Xəbər lenti

Bolqarıstan prezidenti Ukraynanın qələbəsini “mümkünsüz” hesab edir
Dünya 15:09 20.05.2024

Bolqarıstan prezidenti Ukraynanın qələbəsini “mümkünsüz” hesab edir

Bolqarıstan prezidenti Rumen Radev Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsini "mümkünsüz” hesab edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

"Bu müharibənin davam etdiyi hər gün Ukrayna, Rusiya və bizim hamımız üçün fəlakətdir. Bu, istər-istəməz münaqişənin bütün tərəflərinə təsir edir. Bu, istər Avropada, istər ABŞ-da, istərsə də dünyanın hər yerində bütün seçkilərə təsir edir. Bu və növbəti seçkilərdə biz müharibə və sülh arasında seçim edəcəyik. Bunu hər bir vətəndaş dərk etməlidir”, - Radev qeyd edib.

Jurnalistin Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsd cəhdinin Avropaya hansı siqnalın göndərilməsi ilə bağlı sualını cavablandıran Bolqarıstan prezidenti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini xatırladıb.

"Müharibənin davam etməsini və Rusiya üzərində qeyri-mümkün qələbəni yeganə mümkün həll yolu kimi təqdim etmək qəbuledilməzdir”, - o bildirib.
Radev hesab edir ki, Avropada Rusiya ilə Ukrayna arasında "münaqişənin” alovlanması son dərəcə təhlükəlidir.

"Fikonun sülh tərəfdarı olduğuna görə radikal fanatik tərəfindən sui-qəsd cəhdi fərqli fikirlərə qəti dözümsüzlük və nifrəti nümayiş etdirir. Bir çox siyasətçilər, partiyalar və media hər bir səsi rusiyayönümlü kimi təqdim etməklə buna töhfə verib, bu, son dərəcə ədalətsizdir və bütün bu mənfi nəticələrə gətirib çıxarır”, - Bolqarıstan lideri deyir. 
 
Onun sözlərinə görə, əgər müharibə davam edərsə, o zaman Ukrayna "infrastrukturu, sənayesi, istehsalı tamamilə dağıdılmış, demoqrafik cəhətdən məhv edilmiş ölkəyə çevriləcək və bunun bütün Avropa üçün son dərəcə ciddi nəticələri olacaq”.

Bundan əlavə, Radev silahla təmin etməkdənsə, sülh üçün siyasi səylərə çağırıb.

"Silahla, silahsız - eyni nəticəyə gedəcəyik. Biz bunu dərk etməliyik. Fərq minlərlə itki və dağıdılmış ölkə (Ukrayna - red.) olacaq ki, bunun bərpası üçün biz pul ödəməli olacağıq”, o əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->