ki, yavaş yaşa! Həyatda yavaş yaşayan insanlar da var, yavaş yaşamayanlar da. Mənim yadıma düşəndə yavaş yaşayıram. Həkimin tövsiyəsi tez-tez yadımdan çıxır. Hələ ki, sənətlə, musiqi ilə məşğul ola bilmərəm”.
Bunu Moderator.az-a açıqlamasında bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
"Çox ağır üç əməliyyat keçirdim. Beynimə 4 yerdən qan sızmışdı. Şükür yaxşıyam, əl-ayağım işləyir. O da vaxtında müdaxilənin nəticəsidir. Bir çox xəstələrə vaxtında müdaxilə edilmədikdə ya şikəst qalırlar, ya da ölürlər. Mənə də müdaxilə vaxtında oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür borcum var. Bu dəstək vaxtında gəldi. Ölüm xəbərlərimə çox güldüm, əyləndim. Yazıçı Mark Tven yadıma düşdü. Onun bir gün ölüm xəbəri yayılır. Bu xəbəri yayan redaksiyaya zəng edərək bildirir ki, ölüm xəbərimi bir az şişirtmisiniz (gülür). Mənim də ölüm xəbərimi bir az şişirtmişdilər. İnanmıram ki, bunu kimsə mənə qarşı pis niyyətlə etsin. Jurnalistlərlə heç vaxt problemim olmayıb. Bu sadəcə texniki yanlışlıq olub. Reytinq xatirinə hadisələri qabaqlamaq istəyiblər. O da bu dəfə tutmadı. Çox adam deyir ki, Allah səni istəyir. Mən burada tək yaşayıram. Ailəm Türkiyədədir. Yaxşı ki, bu hadisə baş verəndə ailəmin yanında idim. Bakıda tək olsaydım, mənə heç kim kömək edə bilməzdi. Səhər saat 6-da huşumu itirib, yerə yıxıldım. Məni təcili xəstəxanaya, oradan da əməliyyat masasına apardılar” , - deyə bəstəkar bildirib.
Cavanşir Quliyev musiqimizin bugünkü vəziyyətindən də danışıb.
"Cəmiyyətin vəziyyəti necədirsə, onun musiqisi də elədir. Çünki onlar bir-birinə sıx bağlıdır. Məsələn, toya gedən müğənnidən ev yiyəsi, toy əhli nə istəyirsə, o da onu oxuyur. Çünki pul verirlər. Və yaxud müğənni toy yiyəsinin bəyənmədiyi mahnını bir dəfə oxuyandan sonra daha oxumur. Bu minvalla cəmiyyətdə bu musiqi formalaşır. Sabah konsertə gedəndə də təxminən o cür musiqi istəyirlər. Televiziyada da elə musiqi görmək istəyirlər. Niyə? Televiziyalarda reytinqləri ölçürlər. O reytinqə görə televiziya kanalları bir nəticəyə gəlir. O mahnılar reytinq, reytinq isə pul gətirir. Ona görə də vəziyyətimiz belədir. Soruşsanız ki, yaxşıdır, yoxsa pis? Deyərəm ki, yaxşı deyil. Mən də bu gün bəzi məsələlərlə razı deyiləm. Deyəndə ki, razı deyiləm, deyirlər ki, razı deyilsənsə, düzəlt.
Vallah mən də, həmkarlarım da nəsə etməyə çalışırlar, amma bizim sayımız azdır, ona görə də səsimiz az eşidilir. Bəzən olur ki, parlaq bir artist çıxır səhnəyə, bir çox şeyi dəyişir. Aygün Kazımova elə etdi. Onu tənqid etsələr də, baxırdılar. Sabah başqa biri çıxa bilər ortaya, o da nələrisə dəyişə bilər”, - deyə bəstəkar bildirib.
Cavanşir Quliyev sosial verilişlərdən də danışıb.
"Televiziya kanalları bizim təkliflərimizə razılıq vermir. Çünki təklif etdiyim layihələrdə reytinq görmürlər. Zəmanə belə zəmanədir. Sovet vaxtında televiziya kanalı bir dənə idi. O vaxt reytinq söhbəti yox idi. Müxtəlif redaksiyalar var idi. Orada savadlı insanlar işləyirdi. O zaman hər verilişdə bilik, informasiya var idi. Tamaşaçılar müəyyən şeyləri öyrənirdilər. İndi azadlıqdır, kanallar da çoxdur. Musiqi ilə, sosial verilişlərlə bağlı sərbəstlikdir. Hər ölkədə sosial verilişlər var. Bu verilişlər bizə xaricdən gəlib. Onlara baxırsan ki, xeyli mədənidirlər. Amma çox maraqlıdır ki, biz hər bir gözəl şeyi eybəcərləşdirə bilirik. Bizim verilişlərə baxırsan, elə bilirsən ki, kənddəki bazarda qadınlar savaşır. Birini evləndirirlər, birini boşayırlar. Bu adam boşanıb, artist deyil, sənət adamı deyil ki, həyatını işıqlandırıb, şou yaradasan. Danışıq mədəniyyəti aşağı səviyyədədir. Görüntüsü bərbad! Efir gözəlliyi, estetikliyi sevir. O vaxt verilişə neftçi belə dəvət edəndə seçirdilər ki, yaraşıqlı, simpatik biri olsun. Mənə elə gəlir ki, sosial verilişlər bağlanmalıdır”, - deyə sənətkar bildirib.
Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.
Şərhlər