Xəbər lenti

Sloveniya cümə axşamı Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcək
Dünya 11:28 28.05.2024

Sloveniya cümə axşamı Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcək

Sloveniya hökuməti cümə axşamı, mayın 30-da Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcək.

Qaynarinfo "European Pravda"ya istinadən xəbər verir ki, bunu Sloveniyanın baş naziri Robert Qolob Əlcəzairə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Sloveniya "BMT Təhlükəsizlik Şurasının məsul üzvü kimi Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün əlindən gələni etməyə borcludur”.

"Son bir neçə gündə bir sıra məsləhətləşmələrdən sonra mən Fələstinin tanınması məsələsinin Milli Assambleyaya verilməsi üçün cümə axşamı Nazirlər Kabinetinin iclasına qərar çıxarmaq qərarına gəldim”, – Qolob deyib.

O əlavə edib ki, Sloveniya dərhal atəşkəs və Qəzzada girovların azad edilməsi yolunda maksimum təzyiq yaratmaq üçün həmfikir ölkələrlə koordinasiyanı davam etdirəcək.

Bundan başqa, bir gün əvvəl Sloveniyanın xarici işlər naziri Tanya Fion Brüsseldə hökumətə Fələstin dövlətinin tanınması ilə bağlı prosedurları bu həftə başa çatdırmağı və qərarı Sloveniya parlamentinə göndərməyi tövsiyə edəcəyini bildirib.

Xatırladaq ki, İspaniya, İrlandiya və Norveç mayın 28-də Fələstin dövlətini tanıyacaqlarını çərşənbə günü elan etmişdilər. Malta da son həftələrdə Fələstini tanımağı planlaşdırdığını bəyan edib.

İsrail buna cavab olaraq bu üç dövlətdən öz səfirlərini "təcili məsləhətləşmələr” üçün geri çağırıb.

ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstin dövlətinin İspaniya, İrlandiya və Norveç tərəfindən birtərəfli qaydada tanınmasını dəstəkləməyib, lakin diplomatik danışıqlar yolu ilə bu cür tanınmanı prinsipcə dəstəkləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->