Azərbaycanda 5 ulduzlu hotellərdə xidmət qiymətləri durmadan qalxır. Qiymətlər qalxsa da, təklif edilən xidmətlərin səviyyəsi barədə eyni fikri səsləndirmək təəssüf ki, mümkün deyil.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin dörd ayı üzrə Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur. Qubada 5 ulduzlu hotellərdə standart otaqların qiyməti bir günlük gecələmək üçün 269 manat təşkil edir. Bir günlük gecələmək üçün Naftalanda 5 ulduzlu hotellərdə standart otaqların qiyməti 247 manat, Bakıda 237 manat, Qəbələdə 206 manat, Lənkəranda isə 170 manatdır.
İnsanlar düşünür ki, bu qiymətlər keyfiyyət və kəmiyyət məsələsinə görə heç də balanslaşdırılmır, üstəlik, hər kəsin büdcəsinə də uyğun gəlmir. Bəs qiymətlərin qalxması nə ilə əlaqədardır? 5 ulduzlu hotellərdəki xidmət səviyyəsi ödənilən məbləğə dəyirmi?
Mövzu ilə əlaqədar Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi Oxu.Az açıqlamasında bildirib ki, əslində, yalnız ortalama qiymət göstəriciləri əsasında dolğun analiz etmək mümkün deyil:
"Vəziyyəti daha ətraflı anlamaq üçün hotelçilik biznesində qəbul edilmiş ADR (günlük ortalama qiymət), RevPAR (mövcud otaqların gəliri) kimi iqtisadi göstəricilər də vacibdir. Booking.com bu gün ən irimiqyaslı və qabaqcıl satış kanalı hesab edilir. Qiymətlərdən danışarkan, bu kontekstdə, booking.com tərəfindən tətbiq edilən komissiyaları da qeyd etmək zəruridir. Satış qiymətindən hotellər birmənalı olaraq 20-30℅ itirirlər. Hərtərəfli analiz üçün booking.com-la yanaşı Expedia, Airbnb, Ostrovok kimi aqreqatorların da göstəriciləri, səyahət agentliklərinin satdıqları yerləşdirmə xidmətlərinin həcmi və digər göstəricilərin də nəzərə alınması zəruridir. Yanvar-aprel aylarında 5 ulduzlu mehmanxanaların qeyd edilmiş ortalama qiymət göstəriciləri düşünürəm ki, bu kateqoriya hotellər üçün yüksək deyil, bu, təxminən 132 dollar təşkil edir. Qonşu turizm bazarları ilə müqayisə etsək görərik ki, həqiqətən bu qiymətlər rəqib bazarların qiymətlərindən fərqlənmir, bir sıra hallarda isə aşağıdırlar.
O ki qaldı qiymət və keyfiyyət arasında olan mütənasibliyin pozulmasına, belə hallar, həqiqətən sənayedə mövcuddur. Bəzi müəssisələr hətta göstərdikləri xidmətlərin keyfiyyətini azaldaraq daha aşağı qiymətlər təklif etməyə cəhd edirlər. Bu yolverilməzdir və biznes mədəniyyətinin pozulmasıdır. Qeyd etmək istərdim ki, ölkəmiz heç vaxt ucuzlu turizm destinasiyası kimi nümayiş olunmayıb. Qiymətlər bir ara qonşu turizm bazarları ilə müqayisədə yüksək olub. Hazırda vəziyyət demək olar ki əksinədir. Yada salmaq istərdim ki, hər bir mehmanxana kateqoriyasına uyğun komfort dərəcəsi və qiymətlər təklif edilməlidir. Heç kəs 5 ulduzlu hoteldən 3 ulduzlu hotelin və yaxud qonaq evinin qiymətlərini gözləməməlidir. Bu yanlışdır".
S.Dübəndi onu da əlavə edib ki, aşağı kateqoriyalı mehmanxanalarda keyfiyyət, komfort, xidmət və texniki standartların pozulması daha geniş miqyasda müşahidə edilir:
"Mehmanxana biznesində, xüsusilə də bu iqtisadi seqmentin kiçik və orta biznes sukyektləri arasında rəqabətin artması, təklif və tələbin düzgün formalaşması ilə yanaşı qiymətlərin də tənzimlənməsi baş verəcək. Bu proseslərin isə səmərəli və daha sürətlə həyata keçirilməsi üçün mehmanxana biznesi və ümumilikdə turizm sahəsinin məharətlə və düzgün tənzimlənməsi tələb edilir".
Şərhlər