"Əgər bölgədə böyük savaş başlasa, İrandan qaçqınlar ordusu Azərbaycana sığına bilər. Bu proseses qonşu Rusiyaya da təsirsiz ötüşməyəcək. Kreml mümkün savaş zamanı Azərbaycanın necə davanacağını öyrənmək istəyir".
Bunu Qaynarinfo-ya konfliktoloq Azər Hüseynov Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bölgəyə səfərini şərh edərkən deyib.
Ekspert bildirib ki, İranda İsmayıl Haniyənin öıdürülməsi bölgədə çox böyük narahatlığa səbəb olub:
"Bunun bir neçə səbəbi vardır. Belə gərgin bir ortamda HƏMAS-ın Siyasi Büro rəhbərinin ölümünü istəyənlər əslində danışıqlar prosesinin getməməsini, müharibənin dayanmamasını istəyirlər. Əgər döyüşçülərin təyinatı döyüşməkdirsə, siyasətçilərin vəzifəsi danışıqlar prosesidir. Yəni, hər halda siyasi bir simanın ölümü prosesi pozur. Xüsusi ilə ona görə ki, İsmayıl Haniyənin Türkiyənin, Qətərin və İranın, eləcə də assimetrik ərəb müqavimət təşkilatlarının yanında böyük nüfuzu var idi".
Azər Hüseynov hesab edir ki, son İsrail-Fələstin müharibəsində əslində HƏMAS özünün situativ dayanıqlığı ilə bütün humanitar fəlakətlərə baxmayaraq, prosesin tez bitməsinə imkan verməyib:
"İsrail silahlı qüvvələrinin nəzərdə tutduğu sürətli müharibə alınmadı. İsrail ordusu da xeyli itkilər verdi, İsrail cəmiyyəti daxilində siyasi narazılıqlar başladı. Hətta son zamanlar Co Bayden və Benyamin Natanyahu arasında müəyyən ciddi fikir ayrılıqlarının da olduğu mediaya sızır. İsmayıl Həniyənin İranda vurulması, bu işin məhz Məsud Pezeşkianın inaqurasiyası zamanı baş verməsi, burada siyasi liderlərin olduğu bir vaxtda İranın dövlət nüfuzuna da ciddi bir zədədir. İran onsuz da İsrail üçün ciddi problemlər yaradıb. Assimetrik ərəb müqavimət təşkilatlarının əksər hissəsinin silah təhcizatının əksər hissəsi də İran tərəfindən həyata keçirilir. İran İraqda "Həşdi Şabi" ilə, Livanda "Hizbullah"la, Yəməndə husilərlə, Fələstində müəyyən qədər "İslami Cihad"la "təmsil olunur". İrana İsraillə birbaşa müharibə əslində sərf eləmir də. Çünki onsuz da assimetrik oyunçularla meydandadır. Birbaşa münaqişəyə girib öz insani resurslarını tələf etmək istəmir".
Ekspert bildirib ki, son hadisə İranla İsrailin birbaşa toqquşacağı ehtimalını gündəmə gətirir:
"Artıq dünya İsrailə çox qəzəblidir. Hətta amerikalılar belə İsrailin nadincliyindən beziblər. Hakan Fidan son İsrail açıqlamasında ABŞ-a mesaj verdi və çox sərt ifadələr işlətdi. Rusiya da İsrailin vasitəsi ilə ABŞ-ın regionda güclənməsini istəmir. İranla birlikdə və digər region dövlətləri ilə birlikdə müəyyən konfiqurasiyalar qurmaq istəyir. Rusiya İrana silah da verə bilər. Amerikalıların dərin dövlət ağlı da vaxtından tez III Dünya müharibəsinin başlanmasını istəmir. Çünki dünyada bir anti Amerika rüzgarı vardır. Türkiyə Fələstin məsələsində siyasi və diplomatik bütün vasitələrini istifadə edir. Ancaq kimsə düşünürsə ki, Türkiyə hansı isə bir hərbi müdaxilədə olacaqdır, bilsin ki, bunun ehtimalı azdır. Nə üçün? Çünki Türkiyənin meydanda assimetrik oyunçuları yoxdur. Türkiyə bunu hətta Suriyada belə reallaşdıra bilmədi. Əməkdaşlıq etdiyi assimetrik oyunçularla, xüsusi ilə türkmənlərlə ciddi nöqtələrə gələ bilmədi. Bununla belə Türkiyə də İsrailin dayanmasının tərəfdarıdır. İsmayıl Haniyənin Türkiyədə "məhəllədə"də də nüfuzu ciddi idi. İndi isə gələk sualın tam ürəyinə, Sergey Şoyqu Azərbaycana gəldi. Bunun üçün Azərbaycanın vəziyyətini təhlil etməliyik".
