"30 illik işğal altında olan torpaqlarımız azad olunub. Dünya tarixində möhtəşəm Zəfərə imza atmaqla cənab Prezident adını tarixə həkk edib".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb:
"Bütün bu nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin başlatdığı və İlham Əliyevin davam etdirdiyi xarici və daxili siyasət dayanır. Azərbaycanda istehsal olunan ÜDM 3,6 dəfə artıb. Biz parlamentdə hər il dövlət büdcəsini müzakirə və təsdiq edirik. 20 ilə yaxındır dövlət büdcəsini gəlirləri 25 dəfədən çox, xərcləri isə 26 % artıb. İnsanların rifah halı yüksəlib. Ölkəmizin yüksəlişi bir sıra amillərlə bağlıdır. Azərbaycan neft və qaz yataqları ilə zəngindir. Prezident İlham Əliyev neft və qaz yataqlarından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr həm indiki, həm də gələcək nəsillərin firavan yaşamasına şərait yaradacaq. Ancaq iqtisadiyyat bir sahədən asılı ola bilməz. Ona görə də qeyri-neft sektorunun inkişafı da müşahidə edilir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulub. Həyata keçirilən infrastruktur layihələri nəticəsində ölkəmiz nəqliyyat dəhlizinə çevirilib".
Sədr bildirib ki, Prezident İlham Əliyevi rəhbərliyi ilə ölkəmiz nüfuzunu daha da artırıb:
" Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq ərazi bütövlüyümüz uğrunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilib. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində qələbə təmin edildi. 30 illik işğal altında olan torpaqlarımız azad olunub. Dünya tarixində möhtəşəm Zəfərə imza atmaqla cənab Prezident adını tarixə həkk edib. Bu ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri bütün ərazilərimizdə suverenliyimizi bərpa edib. Bu gün bunu qətiyyətlə söyləyirik. Qarabağı könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin bunu necə həyata keçirdiyini hamı gördü. Qarabağ ərazisində qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün tədbirlər görülür. Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır. Bunu dövlət başçısı son çıxışında bir daha bəyan etdi. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. İnamla söyləmək olar ki, tezliklə bütün köçkün soydaşlarımızın yurd həsrətinə son qoyulacaq. Bu gün Azərbaycan ən şanlı dövrünü yaşayır. Biz əminik ki, Prezident İlham Əliyevin səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da yerinə yetirməyə imkan yaradacaq. Biz möhtərəm Prezidentə tarixi missiyasını həyata keçirməkdə daha böyük uğurlar arzulayırıq"
Qafqaz Rafiqoğlu
Şərhlər