Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, İsrail hücuma məruz qalacağı təqdirdə ABŞ onu müdafiə etməyə yardım edəcək.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Ostinin bəyanatı Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən, həm də Hizbullahın "ən yaşlı hərbi komandiri” Fuad Şükr İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi zərbə zamanı məhv edildikdən sonra verilib.
Onun sözlərinə görə, gərginliyin azaldılması ABŞ üçün prioritet olaraq qalır.
"Biz belə bir şeyin olmasını istəmirik. Biz gərginliyin azaldılmasına və diplomatik görüşlər vasitəsilə problemlərin həllinə kömək etmək üçün əlimizdən gələni etdiyimizə əmin olmaq üçün çox çalışacağıq”, - Ostin bildirib.
O qeyd edib ki, Yaxın Şərqdə genişmiqyaslı müharibəni qaçılmaz hesab etmir və ABŞ regionda artan gərginliyi azaltmağa çalışır.
"Müharibənin qaçılmaz olduğunu düşünmürəm. Mən bu fikrin tərəfdarıyam. Düşünürəm ki, diplomatiya üçün hər zaman yer və imkan var", - ABŞ müdafiə naziri vurğulayıb.
Haniyənin qətlinin təfərrüatlarını təsdiq edə biləcəyini soruşduqda, Ostin əlavə məlumatın olmadığını qeyd edib.
Nizami Bağırov
Şərhlər