"Donald Trampın prezident seçilməsi tək Ukrayna müharibəsinə yox, dünyada gedən bir çox proseslərə təsir edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Trampın ABŞ prezidenti seçilməsi fonunda Ukrayna müharibəsinin taleyinin necə olacağı barədə suala cavabında deyib.
Politoloq bildirib ki, Tramp Ukrayna müharibəsini bir günə dayandıra bilər:
"Bunu necə edəcəyinin mesajını da verib. Bu mesaj isə Ukraynanı qane etmir. Tramp Ukraynaya silah verilməsini dayandıracağını deyib. Tramp iddia edir ki, Rusiyanın qlobal güc kimi istədiyini etmək hüququ var. Yəni, Rusiya Ukraynaya qarşı hərəkətində haqlıdır. Amma Putin buna razı olmasa, onda Ukraynaya o qədər silah verəcək ki, Rusiya məcbur sülhə razı olacaq".
Ekspertin fikrincə, Trampın Ukrayna ilə bağlı fikirlərində ziddiyyətlər var:
"Müharibə tərəflərindən heç biri hadisələrin gələcəyindən əmin deyil. Amma Tramp bütün dünyanın xaos lobbisi üçün maneədir. Silah satışında maraqlı olan xaos lobbisi dünya müharibəsinin başlanmasında maraqlıdır".
Həmsöhbətimiz hesab edir ki, Tramp məhz Ukrayna müharibəsinin qarşısını almaq üçün hakimiyyətə gətirilir:
"Ona qarşı sui-qəsdin də hakimiyyətə gəlməsinin qarşısının alınması məqsədi daşıdığı bildirilir. Hesab edirəm ki, Trampın hakimiyyətə gəlməsi Rusiya-Ukrayna müharibəsini dayandırmaqla dünyada xeyli dərəcədə stabilliyə səbəbi olacaq. Amma xaos lobbisi nə edəcək, o bəlli deyil".
Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Donald Tramp hakimiyyətə gələn kimi, Ukrayna müharibəsinə son qoyacağını vəd edib. O, bir saata Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəyini deyib.
Rüfət Sultan
Şərhlər