Xəbər lenti

Xoruzlar haqqında bədii-fəlsəfi esse
Seymur Baycan
Sənət 11:46 16.03.2016

Xoruzlar haqqında bədii-fəlsəfi esse

Seymur Baycan


Xoruzların səsi problemlərin, dərdlərin yuxudan oyanan kimi beynimə girib orda at oynatmaqlarına imkan vermir. Xoruzların səsi qulaqlarımda "ancaq işləmək lazımdır" şüarı kimi səslənir. Xoruzun səsi zəhmətin, bərəkətin, həyatın, təbiətin, sülhün və əminamanlığın səsidir. Qoy kimin imkanı, şəraiti varsa xoruz saxlasın. Hər tərəfdən xoruz səsi gəlsin. Bilək ki, ölməmişik, yaşayırıq, həyat davam edir. Əgər mənim əlimdə imkanım olsaydı iki yüz min xoruz alıb camaata paylayardım.

Müğənnilər demişkən, yaxından tanıyanlar bilirlər ki, intellektual pafosdan həmişə uzaq dayanmağa calışmışam. Terminlərdən nadir hallarda istifadə edirəm. Oxuduğum hansısa əsərlə həyatda baş verən hadisələr arasında paralellər apararkən əsərin məzmununu o qədər sadə nəql edirəm ki, sanki nağıl danışıram. Bu cürə paralelləri ancaq mövzunun daha da aydın başa düşülməsi üçün edirəm. 

Neçə aydı yatanda pəncərəni açıq qoyuram. Çox gözəl bir şeydi. İndi yaşadığım binanın ətrafında xeyli həyət evləri var. Hər gün səhər xoruzların səsini eşidirəm. İnanın səhərin sakitliyində xoruzların səsini eşidəndə Markesin "Polkovnikə məktub yoxdur" və Mirzə Cəlilin "Pirverdinin xoruzu" əsərlərini xatırlayıram. Sonra "Göyçək fatma" nağılındakı, gözəlliyin qələbə çalmasını istəyən xoruz yadıma düşür:

Quqqulu-qu,

Fatma xanım təndirdə,

Əl-ayağı kəndirdə.

Sonra hansısa nağıl kitabından yaddaşıma həkk olunmuş bir rəsm gözlərim önündə canlanır; qaraqaş, qaragöz balaca bir oğlan uşağı qoltuğunun altında xoruz tutubdur. Uşağın ağıllı, mehriban sifəti var. Hər ikisi, uşaq da xoruz da irəliyə baxırlar, amma irəlidə nə var bilinmir… 

Bunları xatırladıqdan sonra ikinci dünya müharibəsindən bəhs edən, Sovet zamanı çəkilmiş "Geriyə yol yoxdur" adlı üç seriyalı filmdən bir kadr yadıma düşür. Faşistlər kənd sakinlərini məhv ediblər. Adamsız qalmış kənddə qorxulu sakitlik hökm sürür. Müharibədən əvvəl bu kəndi görmüş bir partizan yiyəsiz qalmış evlərə, adamsız qalmış həyətlərə baxır və partizan dostuna deyir: Bilirsən bu kənddə əvvəllər necə qaynar həyat vardı? Bilirsən burda necə yarmarkalar keçirilirdi? "

Bu zaman bir ağ xoruz çəpərin üstünə çıxıb banlayır. Bu ağ xoruz kənddə sağ qalan yeganə canlı idi. 

Daha sonra həyatın müxtəlif dövrlərində, müxtəlif kəndlərdə, qəsəbələrdə, rayonlarda gördüyüm, səsin eşitdiyim xoruzlar yadıma düşür. O məkanların sayı bir deyil, iki deyil, üç deyil...Beləliklə xeyli adamı, evləri, həyətləri, hadisələri xatırlamalı oluram. 

