Xəbər lenti

Siyasət 12:32 14.02.2024

"Sülh sazişini imzalamağa tələsməliyik" - Ekspert

"Hazırkı vəziyyət sülh müqaviləsini sürətləndirmək baxımından ölkəmiz üçün ən yaxşı dövrdür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev hər birinin öz maraqları çərçivəsində Qərblə Rusiyanın Azərbaycanla Ermənistanı yenidən savaşa çəkməklə, regionda bir-birilə toqquşa bilməsi ehtimalını şərh edərkən deyib.

Şərhçi bildirib ki, bu müstəvisə dərin səbəblər axtarmağa ehtiyac yoxdur:

"Azərbaycanla Ermənistan arasında sülh danışıqları bu templə davam edəcəksə, ortaya hələ çoxsaylı yeni-yeni problemlər çıxacaq. Məsələ ondadır ki, danışıqlar uzandıqca maraqlar da mürəkkəbləşir, nəzarət etmək də çətinləşir. Hətta ortada başqa problemlər də yaranır. 5 ay idi ki, sərhəddə atəşma yox idi. Təbii ki, mövcud vəziyyətdə bu haçansa pozulmalı idi. Nə zamansa kimsə səhv, provokasiya edəcək. Nəticədə, növbəti 5 aydan sonra yenə də anoloji problem təkrarlanacaq".
 


Ekspert qeyd edib ki, problem həll olunmayınca, daha da kəskinləşməklə gözlənilməz formalar alacaq:

"Tərəflər də yaranmış vəziyyətə görə bir-birini, habelə Qərbi və Rusiyanı ittiham edəcək. Qeyri-müəyyən situasiyaların təhlükəsi ondadır ki, onlar haradasa qırılmalıdır. Proses belə davam edəcəyi təqdirdə, Avropa İttifaqı ilə Rusiyanın maraqlarının toqquşması da baş verə bilər. Belə hallarda heç nə olmadan da hansısa bir axmağın təxribatı situasiyaya təsir edə bilər. Ona görə ki, proses getmir, hərəkətlənmir, yerində saymaqla iylənir. Danışıqlar prosesini sonsuz dərəcədə uzatmaq çox təhlükəlidir. Nə qədər ki, Azərbaycan öz mövqeyində möhkəm və güclüdür, hazırkı vəziyyət sülh müqaviləsini sürətləndirmək baxımından ölkəmiz üçün ən yaxşı dövrdür". 

Qeyd edək ki, Azərbaycanla Ermənistan sərhədində erməni təxribatı nəticəsində baş verən atışma sülh  danışıqlarını dalana dirəyə bilər. Bu isə müəyyən məqamlarda Qərblə Rusiyanın maraqlarına cavab  verir. Hadisələrin bu sayaq gedişi, sülh prosesinin uzanması istər-istəməz Qərblə Rusiyanın bölgədə toqquşmasına gətirib çıxara bilər. Aydın məsələdir ki, onlar birbaşa toqquşmayacaqlar, yenə də Azərbaycanla Ermənistanı savaşa çəkməklə öz maraqlarının təmin olunmasına çalışacaqlar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->