Seymur Baycan
Bu suala əhatəli cavab tapmaq istəyiriksə, ərinmədən, bir-bir, çoxlu-çoxlu səbəblər sadalamalıyıq. Lap məşhur əhvalatda olduğu kimi. Topların atmamasının qırx səbəbi var. Səbəblərdən biri də odur ki, barıt yoxdur. Azərbaycanda niyə mesenatlar yoxdur sualına cavab vermək üçün bütün səbəbləri bir-bir sadalasaq, burda uzun bir dastan yazmalı olacağıq. Uzun dastan yazmağa həvəs və hal yoxdu. Heç oxucular da uzun-uzadı dastan oxumaqda həvəsli deyillər. Ən yaxşısı, ən optimal variant iki vacib səbəbi yazmaqdı.
Birinci səbəb. Hər kəsə bəllidir ki, ölkədə normal rəqabət mühiti yoxdur. Hər şey inhisara alınıb. Hər şey insihara alındığı üçün də adamlar öz qabiliyyətlərini tam ortaya qoya bilmirlər. Bircə faktı deyək, vəziyyət tam aydın olsun. Ölkədə milyonlara sahib nə qədər adam var, lakin bu adamlardan biri qalxıb deyə bilməz ki, mən milyonerəm. Tutaq ki, limonad satıb milyoner olmuşam. Ya da məsələn, çaxır satıb milyonlar qazanmışam. Belə bir vəziyyətdə azadlıq sözü qara bir kabusa çevrilib. Xeyli insan ölkədən baş götürüb qaçıb. Yerdə qalanları da ehtiyatlı tərpənməyə məhkumdular. Sənət də inhisara alınıb. İş adamları sənətə və sənətkara himayədarlıq etməyə qorxurlar. Çünki bilirlər ki, sənət və sənətkar da nəzarətdədi. Buraxılan bir səhv onlara baha başa gələ bilər. Bir balaca ayıq adamlar bunu anlayırlar. İş adamları da müxtəlif növlərə bölünürlər. Sənətdən qətiyyən xəbəri olmayanlar, sənətkarın, elmin, ədəbiyyatın, teatrın nə olduğunu bilməyənlər çoxluq təşkil edir. Əllərində kifayət qədər maddi resurslar olan bu adamlar uzaqbaşı ya müğənniyə sponsorluq edəcəklər, ya da ki rəqqasələrə. Məclislərdə vətəndən, millətdən, xalqdan sağlıqlar deməyi sevən bu adamlar vətən, millət, xalq adına beş qəpiklərindən keçmirlər. Üç-dörd il əvvəl bir lahiyə ilə bağlı xeyli iş adamı ilə görüşdüm. Daha doğrusu bir nəfər görüşürdü, layihəyə o rəhbərlik edirdi, mən də görüşlərdə iştirak edirdim. Görüşdüyümüz adamların arasında restoran və istirahət mərkəzlərinin, müxtəlif cür sexlərin, tikinti şirkətlərinin sahibləri də vardı. Bu görüşlər ölkədəki vəziyyəti birbaşqa tərəfdən görməyə şərait yaratmış oldu. Bu adamların səviyyəsi, davranışları adamı dəhşətə gətirirdi. Sözün həqiqi mənasında elələri vardı heç düz-əməlli danışa bilmirdi. Sadəcə necə olubsa, hansısa bir xətlə ona şərait yaradıblar. Belə adamların sənətə himayədarlıq edəcəyini gözləmək dəlilikdir. Onlar sənətə düşmən kimi baxırlar.
Onlara sənətin, mədəniyyətin vacibliyi haqqında heç nə başa salmaq mümkün deyil. Onların öz söhbətləri, öz aləmləri, öz maraqları var. Onları görəndən sonra zövqsüzlüyün və bayağılığın həm də hardan qaynaqlandığını başa düşdüm. Bu adamlar öz maddi resursları hesabına zövqsüzlüyün və bayğılığın yayılmasında müstəsna rol oynayırlar. Onlar öz səviyyəsizliklərinin fərqində deyillər. Bu səviyyəsizliyi ətrafa yaymağı da bacarırlar. Öz zövqsüzlüklərini ətrafdakılara da ötürürlər. Çünki əllərində maddi resurslar var. Özlərini şəxsiyyət hesab edirlər. Başqaları da maddi resursa boyun əyərək, onları elə şəxsiyyət kimi də qəbul edir. Beləcə bayağılıq və zövsüzlük virus kimi bütöv bir tayfanın, kəndin, qəsəbənin, idarənin, şirkətin canına yayılır.
