"Tərəflər bir çox variantları müzakirə edirlər. Variantlardan biri odur ki, sülh müqaviləsi Ermənistan konstitusiya dəyişikliyini həyata keçirmədən də imzalana bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin Bakı və İrəvanın ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxın olduqları barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
"Azərbaycan dəfələrlə elan edib ki, sülh danışıqları məsələsilə bağlı əsas məsələlər razılaşdırılıb. Bunu Ermənistan da deyir. İndi gündəmdə olan İrəvan tərəfindən ərazi iddialarının sənədlərdən çıxarılması, bununla əlaqədar konstitusiyada dəyişikliklər edilməsi məsələsidir. Bu da orada olması gözlənilən referenduma bağlıdır. Tərəflər bununla bağlı bir çox variantları müzakirə edir", deyə Arif Əliyev bildirib.
Həmsöhbətimizin fikrincə, variantlardan biri də odur ki, sülh müqaviləsi Ermənistanda olacaq referendumdan öncə imzalana bilər:
"Amma bu müqavilədə ya referendum keçirilməsi məsələsi də əks olunmalı, yaxud da müqavilə ancaq geniş çərçivə mahiyyəti daşımalıdır. Bu variantlara baxılır. ABŞ həqiqətən də müqavilənin mümkün qədər tez bir zamanda imzalanmasına çalışır. Odur ki, indilikdə bütün variantlar mümkündür. Yəni COP29-a qədər sülh müqaviləsinin imzalanması da mümkündür. Lakin bu variantlardan hansının seçiləcəyi bir sıra başqa şərtlərlə də əlaqədardır",
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənstan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşdə tərəflərin sülh razılaşmasını əldə etməyə yaxın olduqlarını bəyan edib:
"Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır".
O, bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər:
"ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib".
Rüfət Sultan
Şərhlər