"Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir”.
Qaynarinfo xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının "Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı suala cavab olaraq bildirib.
O qeyd edib ki, əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini "Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi: "Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.
Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma "Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda "Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.
Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
Şərhlər