"Ölkənin baş bankirinin dediyi fikirləri bir iqtisadçı kimi izah edə bilmirəm. İzah eləsin görək quru sərhədlərin bağlı qalmasının turizmə xeyiri nədir? O xeyir hardan gəlir?"
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Mərkəzi Bankın sədri Taleh Kazımovun səsləndirdiyi "sərhədlərin bağlı qalması ilə turizm sektorunun gəlirləri artıb" fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, son 3 ildə əhalinin alıcılıq qabiliyyəti az da olsa, məhdudlaşıb:
"Bu o deməkdir ki, əhalinin real gəlirləri real xərclərindən azdır. Gəlirlər aşağı düşdüyündən daxili turizmə maraq yoxdur. Quru sərhədləri bağlı olduğuna görə ölkəyə gələn turist axını da azalıb. Bu zaman sərhədlərin bağlı qalması turizm sahəsinin inkişaf etməsinə necə təsir edə, necə onu stimullaşdıra bilər? Məsələn, sərhədlər açıq olanda Gürcüstana səfər edən turistlərin 80-90%-i Azərbaycana gəlirdi. İndi onlar Azərbaycana gəlmir, Ermənistana gedir”.
Qonşu ölkələrə turist axınının artmasına da münasibət bildirən ekspert qeyd edib ki, son iki ildə Gürcüstana turist axını əvvəlki ilə nisbətən 2 dəfə artıb:
"Bu nəyin hesabınadır? Çünki Gürcüstan təbiəti Azərbaycana nisbətən kifayət qədər cəlbedicidir. Bizim turizm üçün əlverişli olan ərazilərimiz işğaldan yeni azad olunub və bu gün də mina təhlükəsi var. Ona görə turist gedə bilmir. Amma Gürcüstanın turist üçün cəlbedici əraziləri həm Azərbaycandan çoxdur, həm də orada mina təhlükəsi yoxdur. Ona görə Cənubi Qafqazda ən çox turist cəlb edən ölkə Gürcüstandır, əhalisinin sayından iki dəfə artıq turist qəbul edir. Həmin turistlərin bir hissəsi 2020-ci ilə qədər Azərbaycana gəlirdi".
Bahar Rüstəmli
Şərhlər