"Rusiya ilə starateji əməkdaşlıq barədə deyilənlər sözdə də qalacaq, reallığa çevrilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna-Zerkalo" qəzetinin təsisçisi Elçin Şıxlı Bakı ilə Moskva arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi ehtimalını şərh edərkən deyib.
Elçin Şıxlı bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər əvvəldən necə idisə, indi də elə o səviyyədədir:
"Həmişə bəyan etmişik ki, Azərbaycan balanslaşdırılmış siyasət aparır. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Bakı qonşuları ilə normal münasibətlər saxlamaq siyasəti yürüdüb. Hazırda da eyni siyasəti yürüdülür. Çünki Azərbaycanın siyasəti gerçəklikləri nəzərə almaq və onun əsasında münasibətlərin qurulması üzərində qurulub. Belə siyasət aparılmasaydı, çoxdan Azərbaycanı sıxışdırmışdılar. Ona görə də Moskva normal münasibət bəsləsə də, biz "comağı yerə qoymuruq". Əl uzadırlar, əli tuturuq, üzümüzə gülürlər, biz də onların üzünə gülürük. Amma ən əsası Azərbaycanın maraqlarıdır. Həmin maraqlar nəyi diqtə edirsə, o istiqamətdə və ona uyğun olaraq da hərəkət edilir. Ona görə sözdə, Rusiya ilə strateji əməkdaşlıq edə bilərik, amma baxın görün bu barədə hansı sənədlər var. Azərbaycanın Türkiyə ilə bağladığı və hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənən sənədləri var. Rusiya ilə isə o səviyyədə sənədlərimiz yoxdur".
Qeyd edək ki, son zamanlar Azərbaycanla Rusiya arasında münasibətlər yeni tendensiya almağa başlayıb. İki ölkə arasında əlaqələr daim inkişaf edir. Bu müstəvidə yaxın perspektivdə həmin əlaqələrin strateji əməkdaşlıq müstəvisinə keçməsi ehtimalı da istisna olunmur.
Rüfət Sultan
Şərhlər