Xəbər lenti

Bu xəstəxanaya direktor təyin edildi (FOTO)
Ölkə 16:02 28.12.2022

Bu xəstəxanaya direktor təyin edildi (FOTO)

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin olunub. Tibb müəssisəsinin direktoru vəzifəsini ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.

TƏBİB-dən Qaynarinfo-ya verilən xəbərə görə, E.Qasımov təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yeni direktoru bu gün kollektivə təqdim edib.

Məlumat üçün bildirək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini bitirib. Daha sonra Mərmərə Universiteti Xəstəxanasında Ortopediya və travmatologiya kafedrasında tibdə uzmanlıq təhsili alıb.

İxtisasca ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.

Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.

Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar həkim” fəxri adına layiq görülüb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->