İsrail Yaxın Şərqdə NATO-nun analoqunu yaratmaq niyyətindədir. Alyans İrandan gələn təhlükəyə qarşı durmalıdır. Bu təkliflə ölkənin baş naziri Benyamin Netanyahu çərşənbə günü, iyulun 24-də ABŞ Konqresində çıxış edib. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Netanyahunun çıxışını ABŞ Konqresi qarşısında yüksək rütbəli əcnəbilərin indiyə qədər etdiyi ən pis çıxış adlandırıb. İsrailli siyasətçinin yeni hücumlar planı deyil, atəşkəs və HƏMAS ilə razılaşma ilə bağlı açıqlamalar verəcəyi gözlənilirdi. Netanyahunun Vaşinqtona səfəri fəalların müharibə əleyhinə etirazları və böyük siyasətçilərin boykotları fonunda baş verir.
Qaynarinfo bu mövzu ilə bağlı xarici mətbuatın icmalını təqdim
edir.
ABŞ Konqresinin iclasında çıxış edən Benyamin Netanyahu İsrail hökumətini Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edən BMT, insan haqları təşkilatlarını və Beynəlxalq Cinayət Məhkəməsinin tənqidlərini tam cəfəngiyyat adlandırıb.
O, ölkəsinin anklavda mülki insanları qoruduğunu və girovları azad etdiyini, sektorda insanların aclıqdan ölməsi faktının Fələstin şəhərlərini idarə edən yarımhərbi qruplaşmanın günahı olduğunu bildirib. "The Washington Post” qeyd edir ki, respublikaçılar çıxışı gurultulu alqışlayıblar, demokratlar isə buna təmkinlə reaksiya veriblər.
İki partiya arasındakı bu aydın parçalanma "The Hill” tərəfindən də qeyd
olunur.
Keçmiş spiker Nensi Pelosi də daxil olmaqla bir çox demokratlar Netanyahunun çıxışını tamamilə boykot ediblər. Onlar Qəzzada baş verən humanitar fəlakətə görə Netanyahunun məsuliyyət daşıdığını düşünürlər. Miçiqandan olan konqresmen Rəşidə Tlaib isə "Müharibə cinayətkarı” və "Soyqırımda günahkar” yazılmış lövhələrlə zala girib. Onun dəvəti ilə Konqresdə Qəzza zolağında müharibə zamanı ailəsinin 150 üzvünü itirmiş Fələstin əsilli amerikalı iştirak edib.
Benyamin Netanyahu özü belə ittihamları cəfəngiyat adlandırır. O, İrana qarşı mübarizə üçün Yaxın Şərqdə NATO-nun analoqunu yaratmaq planını Vaşinqtona təqdim edib. O, bu birliyi "İbrahim Alyansı” adlandırmağı təklif edir, Reuters
yazır.
Baş nazir bunun başlanğıcını aprel ayında, İsrailə hücum edən İranın raket və PUA-larını vurmaq üçün müxtəlif ölkələrin beş ordusunun göyə qalxdığı zaman görüb. Netanyahu hesab edir ki, hərbi ittifaq bu birliyin təbii davamı olacaq. İsrail üçün sülh istəyən bütün region dövlətləri ona qoşulmalıdır.
"The Jerusalem Post”
yazır ki, İsrail İrandan olan düşmənlərlə, Qəzzada HƏMAS, Livanda Hizbullah və husilərlə uğurlu döyüşlər aparır. İsrail təkcə özünü deyil, ABŞ-ı da qoruyur.
"Bloomberg” yazır ki, Netanyahu danışarkən minlərlə nümayişçi müharibə əleyhinə etiraz nümayişi ilə Kapitol binasına gəlib.
Polis kütləni geri çəkmək üçün hətta bibər qazından da istifadə etməli olub. İsrailin baş naziri özü isə fəalları Tehranın "faydalı axmaqları” adlandırıb.
Nizami Bağırov
Şərhlər