Şair Mübariz Məsimoğlunun Qaynarinfo-ya müsahibəsi
- Mübariz müəllim, bu günlərdə 60 yaşınız tamam oldu. Təbrik edirik sizi. Uzun ömür, cansağlığı, böyük yaradıcılıq uğurları... Söhbətə isə lap əvvəldən başlamaq istəyirəm. Nə vaxtdan yazmağa, çap olunmağa başlamısınız. Ümumiyyətlə mənim üçün həmişə maraqlı olub ki, insanı şeir yazmağa vadar edən səbəb nədir?
- Təbrikə görə, təşəkkür edirəm. Mənə elə gəlir ki, "inqə" deyəndə ilk şeirimi yazmışam. Nənəmin, atamın, anamın danışdığına görə, mən doğulan gün çox qarlı, boranlı imiş. Ancaq mən doğulanda qar-boran bir anlıq dayanıb.
- Siz harda doğulmusunuz? Neçə ildir tanıyıram sizi, amma indiyədək heç soruşmamışam...
- Şəkinin Baş Köynük kəndində anadan olmuşam. Qəribə taleyi var bizim kəndin. Azərbaycan tarixində "Göynük üsyanı” adlanan üsyan var. 1931-cü ildə sovet hökumətinə qarşı 7 günlük üsyan olub bizim kənddə. 7 gün hakimiyyəti ələ ala bilmişik. Kəndin sonuncu qaçağı 1976-cı ildə tutulub. Baş Köynükdə 1980-ci ilə qədər sahə rəisləri işləyə bilmirmişlər. Qonşu kəndlərdə otururmuş bizim kəndin sahə rəisi. Belə döyüşkən kənddə dünyaya göz açmışam. Hesab edirəm ki, o dağların ruhu, əzəməti şəxsiyyət kimi, şair kimi formalaşmağımda mühüm rol oynayıb. O ki qaldı şeirə, ədəbiyyata həvəs məsələsinə. Məndə ədəbiyyata həvəsi Yusif müəllim yaradıb. Ədəbiyyat müəllimiz idi. Allah rəhmət eləsin. 8-ci sinifdə Vaqif rolunu oynamışam. Özü də Vaqifin saqqalını özüm, keçi tükündən hazırlamışdım. Elə 8-ci sinifdən də çap olunmağa başlamışam. O vaxt "Şəki” qəzetində dərc ediblər ilk şeirlərimi. Onda "Şəki” qəzetində Namizəd Xalidoğlu vardı. İndi məşhur şairdir, Xalid Qoca deyirik. Onun dövründə ilk şeirim - "Göynük” çap olunub.
- Bəs o vaxtkı Yazıçılar İttifaqının ədəbi orqanlarında nə vaxtdan çap ediblər şeirlərinizi?
- 1988-ci ildə. İlk dəfə Fikrət Sadıq çap edib mənim şeirlərimi. Bilirsiniz ki, həmin illərdə bir yumşalma, belə deyək açılım var idi. Tək məni yox, yaşıdlarımın şeirlərini də həmin ildə çapa vermişdilər. Fikrət Sadıq şeirlərimi çap edəndən sonra bir yazı da yazmışdı. Ümidverici gənc kimi şeirlərimdən bir misranı xüsusi vurğulamışdı. Məni əsas çap edənlərdən biri də Abbas Abdulla olub. Bir maraqlı məqam deyim: adətən şeiri çap olunan adamlar qonaqlıq verir. Amma Abbas Abdulla şeirlərimi çap edəndən sonra mənə qonaqlıq vermişdi, ümidinin böyük olduğunu bildirmişdi. Onda universitetin 4-cü kursunda oxuyurdum. O da yadımdadır ki, Abbas abi şeirlərimi çap edəndən sonra Bəxtiyar Vahabzadə rektorluğa zəng edərək məni tapmağı tapşırmışdı. İlk dəfə onda Bəxtiyar müəllimlə telefonla danışmışam.
- Yazıçılar Birliyinin üzvülüyünə nə vaxt qəbul olundunuz bəs?
- 1994-cü ildə. 2007-ci ildə isə üzvlükdən çıxartdılar. Elə o vaxtdan da nə bir mükafat almışam, nə də hansısa qurumun üzvü olmuşam.
- Niyə çıxatdılar ki?
