Xəbər lenti

Sloveniyanın ilk qadın prezidenti:
Dünya 09:02 14.11.2022

Sloveniyanın ilk qadın prezidenti: "Valideynlərim fəhlə idi, hələ orta məktəb illərində işləyirdim”

"Valideynlərim fəhlə idi, maaşları azıydı, ona görə də hələ orta məktəbdə oxuyarkən yarımştat işləyirdim”.

"Report” xəbər verir ki, bunu Sloveniyanın ilk qadın dövlət başçısı, noyabrın 13-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş Nataşa Pirs-Musar mətbuata müsahibəsində deyib.

O, qeyd edib ki, 1968-ci ildə Lyublyanada anadan olub.

"Həkim olmaq istəyirdim, amma sonda özümü hüquq sahəsində tapdım. 1992-ci ildə universiteti (Lyublyana Universitetinin hüquq fakültəsini – red) bitirdim və 5 il sonra vəkillik imtahanından keçdim”, - Sloveniya prezidenti şəxsi həyatı barədə danışarkən deyib.

"İlk işi unutmaq mümkün deyil. Altı il Sloveniyanın radio və televiziyasında "Gündəlik" xəbər proqramının jurnalisti və aparıcısı olmuşam. Sonra beş il "Pop TV” telekanalında eyni vəzifədə çalışmışam. Həmçinin müxtəlif qəzetlərdə məqalələr yazır və ayrı-ayrı radiostansiyalarında çalışırdım”, - Pirs-Musar özü haqqında danışarkən vurğulayıb.

O, 2001-ci ildən maliyyə sektorunda çalışıb, burada Sloveniyanın ən böyük özəl maliyyə korporasiyası "Aktiva Group”a qoşulub, sonra respublikanın Ali Məhkəməsində işə düzəlib. Bundan sonra onun karyerasında yüksəliş dövrü başlayıb.


"Prezident kimi susmayacam və səsim həmişə xalqın səsi olacaq”, - yeni Prezident xalqa vəd verib.

Sloveniya sakinlərin fikrincə, televiziyadakı işi ona populyarlıq qazandırın və nəticədə bu il noyabrın 13-də keçirilən prezident seçkilərinin ikinci turunda da uğurlu nəticə qazanıb.

Qeyd edək ki, Sloveniyada keçirilən prezident seçkilərinin 2-ci turunda bülletenlərin 99,95 %-nin hesablanmasından sonra bitərəf namizəd, hüquqşünas Nataşa Pirs-Musar lider olub. Dövlət Seçki Komissiyasının məlumatına görə, o, 53,88 faiz səs toplayıb.

Əlli dörd yaşlı Musar seçkilərdən əvvəl insan haqları, qanunun aliliyi və sosial rifahla bağlı kampaniya aparıb. Nataşa Pirs-Musar ölkə tarixinə ilk qadın dövlət başçısı kimi düşüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->