Fransada parlament seçkilərinə iki gün qalmış Cordan Bardella və parlamentdə fraksiyanın rəhbəri Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı "Milli birlik” partiyası seçici dəstəyi rekordunu yeniləyib.
Qaynarinfo "Les Echos”a istinadən xəbər verir ki, seçicilərin 37%-i partiyaya səs verməyə
hazırdır.
Nəşrin qeyd etdiyi kimi, Marin Le Penin partiyasına dəstək bir həftə ərzində 2%, respublikaçılarla ittifaq elan edildikdən sonra üç həftə ərzində isə partiyanın tərəfdarları 4 faiz bəndi artıb. Bu arada, "Respublika naminə birlikdə” prezident koalisiyası sorğuya əsasən cəmi 20% səs toplayıb. Respondentlərin daha 28%-i solçu partiyaların "Yeni xalq cəbhəsi” koalisiyasını dəstəkləyib.
Xatırladaq ki, iyunun əvvəlində Avropa Parlamentinə keçirilən seçkilərdə "Milli birlik” 31,5% səs toplayıb. Bu, Fransa prezidenti Emmanuel Makronun koalisiyasının nəticələrindən (14,5%) təxminən iki dəfə yüksəkdir. Bunun ardınca Makron parlamentin aşağı palatasının (Milli Assambleya) buraxıldığını və 30 iyun və 7 iyulda növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.
Emmanuel Makron seçkilər ərəfəsində bildirib ki, ifrat sağçı və ifrat solçu siyasi blokların planları vətəndaş müharibəsinə səbəb ola bilər. Marin Le Pen bildirib ki, bu cür ittihamlar prezidentin siyasi blokunun zəifliyinin göstəricisidir.
Nizami Bağırov
Şərhlər