N. rayonuna getmişdim. Allah qoymasa güya hekayələr yazacaqdım. Evdə yox, daha çox həyətdə, ağacın altında otururdum. Burda od kimi qırmızı bir xoruz vardı. Həyətdə gəzişirdi. Boynunu uzadıb banlamaq istəyirdi, ancaq nə fikirləşirdisə cıqqırın da çıxarmırdı. Evin sahibəsi 55-60 yaşında təmizkar bir qadın idi. Gündə bir dəfə gəlib evə baş çəkər, dəfələrlə bir şeyin lazım olub-olmadığını, hansı yeməyi yemək istədiyimi soruşardı. Onun hər cürə fəlsəfədən uzaq söhbətlərinə qulaq asanda beynim dincəlirdi. Hadisələrə sadəlöv münasibəti çox xoşuma gəlirdi. Onun söhbətlərinə qulaq asmaq bir növ mənim üçün terapiya idi. Bir gün hansısa türk kanalında nümayiş olunan xaç yürüşündən bəhs edən filmə baxırdım. Cəngavərlərin arasında balaca, gülməli bir kişi vardı. Onu niyə xaç yürüşünə aparmışdılar bilmək olmurdu. Zirehli paltarda bu kişi doğurdan da gülməli görünürdü. Filmə baxdığım zaman evin sahibəsi gəldi. Salam verdi. Salamın aldım. Dedi nəyə baxırsan. Dedim kinoya. Oturmağı təklif etdim. Oturmadı. Ayaq üstə dayanıb telvizorun ekranına baxdı. Elə bil bir dəqiqəyə filimin maraqlı, maraqsız olduğunu müəyyən etmək istəyirdi. Bu zaman, ekranda həmin o balaca kişini göstərdilər. Birdən arvad dedi: "Bu nə gülməli kişidi, bunu mənə versəydilər aparıb çoxlu oynadardım”. Əlim üzümdə qaldı. Hərdən elə adamlardan elə gözlənilməz sözlər eşidirsən ki, bilmirsən nə deyəsən, necə reaksiya verəsən. Bu cürə sözlər heç vaxt adamın yadından çıxmır….

Bir qohumumuz vardı. Balacaboy, yığcam bir kişi idi. Biz uşaqlar ona cıqqılı kişi deyirdik. Bığı olan, saat taxan, siqaret çəkən bir kişinin belə balaca olması əlbəttə ki, biz uşaqların təəccübünə səbəb olurdu. Ona hədsiz maraqla baxırdıq və bu maraq bitməz-tükənməz idi. Bu kişi gedib yekəpər, iri sümüklü, atsifət, həyasız, həm də olduqca zirək bir arvad almışdı. Arvad deyildi, od parçası, yıxılı evin dirəyi idi. Nədənsə balaca kişilər yekəpər, əndamlı, döşlü-başlı, baldırı yoğun arvadlara meyl edirlər. Yəqin özlərində olmayanları arvadlarda axtarırlar. Bu cıqqılı kişiylə arvadı arasında çox böyük fiziki uyğunsuzluq vardı. Arvad istəsəydi ərini asanlıqla qucağına alıb gəzdirə bilərdi. 

Atalar düz deyib qadın istəsə kişini vəzir də edər, rəzil də. Pah atonnan, bu yekəpər, atsifet, həyasız arvad bu cıqqılı kişidən bir çəkinirdi, bu cıqqılı kişinin bir qayğısına qalırdı, bu cıqqılı kişiyə bir hörmət edirdi gəl görəsən. Adamda bəxt yaxşı şeydi vallah. Axtarmaqla deyil, gərək özü qarşına çıxsın. Sən istəməklə deyil, gərək ziyarət özü də istəsin. Bu yekəpər arvad cıqqılı kişini qaldırıb qoymuşdu dağın başına. Bu azmış kimi hələ bu balaca kişisin başqa arvadlara da qısqanırdı. Həm də bərk çalışırdı ki, kişisi heç nəyə əsəbləşməsin. Bu cıqqılı kişi həm də bərk əsəbi idi. Bu arvad istəyirdi ki, cıqqılı kişi əsəbləşəndə özü ondan qorxduğu kimi başqaları da ondan qorxsunlar. Onun qorxusu başqalarına da yoluxsun. Nə bilim, ola bilsin bu cıqqılı kişinin yekəpər arvadı qane edən biz bilmədiyimiz cəhəti, hətta cəhətləri varmış. Həyatdı, hər şey ola bilər. Hər şeyi bilə bilmərik ki. Heç bilmək də lazım deyil. Qərəz, bu yekəpər arvad heç nədən özünə bir kişi düzəldib həyatını yaşayırdı… İki-üç ay əvvəl uzun məşəqqətlərdən sonra ərə getməyi bacarmış bir xanımın müsahibəsin oxumuşdum. Xanım müsahibəsində demişdi ki, həyat yoldaşım mənə mobil telefondan istifadə etməyi qadağan edib. Bu sözlərdə bir qram da şikayət, narazılıq, kədər əlaməti yox idi. Əksinə bu sözlərdə sevinc və xoşbəxtlik əlamətləri fontan vururdu. Uzun məşəqqətlərdən sonra ərə getməyi bacarmış xanımın müsahibəsini oxuyanda başa düşdüm ki, o yazıq bu və bunun kimi qadağaları nece səbirsizliklə gözləyirmiş…

