"Makronun hakimiyyəti dövründə Fransa səfirinin də Şuşaya səfər edəcəyini real hesab etmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ-ın Bakıdakı səfirinin mayın 6-da nəhayət, Şuşaya getməsi fonunda anoloji addımın Fransa səfiri tərəfindən də atılıb-atılmayacağı məsələsinə toxunarkən deyib.
Deputat bildirib ki, ABŞ səfirinin Şuşaya getməsi önəmli hadisədir:
"Nəhayət səfirin simasında ABŞ haqq və ədalətin yanında oldu və bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini konkret addımla etiraf etdi. ABŞ-la Fransanı müqayisə etməyə ehtiyac yoxdur. Makron sürüşkən mövqe tutub. O, Bakı ilə Paris arasında illər uzunu mövcud olan normal münasibətlərə xələl gətirərək bütün körpüləri yandırıb. Ona görə də Makronun dövründə Fransa səfirinin Şuşaya səfər edəcəyini real hesab etmirəm. Bunu edərsə, əslində bu Makronun da Azərbaycan dövləti, xalqı qarşısında şlyapasını çıxarıb, üzr istəməsi anlamına gəlməlidir. Bu bir daha Azərbaycan dövlətinin gücünün, onun haqq və ədalətə söykənən mövqeyinin Fransa səviyyəsində də etirafı demək olardı. Hadisələr Azərbaycan xalqı və dövlətinin maraqları çərçivəsində həyata keçir. Bütün bunların müəllifi Prezident İlham Əliyevin xalqımıza verdiyi töhfələrdir. Bununla fəxr edirik, bu cür hadisələr bizləri sevindrir. Bu cür qələbə və sevinclərimiz bundan sonra da davamlı olacaq”.
Qeyd edək ki, mayın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi xanımı Şuşaya səfər edib. "Şuşada olduğuma görə xoşbəxtəm. Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və şadam ki, bu səfər nəhayət baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm", deyə diplomat səfərlə bağlı danışarkən bildirib
Xatırladaq ki, indiyə kimi, əksər böyük dövlətlərin Bakıdakı diplomatik nümayəndələri Şuşaya səfər etmişdi. Yalnız ikisindən - ABŞ və Fransadan başqa. İndi ABŞ səfiri də bu addımı atdı. İndi yalnız Fransanın ölkəmizdəki səfiri Ann Buayon Şuşaya səfər etməyib.
Rüfət Sultan
Şərhlər