- "Yeni nəfəs” qəzetində Rəsul Rza və Nigar Rəfibəylinin yaradıcılığı haqqında tənqidi yazılar yazdığıma görə. Doğrusu, özüm də o dövrdə bir az cığal idim. Anar müəllim də dədəsini, anasını qorudu, məni çıxartdılar AYB-dən. Təbii ki, yaxşı edib, dədəni, ananı qorumaq lazımdır. Məni ümumən klassik ədəbiyyat əleyhinə olmaqda ittiham etdilər. Halbuki, mən klassik ədəbiyyatı müdafiə edən adamam, həmişə də belə olmuşam. Balaş Azəroğlunun adından postmodern bir müsahibə yazmışdım. Yəni sualları özüm verib, cavabları da özüm yazmışdım. Orda deyilirdi ki, Rəsul Rza ailəsi rusa yıxılıb, ancaq Balaş Azəroğlu ailəsi Azərbaycan dilinin müdafiəsi üçün, milli azadlıq üçün Cənubda böyük işlər görüb. Balaş Azəroğlu müsahibədə "deyirdi” ki, onlar rusa, biz türkə qardaş demişik. Bu söhbətə görə yekdilliklə səs verib, AYB-dən çıxatdılar məni. Amma yaxşı ki, çıxartdılar. Çünki o vaxtdan tam azad və rahatam.
- Bəy, bir söz soruşum, sonra yenə AYB-yə qayıdarıq. Bəzi şair və yazıçılar deyirlər ki, Sovet dövründə bizi çap etmirdilər. Sizə elə gəlmirmi ki, elə hər adamın çap olunmamağı yaxşı idi? İndi hamını çap edirlər, ortada da heç nə yox.
- Sovet dövründə ədəbiyyata siyasətin bir vintciyi kimi baxırdılar. Ədəbiyyat partiyaya xidmət etməli idi. Nə yazırsansa yaz, Leninə, partiyaya həsr olunmuş nəsə də olmalıydı. Amma sözün düzü mənim yaradıcılığımda bu hallar olmadı. Şeirlərim təbiət şeirləri idi. Bunun da sovetə istisi-soyuğu olmurdu. Amma tutaq ki, hansısa siyasi mesajı olan şeir yazsaydın başın ağrıyacaqdı, çap olunmağa imkan verməyəcəkdilər. KQB-dən bütün mətbu orqanlara nəzarət edən insanlar var idi. Müxtəlif yollarla üsyankar ruhu olanları zərərsizləşdirirdilər, baxırdın ki, alovlu ruhun sahibi son nəticədə dövlətlə əməkdaşlığa gedib.
- Bəzən Azərbaycan Sovet dövrü ədəbiyyatının və daha çox nəsr əsələrinin ümumiyyətlə mənasızlığı haqqında fikirlər səslənir. Bu fikirlərlə razısınızmı?
- Hesab edirəm ki, Sovet dövrünə qədər olan ədəbiyyatımız Sovet dövrü ədəbiyyatından daha sanballıdır. Amma Sovet dövrünün özündə də, xüsusilə 60-cı illərdən sonra bir oyanış oldu. Dünya ədəbiyyatında baş verən proseslər az-çox bizə də təsir göstərməyə başladı. Amma elə 30-cü illərdə də maraqlı, yaxşı əsərlər yaranırdı. Məsələn, Mehdi Hüseynin yaradıcılığında ciddi məqamlar, ciddi faktlar var. 60-cı illər və ondan sonrakı yaradıcılıq isə ədəbiyyatımızda mühüm, əhəmiyyətli mərhələdir. İsa Hüseynov, İsi Məlikzadə, Sabir Əhmədovun yaradıcılığı mənə doğma və yaxındır. Anarın, Elçinin yaradıcılığında da xeyli ciddi məqamlar var. Onu da deyim ki, Sabir Əhmədovun yazdıqlarını daha doğma hesab edirəm. O yazdıqlarında özünə, kişiliyə, ərdəmliyə qayıdış var, daha doğrusu sadaqladıqlarımın ədəbiyyata gətirilmə istəyi. Bir məqamı da deyim: elə bilirəm ki, ən dəyərlilərdən biri olmağına baxmayaraq, o dövrlər Əli Kərim yetərincə çap olunmadı. Halbuki, onun şeirlərinin hər misrası belə böyük bir mövzudur. Düşünürəm ki, 1978-ci ildə Əkrəm Əylislinin "Azərbaycan” jurnalına baş redaktor təyin olunması da o zamanlar üçün ədəbiyyatımıza yeni bir hava gətirdi. Ramiz Rövşən, Vaqif Bayatlı, Cavanşir Eloğlunun şeirləri böyük maraqla qarşılanırdı o vaxt. Özü də "Azərbaycan” jurnalı şeirləri bir-bir yox, iki-iki çap edirdi. Həmin dövrdə ədəbi tənqidə də böyük imzalar gəlib. Başda Tofiq Hacıyev, Nizami Cəfərov olmaqla.
