Latviyanın xarici işlər naziri Bayba Braje təsdiqləyib ki, Ukrayna Qərbdən artıq Rusiyanın ərazisinə hücumlar üçün heç bir məhdudiyyəti olmayan yardım alıb.
Qaynarinfo xəbər verir ki, latviyalı nazir bu barədə "Yevropeyska pravda” qəzetinə müsahibəsində danışıb.
XİN başçısı vurğulayıb ki, Rusiyanın ərazisinə müdafiə məqsədi ilə zərbələr endirməyə beynəlxalq hüquqla icazə verilir. O, əlavə edib ki, Ukrayna Qərb tərəfdaşlarından silahları Ukraynadan kənarda istifadə etməmək şərti ilə alır. Lakin onun sözlərinə görə, bu yanaşma artıq dəyişir.
"Artıq elə ölkələr var ki, Ukraynaya bu cür məhdudiyyətlər olmadan silah veriblər", deyə Latviya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Braje əlavə edib ki, bu hallarda məhdudiyyətlərin aradan qaldırılması açıq müzakirə olunmur.
Aprelin 10-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın Rusiya Federasiyasının ərazisindəki hərbi obyektlərə zərbələri tamamilə qanunidir.
Nizami Bağırov
Şərhlər