Bir dəfə evdən məni ərzaq mağazasından qənd, çay, günəbaxan yağı almağa göndərmişdilər. O vaxtlar indiki kimi hər addımda, hər binanın altında, hər küçənin başında, ortasında və ayaqında ərzaq mağazası olmurdu. Hər rayonda beş-altı ərzaq mağazası olurdu. Vağzalda, bazarda, xəstəxananın yanında, milis idarəsinin yanında... 

Bir mağaza bağlı oldumu, yaxud almaq istədiyin ərzağı bir mağazada tapmadınsa gərək zəhmət çəkib o biri mağazaya gedəydin. Ən yaxınlıqdakı ərzaq mağazasından qənd və çay aldım, amma günəbaxan yağı olmadı. Məcbur qalıb başqa mağazaya getdim. Çünki evdən bir şey tapşırırdılarsa gərək yerinə yetirəydim. Əliboş evə qayıtmırdım. Növbəti ərzaq mağazasına gedəndə gördüm bir kişi oturub balaca taburetin üstündə. Bu kişi qəssab idi. Elə qəssab mağazası da düz evinin yaxınlığında yerləşirdi. Qəssab əlindəki çörəyi ovub toyuqlara atırdı. Toyuqların arasında balaca, bapbalaca bir xoruz vardı. Ömrümdə belə balaca xoruz görməmişdim. Oyuncağa oxşayırdı. Xoruzun boyu olardı bir qarış, amma nə deyirsən, boyu bir qarış olan bu xoruz özündən dörd dəfə, beş dəfə böyük toyuqların arasında ədalı-ədalı gəzirdi. Qəssab gördü balaca xoruza diqqətlə baxıram, dedi : İstəyirsən bu xoruzu verim sənə? Bildim ki, sözdən tonqal qalayır, heç vaxt xoruzu mənə verməz. Ürəyim istəsə də, dilim istəmirəm dedi.

Evə qayıdanda gördüm nənəm də bizdədi. Gördüyüm balaca xoruzdan danışdım. O xoruzdan danışmamaq olmazdı. Uşaq olasan, boyu bir qarış xoruz görəsən necə danışmayasan? Danışdım, danışdım... Axırda da dedim ki, yəqin o xoruz da toyuqların cıqqılı kişisidi. Elə bunu demişdim ki, ağzımın üstündən bir şillə dəydi. Ana-bala düşdülər üstümə. Anam dedi ki, bir də bu sözü heç harda demə. M. eşidər (cıqqılı kişinin yekəpər, atsifet, həyasız arvadı) gəlib bizi cırar. Nənəm dedi ki, bu uşaq danışanda mənim qorxudan qarnım ağrıyır. Doğrudan da mən qohumlarımız haqqında müxtəlif əhvalatlar uydururdum. Araya dava-dalaş düşürdü. Qohumlarımız elə bilirdilər ki, danışdığım əhvalatları evdə böyüklər öz aralarında danışıblar, mən də onlardan eşitmişəm. O and yeri qalmırdı and içməyə, anam, nənəm hamısına and içib deyirdilər ki, vallah, bizim heç nədən xəbərimiz yoxdu, özü quraşdırır, amma yene də onlara inanmırdılar. 

