Təhlükəsizlik qüvvələri çərşənbə gecəsi Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib. Üç gənc dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Yeni Kaledoniya prezidentinin nümayəndəsi agentliyə bildirib ki, 3 nəfər həlak olub. Ölənlər yerli sakinlərdir. Fransanın ali komissarı Lui Le Frank daha əvvəl açdığı atəş nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib. Onun sözlərinə görə, iğtişaşçı polis əməkdaşları tərəfindən deyil, "açıq-aşkar özünü müdafiə etmək istəyən biri” tərəfindən vurulub.
Ali Komissar "iğtişaşçılarla mülki müdafiə qüvvələri arasında atışmaların" olduğunu bildirib. Jandarm məntəqəsinə basqın etmək cəhdi olub.
Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, yüzlərlə adam, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.
İğtişaşlara səbəb yerli seçkilərdə elektoratın genişləndirilməsi ilə bağlı Fransa konstitusiya qanun layihəsinə etiraz olub. Bu, Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verir. Hazırda, yalnız 1998-ci il Numea Müqaviləsi zamanı xarici ərazinin muxtariyyətini genişləndirən seçici siyahısında olan vətəndaşlar və onların uşaqları səs vermək hüququna malikdir. Etirazçıların fikrincə, islahat mərkəzi Fransa hakimiyyətinin xeyrinə olacaq.
Nizami Bağırov
Şərhlər