Xəbər lenti

Səttar Bəhlulzadənin əsərləri Oğuz Tolğanın əlinə necə keçib? (AÇIQLAMA)
Sənət 15:24 10.01.2023

Səttar Bəhlulzadənin əsərləri Oğuz Tolğanın əlinə necə keçib? (AÇIQLAMA)

"Azərbaycan dövləti Səttar Bəhlulzadənin satışa çıxarılan 650 əsərini ala bilsə, yaxşı olar. Komissiya yaradılsın, əsərlər qiymətləndirilsin, göstərilən qiymətə deyil, münasib qiymətə alıb, həmin əsərləri Azərbaycan gətirmək olar”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziydadxan Əliyev Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin satışa çıxarılmasına aydınlıq gətirərkən deyib. Ziyadxan Əliyev həmin əsərlərin həqiqətən də Səttar Bəhlulzadəyə aid olduğunu təsdiqləyib:

"Bu əsərlər Oğuz Tolğanın əlinə necə keçib, onu deyə bilmərəm. Mən həmin əsərlərə baxdım, onların hər biri qrafik əsərlərdir, eskizlərdir, rəssamlıqda buna cızmaqara deyirlər. 1970-ci illərdə Səttar Bəhlulzadənin vəfatından sonra onun emalatxanasını boşaldırdılar. Emalatxanada onun belə eskizlərindən minlərlə vardı. Mən onları görmüşdüm, həmin vərəqləri bir küncə yığmışdı. Yəqin ki, onun əsərlərinin həvəskarları üçün bu kağızlar əhəmiyyətli olub və onları götürüb. Hətta onların çoxunu diqqətsizlikdən emalatxanadan bayıra atmışdılar. Bir çox adamlar onlardan faydalanmışdılar, bayıra atılan vərəqləri yığıb aparıblar. Bir yolla həmin əsərləri ələ keçiriblər”. 
 


Ziyadxan Əliyev bildirib ki, Səttar Bəhlulzadənin nəinki əsərləri, hətta imzası belə qiymətlidir:

"Hər halda bu gün onun əsərlərinə qoyulan qiymət Səttar sənətinə qoyula bilməz. Bunlar cəfəngiyyatdır, şişirtmədir. Deyilənə görə, İncəsənət Muzeyindəbn sertifikat alınıb. Bakıda İncəsənət Muzeyində komissiya var, hər həftənin 3-cü günü əsərləri dəyərləndirib, xarici ölkələrə çıxarılmasına icazə verirlər. Həmin əsərlərə sertifikat alına bilər, amma onların xaricə çıxarılmasına icazə verilmir. Görünür, bunlar hansısa yolla çıxarıb. Yadıma gəlir ki, 1993-cü ildə həmin İncəsənət Muzeyinin özündən xeyli qrafik əsər oğurlanıb, xarici ölkələrə aparılıb”. 

Ziyadxan Əliyev deyib ki, satışa çıxarılan əsərlər şəxsin öz malıdır, hansısa muzeydən, kiminsə evindən oğurlamayıb: 

"Muzeyin möhrü yoxdur, sata da bilər, hədiyyə də edə bilər. Bu əsərlərdən Azərbaycanda çox adamda var”. 

Qeyd edək ki, Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri "eBay” internet mağazasında Oğuz Tolga adlı şəxs tərəfindən satışa çıxarılıb. Səttar Bəhlulzadənin 650 əsəri 18 500 000 dollara (31 450 000 AZN) təklif olunur. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->