Başqa növ iş adamları da var. Sayları xeyli azdı. Onlar yuxarıda təsvir olunanlarla müqayisədə bir çox cəhətdən daha hörmətə layiqdirlər. Qeyri-rəsmi atmosferdə mədəniyyətin bu günə düşməsinə görə ürəklərinin ağrıdığını dilə gətirərlər. Bayağılıqdan, zövsüzlükdən şikayətlənərlər. Onlar guya sənətə himayədarlıq etmək istəyirlər, amma guya buna imkan yoxdur. Bu cür adamlarla da görüşlərim olub. Bir il öncə bir layihə ilə bağlı banklardan birinin rəhbərinə müraciət etdik. Sağ olsun yaxşı qarşıladı. Mərifətlə qulaq asdı. Danışığından kifayət qədər bazaya malik olduğu da hiss edilməkdəydi. Danışdı, danışdı axırda da dedi ki, çox istəyərdi bu lahiyəyə dəstək versin, ancaq bu mümkün deyil. Ona problem yarada bilər. Əlbəttə, heç kim mövcud şərtlərdən xəbərsiz deyil. Sadəcə bəzən insanlar vəziyyəti bəhanə gətirib məsuliyyətdən qaçırlar. Belə deyək, sistem günahkardır deyib bütün laqeydliklərinə haqq qazandırırlar. Başa düşdük, sistem günahkardı. Başa düşdük, sistemdən, dövlətin, sənətə və sənətkara münasibətindən çox şey asılıdır. Bəli, yuxarılar sənətə yardım etməyi təbliğ etsələr, aşağıya doğru xeyli adam bu təbliğata səs verəcək. İstədi-istəmədi. Ürəyindən keçdi-keçmədi. Ən azı yuxarılara yarınmaq üçün. Bunu anlamaqdayıq. Bir daha təkrar edək, yuxarılardan çox şey asılıdır. Lakin daha sistem günahkardır deyib bunu əldə silaha çevirmək lazım deyil. Sistem günahkardır sözünü adamlar öz xeyirlərinə istifadə etməyə başlayıblar. Sistem günahkardır deyib ancaq öz mənafelərini güdürlər, başqa heç bir şey haqqında düşünmürlər. Müşahidələr göstərir ki, insanlar üzdə təəssüflə sistem günahkardı desələr də, daxildə sistemin onların laqeydliyi üçün münbit şərait yaratmasına bir növ sevinirlər. Bu fərarilikdi. Qorxaqlıqdı. Əgər bir iş adamı öz ofisində, ya da evində balaca bir kitabxana yaratsa, bununla hardasa ümumi bir işə, mədəniyyətin dəstəklənməsinə, inkişafına fayda vermiş olur. Buna görə heç kim onu cəzalandırmayacaq. Heç kim demir birbaşa açıq-aşkar hay-həşirlə sənətə yardım edilsin. Əlli kitabı alıb işçilərə, qohum-əqrəbaya, müxtəlif münasib adamlara hədiyyə verməyə, ya da bir rəssamın rəsm əsərini alıb ofisdən ya da evdən asmağa heç kim qadağa qoymayıb. Dəstək vermək üçün yollar müxtəlifdi. Sadəcə istək olmalıdır. İstək yoxdursa, burda nə yazırsansa yaz, nə danışırsansa danış, faydası olmayacaq. Sistemi başa düşdük, bəs o zaman xalq hardadı? Xalq nəylə məşğuldu.
İkinci vacib səbəbi yazmağın vaxtı və zamanı gəlib çatmışdır. Xalq hardansa eşidib ki, sənətkar ac yaşamalıdır. Cır-cındırın içində, başı bitli-birəli gəzməlidir. Acından köpük qusmalıdır. Ən yaxşı halda acından yuxudan günorta oyanmalısan. Adamlar mövzu axtarırlar. Filan rəssam içib uzanmışdı ağacın dibinə. Filan yazıçı acından ölürdü. Apardım kafeyə bir kasa sup aldım. Cibinə də beş manat qoydum. Dedim ay bala, el üçün ağlayanın gözü kor olar. Özünə yazığın gəlsin zad... Adamlar belə-belə söhbətlər axtarırlar. Onlara bu cür mövzular verməyəndə sənətkardan inciyirlər. Xalq deyir ki, sənətkar gedib acından ölsün, sonra baxarıq ona sənətkar demək olar, ya yox. Bu cür düşünən adamların içində sənətkar ancaq öz sənəti ilə uzaqbaşı qarnını otara bilər. Belə bir ölkədə bir polis serjantının hörməti rəssamın, aktyorun, yazıçının hörmətindən daha artıqdı. Məhəllədə, qəsəbədə, qohum-əqrəb arasında, bir sözlə bütün cəmiyyətdə... Bu cür şərtlər altında sənətlə yaşamaq mümkün deyil. İki yol var, ya təlxəklik etməlisən. Ya da bir qarnı ac, bir qarnı tox birtəhər mövcudluğunu davam etdirməlisən. O sənətkarlar ki, onlara hörmət edilir onlara sənətinə görə hörmət edilmir. Vəzifəsinə, puluna, deputat mandatına ya da kiminləsə yuxarı dairələrdən bir bazburutlu kişi ilə əlaqəsi olduğuna görə hörmət edilir. Bəs niyə və nəyə görə adamlar sənətə və sənətkara hörmət etmirlər?
