Xəbər lenti

Türkiyə-Suriya münasibətlərində növbəti gərginlik: Ankara sərhədə əlavə qüvvələr göndərir (ŞƏRH)
Dünya 21:00 02.07.2024

Türkiyə-Suriya münasibətlərində növbəti gərginlik: Ankara sərhədə əlavə qüvvələr göndərir (ŞƏRH)

"Bu məsələdə PKK terrorçularının izi görsənsə də, əsas sifarişçi ABŞ-dır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyənin Suriya ilə sərhədi və Ankaranın nəzarətində olan Suriya ərazisində baş vermiş insidenti şərh edərkən deyib. 

Ekspertə görə, bu, əvvəlcədən hazırlanmış təxribatdır:

"Türkiyənin Kayseri bölgəsində baş verən xoşagəlməz hadisə təsadüf ola bilməz. Çünki hadisəni törədənlərin arxasında dayananlar bilirdi ki, bu, Türkiyədə çox sərt cavabla qarşılanacaq. Körpə uşağa edilən təcavüz əlbəttə ki, türk toplumunda qəbul edilə bilməz. Türkiyənin olaya sərt reaksiyasından sonra onun cavabının Suriyanın şimalında kürdlərin yaşadığı Afrin bölgəsindən gəlməsi də müəyyən şübhələrə yol açdı. Hiss olundu ki, əvvəlcədən hazırlanmış hadisədir”. 

Politoloqun fikrincə, Azad Suriya Ordusunun Türkiyəni dəstəkləməsi də göstərir ki, bu məsələdən Ankaranın xəbəri olmayıb:

”Bu məsələdə PKK terrorçularının izi görsənsə də, arxasında siyasi sifariş verən ABŞ və onun xüsusi xidmət orqanları dayanır".
 

Politoloq deyib ki, bu səbəbdən də indiki vəziyyətdə Suriyanın şimalında yaşayan kürd və ərəb toplumunu Türkiyənin əleyhinə qaldırıb öz xeyirlərinə istifadə etməyə çalışırlar:

"Suriyanın şimalında bələdiyyə seçkiləri adı altında qondarma seçki keçirmək niyyətinə düşüblər. Bu isə gələcək perspektivdə muxtariyyət əldə edib, müstəqillik yolunda atılmış ciddi addım ola bilər. Sonra da ABŞ və onun koalisiyadakı müttəfiqləri həmin qurumu tanımaqla onu legitimləşdirəcəklər. Türkiyənin sərt bəyanatı fonunda həmin seçki müvəqqəti də olsa dayandırıldı”. 

Ancaq həmsöhbətimizə görə, baş verən hadisə hələ də həmin layihədən vaz keçilmədiyini göstərir:

"Sadəcə, onun baş verməsi üçün müxtəlif təxribatlardan istifadə etməyi planlaşdırırlar ki, son olaylar da məhz buna hesablanıb”. 

Qeyd edək ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyəni etirazlar bürüyüb. Buna cavab olaraq isə bu gün Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb. Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar. Yaranmış  vəziyyətdə Türkiyə ordusu iğtişaşları yatırmaq üçün Suriyanın şimalına əlavə qüvvələr göndərmək qərarına gəlib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->