...Cıqqılı kişi yekəpər arvadından tez öldü. Birdən-birə ölmədi. Xeyli xəstə yatdı. Bakıya, Moskvaya aparıb təzədən evə qaytardılar. Xəstə yatanda qonşular, qohumlar, tanışlar cıqqılı kişiyə baş çəkdilər. Bizimkilər də tez-tez gedirdilər. Xəstəlik onu daha da balacalaşdırmışhdı. O balacalaşıb lap bəbə boyda olmuşdu. Onu rahatlıqla bələmək olardı. Gedənlər onun yatağının yanında otururdular. Çay içə-içə ordan-burdan danışırdılar. O vaxt səhv etmirəmsə altıncı sinifdə oxuyurdum. Bu gedişlərin birində cıqqılı kişi birdən mənə sual verdi: "Azərbaycan nece yaranıb? ”

Bədəni balaca olsa da yaşda böyük bir adamın mənə tarixdən sual verməsinə çox sevindim. Bu onun tərəfindən böyük bir ehtimad idi. Çünki böyüklər biz uşaqları adam yerinə qoymurdular. Bizə sual vermirdilər. Verəndə də çox vaxt axmaq suallar verirdilər. Tarix kitabından oxuduğumu tutuquşu kimi təkrar eledim; Atropat adli bir hökmdar olub… Atropena dövləti yaranıb. Tuti, Xuti, Kuti, Lullubi tayfları, zad…

Cıqqılı kişi cavabı eşidəndən sonra ona gətirilmiş şokolad qutularından birin mənə verdi. Götürə bilməzdim. Cıqqılı kişi əsəbləşdi və qutunu götürməyimi tələb etdi. Arvadı həyacanlandı. Cıqqılı kişini əsəbləşdirmək olmazdı. Böyüklərin üzünə baxdım. Üzlərdə razılıq işarəsin görəndə qutunu götürməli oldum. Bu günə qədər müəyyən edə bilmemişəm "Azərbaycan nece yaranıb” sualı doğrudan da cıqqılı kişini maraqlandırırdı, yoxsa o özünə və vəziyyətinə aid olmayan suallara cavab axtarmaqla ölüm xofundan, onu gözləyən məhculluğun canına doldurduğu vahimədən əbəs yerə yayınmaq istəyirdi? 

Arvad bu cıqqılı kişiyə igidlərə layiq bir yas saxladı. Kişinin cavanlıq şəklini böyüdüb astı evin yuxarı başından. Tanımayan olsaydı cıqqılı kişinin şəkilinə baxıb fikirləşərdi ki, bu dünyadan Rüstəm Zal kimi boylu-buxunlu bir igid gedib. Arvad oturub-durub kişidən danışıb ağlayırdı. Sözünün əvvəli də rəhmətlik idi, axırı da. Tez-tez nənəmgilə gəlirdi. Bir dəfə arvad kişidən danışıb ağlayanda nənəm ona dedi; özünü çox üzmə, vallah öldü canın qurtardı. Sən də çox əziyyət çəkirdin. 

Arvad da dedi ki, xəstə olsa da bilirdim ki, evdə kişi var. Alıb verdiyi nəfəs mənə bəs idi...Uşaqlar sözümə baxmırlar...

Hər gün səhər xoruzların səsin eşidəndə yuxarıda yazılan söhbətləri xatırlayıram. Səhərin sakitliyində xoruzların səsin eşitmək olduqca xoşdur. Əvvəllər səhərlər yuxudan oyanan kimi beynimdə qara fikirlər dolaşırdı. Gün problemləri bir-bir yada salmaqla və beynimdə bu problemlərə çıxış yolları axtarmaqla başlayırdı. Nə qədər axtarırsan axtar cıxış yolu da yox. Dərd çəkmək, düşünmək özünə qalır. Havayı yerə adam özünə zülm edir. İndi hər gün səhər problemlər başıma yaxın gəlsələr də, beynimə girə bilmirlər. Xoruzlarin səsi problemlərin, dərdlərin yuxudan oyanan kimi beynimə girib orda at oynatmaqlarına imkan vermir. Xoruzların səsi qulaqlarımda "ancaq işləmək lazımdır" şüarı kimi səslənir. Xoruzun səsi zəhmətin, bərəkətin, həyatın, təbiətin, sülhün və əminamanlığın səsidir. Qoy kimin imkanı, şəraiti varsa xoruz saxlasın. Hər tərəfdən xoruz səsi gəlsin. Bilək ki, ölməmişik, yaşayırıq, həyat davam edir. Əgər mənim əlimdə imkanım olsaydı iki yüz min xoruz alıb camaata paylayardım.

Kultura.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->