Bu sualın çox sadə cavabı var. Bir şeyin dəyər qazanması üçün həmin şeyə dəyər verilməlidir. Əgər bir adamın düzəltdiyi məhsul, məşğul olduğu sahə cəmiyyətə və adamlara lazım deyilsə, həmin adam dünəndən cəmiyyətə lazım deyil. Bu qədər sadə. Xalq əgər istəsə nə yolla olursa olsun öz mədəniyyətini saxlayar. Yaşadar. Qoruyar. İnkişaf etdirər. Üzeyir Hacıbəyovu Üzeyir Mehdizadənin ayağına verməz. Xalq başa düşməlidir ki, həyat yatmaqdan, yeməkdən və toyda atdanıb-düşməkdən ibarət deyil. Hər bir xalqın mədəniyyəti onun ən etibarlı milli sərvətidir. Mədəniyyəti yaşatmaq xalqın borcudu. Yox əgər xalq belə bir borcu öz üzərinə almaq istəmirsə, onda açıq-aydın desin ki, bizə mədəniyyət zad lazım deyil. Bizə ancaq yatmaq, yeyib-içmək, bir də toyda atdanıb-düşmək bəs edir. Qalan şeylər artıqdı. Xalq mədəniyyətin formalaşması prosesində iştirak etmək istəmir. Deyir, mən gedim öz işimlə məşğul olum, orda da beş-altı adam bizə mədəniyyət düzəltsin. Hər cür mənasız əyləncələrə, hər cür mənasız əşyalara xərcləməyə pul tapırlar, kitaba gələndə, beş manat xərcləməyə canları çıxır. Bununla belə, həm də istəyirlər ki, ciddi bir mədəniyyətləri olsun.
Çex yazıçısı Milan Kunderanın «Varlığın dözülməz yüngüllüyü» romanı haqqında çox yazılıb. Mövzumuza uyğun gəlir deyə, romandan bir məqamı təkrar xatırlamaq yerinə düşər.
Romanın qəhrəmanı Tomaş həkimdir. Sovet tankları Çexoslovakiyaya girəndə Tomaş bir məqalə yazır. Sovetlərin bu addımını pisləyir. Bir çox həmkarları onun səsinə səs verir. Lakin sonra Tomaşı hər tərəfdən sıxmağa başlayırlar. Baş həkim onu yanına çığırıb, məqalədə yazdıqlarından peşman olduğunu deməyə, bunu ictimailəşdirməyə dəvət edir. Tomaşın bütün həmkarları artıq peşman olduqlarını yazıblar. Aralarında sona qədər dirənən təkcə Tomaşdır. Tomaş bəlkə də yumşalardı, amma dəhlizə çıxanda, artıq məğlub olmuş, üzrxahlıq eləmiş həkimlərin ona baxışlarında bunu oxuyur:
- Sən də, bizim sıramıza qatılacaqsan. Uzatma. Sən də bizdən biri ol, bu iş qurtarsın-getsin.
Bu baxışlar, həmkarının onun xəyanətini, məğlubiyyətini həvəslə, acgözlüklə gözləməyi Tomaşı inada salır. Tomaş yazdığı məqalədən imtina etmir. Peşman olduğunu demir. Onu işdən çıxarırlar. Öz peşəsinə aid olan heç bir işə yaxın buraxmırlar. Ali təhsilli, peşəkar həkim sonda təmizlik şirkətində şüşəsilən işləməyə başlayır.
Kundera romanda çex xalqının öz ziyalısına münasibətinə geniş yer ayırır. Tomaşın evlərinə şüşə silməyə getdiyi müştərilər ona tamam başqa münasibət göstərirlər. Hörmətlə qarşılayır, şüşə yuduzdurmaq əvəzinə, onunla söhbət edir, nəzakətlə rəftar edir, şirkətə zəng edərək, Tomaşın çox yaxşı işçi olduğunu, onun xidmətindən çox razı qaldıqlarını deyirlər. Xüsusilə çex qadınları Tomaşa özəl diqqət göstərir. Yarızarafat-yarıgerçək özlərinin ginekoloji problemlərini onunla bölüşürlər. Onlar bunu tibbi məsləhət almaq üçün etmirlər. Sadəcə istəyirlər ki, Tomaş özünü həkim kimi hiss eləsin.
... sözün kəsəsi sistem günahkardı demək, hər şeyi sistemin üstünə atmaq fəralilikdir. Məsuliyyətdən qaçmaq üçün böyük bir bəhanədir.
Reytinq qəzeti
Şərhlər