O dövrlərdə ən ciddi hadisələrdən biri də Asif Atanın "Müdriklik səlahiyyəti” kitabının çap olunması idi. O kitabda dövr üçün yeni, bu gün üçün də aktual esselər var. Təəssüf ki, o zamanlar Asif müəllimi çap olunmağa qoymurdular, onun elə yazıları var ki, sonradan oxuduq və gördük, indiki prosesləri əvvəldən görürmüş. O vaxt Asif Əfəndiyev idi, sonradan Asif Ata oldu. Asif Əfəniyev yazılarının çap olunmadığını görüb Sokrat kimi keçdi içindəki enerjini şifahi şəkildə ötürməyə. O zamanlar Aydın Məmmədovun möhtəşəm yazıları, müsahibələri var idi. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, həmin dövrdə ədəbiyyatdan daha çox musiqi sənəti, bəstəkarlıq və rəssamlıq daha böyük inkişaf mərhələsinə qədəm qoydu. Çünki ədəbiyyat adamlarının içində təbii ki, bir daxili senzura vardı. Senzura da inkişafın düşmənidir.
- Bəy, yenidən qayıdaq AYB-yə. Bu cür dövlətdən maliyyələşən yaradıcı birliklərin fəaliyyəti lazımdırmı, ehtiyac varmı onların yaşamasına?
- Bu yaradıcı birliklər də Sovet dövrünün mirasıdır. Və maraqlıdır ki, bu birliklərin fəaliyyəti heç bir qanunla tənzimlənmir. Nə QHT-dir, nə partiya. Hökümətin qeyri-hökümət təşkilatına dəstək verməsi absurddur, bu dəstək varsa, hökumət istər-istəməz bundan öz xeyrinə yararlanacaq. Zaman-zaman da bunun şahidi oluruq. Müəyyən məqamlarda AYB-nin, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının dövlətə vurduğu zərbə təsəvvür edə bilməyəcəymiz şəkildə qorxuludur.
- AYB-nin ədəbi oqranları haqqında fikirləriniz də maraqlı olardı. Bayaq o dövrdən danışdıq. O vaxtlarla müqayisədə nə dəyişib?
- O dövrün mətbu orqanlarında çap olunan əsərlər ideologiyaya xidmət etsə də, dil, üslub baxımdan hər şey normallaşdırılıb çap olunurdu. Əndazəni indiki kimi aşmaq yox idi. İndi baxıram, müqayisə edirəm, o səviyyə, o dövrkü yanaşma yoxdur. Bəzən deyirlər ki, əlimizdə olan budur. Amma düzü mən buna inanmıram. Xeyli yaxşı imzalar var ki, onlar ümumiyyətlə çap olunmur. Bir məqam da var ki, o vaxt ədəbi orqanlara yaşlılar rəhbərlik edirdi, indi cavanlar. O vaxt yaşlılar cavanları çap olunmağa qoymurdu, indi də cavanlar yaşlıları. Bu söhbət ümumiyyətlə bütün ədəbi orqanlara aiddir. Deyirlər ki, hər halda o dövrlə müqayisədə indi azadlıq var. Mənim qənaətim isə bundan ibarətdir ki, rəsmi senzura qeyri-rəsmi senzura ilə əvəz olunub. Məsələn, birinə medal verilir, yazıçı, şair də istər-istəməz senzuranı öz boyuna biçir. İstədiyimiz azadlığın olmadığını çap olunan materiallardan da, başqa məqamlardan da aydın görə bilirik. Kitab, qəzet, jurnal satışı sistemi də məhv olub, məncə bu, düşünülmüş addım idi və ağır nəticələrini hər gün hiss etməkdəyik.
- Bəy, sizcə ədəbiyyat adamı ictimai-siyasi proseslərdə nə dərəcədə aktiv olmalıdır? Sizə elə gəlmirmi ki, yazıçının, şairin müqəddəs vəzifəsi yaxşı yazmaqdır?
