Xəbər lenti

Rusiyanın BMT-dəki səfiri: “Tramp müharibəni “bir gündə” dayandıra bilməz”
Dünya 17:00 02.07.2024

Rusiyanın BMT-dəki səfiri: “Tramp müharibəni “bir gündə” dayandıra bilməz”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıtsa, söz verdiyi kimi Ukraynadakı müharibəni bir gündə bitirə bilməyəcək. 

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. 

"Ukrayna böhranı bir gündə həll oluna bilməz", - Nebenzya mətbuat konfransında bildirib. 

Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı müharibənin tez bir zamanda bitməsinə nail olmaq niyyətindədir. "Əgər mən ABŞ-ın prezidenti olsaydım, bu dəhşətli müharibəyə 24 saat ərzində son qoymaq üçün danışıqlar apara bilərdim” deyə o, keçən yanvar ayında Truth Social hesabında yazıb. 

O zaman bu bəyanat Kremldə sevinclə qarşılanıb.  

"ABŞ prezidenti həqiqətən də bu münaqişəyə son qoymaq istəyirsə, bunu çox tez edə bilər”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 
İyunun 27-də ABŞ prezidenti Co Baydenlə seçkiqabağı debatda Tramp yenidən söz verib ki, əgər yenidən seçilərsə, münaqişəni çox tez bitirə bilər - hətta rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl. Eyni zamanda o qeyd edib ki, Vaşinqton Ukraynadakı müharibəyə görə pul xərcləməməlidir.

Debatlar zamanı Tramp həmçinin Vladimir Putinin o cümlədən, Ukrayna qoşunlarının Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmasını, Kiyevin NATO-ya üzv olmaqdan imtinasını da nəzərdə tutan "sülh planını” rədd edib. 

Bundan az əvvəl məlum olub ki, Trampın iki əsas müşaviri Ukraynadakı hərbi münaqişənin həlli üçün ona plan hazırlayıblar. Sənədə əsasən, ABŞ-ın keçmiş prezidenti qarşıdan gələn seçkilərdə qalib gələrsə, Amerika silahlarının tədarükünü dayandırmaq təhlükəsi altında Kiyevdən Moskva ilə sülh danışıqlarına başlamağı tələb edə bilər. Eyni zamanda, təşəbbüs Moskvanın danışıqlardan imtina edəcəyi təqdirdə Vaşinqtonun Kiyevə dəstəyini gücləndirməyi nəzərdə tutur. Bu halda hər iki tərəf "mövcud cəbhə xətti” boyunca hərbi əməliyyatları dayandırmalı olacaq.

Ukrayna həm Putinin, həm də Trampın "sülh planını” rədd edib. Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, ABŞ-ın keçmiş prezidentinin təklif etdiyi şəkildə müharibənin dondurulması "qəribə” olardı, çünki Rusiya beynəlxalq hüququ pozub və ordusu Ukrayna ərazisində yerləşir.
Vladimir Zelenski Putinin təklifini "ultimatum” adlandıraraq, bunun "onun (Putin – red.) əvvəllər verdiyi digər ultimatumlardan heç bir fərqi olmadığını” qeyd edib. "Heç bir dondurulmuş münaqişə olmayacaq", - Ukrayna prezidenti vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->