Azər Hüseynov vurğulayıb ki, Azərbaycan eyni ilə Teymur dövrünün Şirvanşahlar dövlətini xatırladır:
"44 günlük müharibədə Azərbaycan qalib gəldi. Bu qalibiyyətin reallaşdırılması üçün uzun bir yol keçildir. Bir konfiqurasiya qurdu. Müttəfiq və tərəfdaşlar müəyyən edildi. Uzun müddət balanslı siyasət, bu zaman silahlanma işi aparıldı. Azərbaycanlı hərbçilər bir çox ölkələrdə təlimlər keçdi. Azərbaycan yeni silah sistemləri aldı. Onların əsas hissəsi Türkiyə və İsraildən idi. Eyni zamanda, say çoxluğu nöqtəsində Rusiyadan da silah idxal etdi. Siyasi vəziyyətin yetişməsi və ermənilərin son provakasiyaları nəticəsində hərəkətə keçdi və torpaqlarını işğaldan azad etdi".
Siyasi təhlilçi bildirib ki, Azərbaycan Türkiyə ilə müttəfiqdir, mənəvi baxımından isə qardaşdır:
"Azərbaycan və Türkiyə bir çox məsələlərdə fəaliyyətlərini koordinasiya edirlər. Yaxın Şərq məsələsində, xüsusi ilə Fələstin məsələsində Azərbaycan və Türkiyənin hüquqi yanaşmaları eynidir. Şərqi Qüdsün paytaxt olması ilə Fələstin dövlətinin yaranması... Ancaq taktiki və bir sıra məqamlarda fərqli yanaşmalar var. Bu da hər iki ölkənin mövcud geosiyasi durum və imkanları ilə bağlıdır. Məlumdur ki, İranla Azərbaycanın münasibətləri həmişə ziqzaqvari olub. Ciddi problemlər də var, amma son İbrahim Rəisi və Prezident İlham Əliyevin görüşlərində pozitiv addımlar atıldı. Rəsinin ölümündən sonra hər iki tərəf birgə bəyanat və müqavilələrə sadiq qalacaqlarını bildirdilər. İranla Azərbaycan arasında ifadə edilən pozitiv notlar digər geosiyasi oyunçulardan bəzilərini narahat edə bilər. Bununla belə, hər iki tərəf yaxınlaşmanı davam etdirir, Azərbaycanın İranda səfirliyinin fəaliyyəti də bərpa edilir. Fəqət təbii ki, İran daxilində bəzi qüvvələrin Azərbaycanın güclənməsi ilə bağlı narahatlıqları yox deyil. Yaxın Şərqdə də daha böyük eskalasiya gözlənilir. Belə bir məqamda Sergey Şoyqu Azərbaycana niyə gəlir? Ola bilsin ki, mümkün müharibə senarisi zamanı Türkiyə ilə müttəfiqlik sazişi və qardaş olan, Ermənistanın işğalını bitirdikdən sonra Cənubi Qafqazda tam üstünlük sahibi olan, İranla qonşu olan və ehtimal edilən müharibədə Azərbaycan türklərinin sığınacağı ölkə olan, Rusiya ilə ehtiyatlı və taktlı davranan, türk dünyası layihəsinin ana kilidi olan Azərbaycanın necə davnacağını öyrənmək istəyir. Azərbaycan bu gərginləşmədə öncəliyə aldığı bir məsələ var -nailiyyətlərini öncə qorumaq və özünün beynəlxalq münasibətlər sistemində təhlükəsizliyini təmin etmək".
Qeyd edək ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana və ardından Bakıya səfər edib. Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib.
Siyasət şöbəsi
Şərhlər