- Normal cəmiyyətlərdə yazıçı, şair yaradıcılıqla məşğul olmalıdır. Amma keçid dövrünü yaşayan cəmiyyətlərdə şair və yazıçıların boynuna böyük yük düşür. O cümlədən alimlərin. Ziyalılar əvvəlcə nə baş verdiyini özü anlamalı, sonra da cəmiyyətə anlatmalıdır. Millətin böyük bir kəsimi hələ bilmir ki, nə baş verir. Cəmiyyətimiz oturuşmayıb deyə yük şairlərin, yazıçıların boynuna düşür. Mən siyasi tərəfim olmasa da, siyasətim haqq-ədalətdir. Çalışıram hər zaman haqqın yanında olum. Mən daha azad cəmiyyət istəyirəm, bunun uğrunda əlimdən gələni edirəm. Bir də ən gözəl əsərlərin hansında siyasət yoxdur ki. "1984”, "Master və Marqarita”, "Topal Teymur” siyasət deyilmi? Doğrudur, burada yanaşmalar daha çox fəlsəfidir, bədiidir. Amma siyasətdən kənar və ayrı deyil.
- Bir çoxlarından fərqli olaraq siz bu fikirdəsiniz ki, dünyaya çıxarılası əsərlərimiz var.
- Bəli, bəyəndiyim, qiymətləndirdiyim müəlliflər var: Əlisəmid, Səfər Alışarlı, Şərif Ağayar, Ayaz Arabaçı, Seymur Baycan, Aqşin, Salam, Rəbiqə, Qənimət Zahid, Səadət Cahangir, Aydın Uluxanlı, Ayxan Ayvaz və başqaları. Lazım olan işlər görülsə, dünyaya çıxara biləcəyimiz əsərlər yaranıb və yaranacaq. Amma bir mühüm məqamı qeyd etməliyəm. Bizdə çoxu belə fikirləşir ki, məsələn, Kafkanı imitasiya etməklə dünyaya çıxmaq olar. Amma baxın, vaxtilə biz dünyaya nə ilə çıxmışdıq: "Məşədi İbad"la, "Arşın mal alan”la. Əcnəbi üçün onların özünə məxsus olan yox, bizə məxsus olan maraq doğura bilər. Biz öz ağrımızla yox, Kafka ağrısı ilə dünyaya çıxsaq, uduzacağıq. Çünki yaşantı da, yaradıcılıq da onlarındır. Biz nə yaşayırıq, ağrımız-acımız nədi, bunu yazmaq lazımdır. Bir də bizim ədəbiyyat adamlarında sistemlilik yoxdur. Mən yaradıcılığı sistemli olan müəllifləri sevirəm. Məsələn, Nizami kimi. Füzulidə, Səməd Vurğunda, Əli Kərimdə, Rəsul Rzada və başqalarında da sistem gözlənilir. İndiki gənclər daha çox dəbdə olan üslubun dalınca qaçırlar, sistemlilik itir. Bütövlükdə öz üslublarını yarada bilmirlər. Salam Sarvan bu qədər popuyarlıq qazanmasının səbəbi nədir? Öz üslubunu yaratması. Salamdan sonra nə qədər onun üslubunda yazan şairlər meydana gəldi. Şairliyin, yazıçılığın birinci şərti özünü, öz üslubunu, öz dilini, öz müraciət formanı tapmaqdır.
- 60-la başladıq, 60-la yekunlaşdıraq. Geriyə baxanda nə düşünürsünüz, nə qazandınız, nə itirdiniz?
- Fərdi qaydada bir çox şeyləri əldə eləmişəm. Birincisi, öz daxili azadlığımı qoruyub saxlamışam. Nəfəsimi boğmamışam, pis, yaxşı, içimdən gələni demişəm. Ancaq ictimai baxımdan çox şeylər əldə edə bilməmişik. Bu baxımdan özümü sınmış, əzilmiş hiss edirəm. Enşteyn arvadına deyirmiş ki, mən nalbənd deyiləm, əməyimin bəhrəsi dərhal görünsün. Mən fizikəm, mən əməyimin bəhrəsi çox sonralar görünəcək. Mən də düşünürəm ki, gördüyüm işlərin nəticəsi nə vaxtsa mütləq görünəcək.
Ağa Cəfərli
Şərhlər