"AST-Texnologiyaları” şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Evrascon” Açıq Səhmdar Cəmiyyətidir (ASC). İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.
Maraqlıdır ki, artıq üçüncü dəfədir iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. Noyabrın 24-nə təyin olunan iclas dekabrın 6-na təxirə salınıb. Dekabrın 6-da hazırlıq iclası baş tutmayıb. Hakim növbəti iclası 12 yanvar 2023-cü il tarixə təyin edib.
"AST-Texnologiyalar” şirkətinin iş adamı Telman İsmaylova məxsus "AST Group”a daxil olduğu deyilir.
2017-ci ildə Telman İsmayılova iki sahibkarın qətlini təşkil etməklə bağlı ittiham irəli sürülüb və o, "İnterpol" xətti ilə axtarışa verilib. 2021-ci ildə onun Monteneqroda saxlanıldığı və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə məlumat yayılıb. Lakin sonradan o azad edilib və iş adamına Monteneqroda sığınacaq verilib.
"Evrascon” ASC-yə gəlincə, iddialara görə, şirkət baş nazirin keçmiş müavini Abid Şərifova məxsusdur. Bir neçə ilə əvvəl Abid Şərifovun biznes imperiyası ilə bağlı yerli mediada dərc edilən araşdırma yazısında bildirilir ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.
Şərifovların "Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynilik təşkil edir.
Seyid
Şərhlər