"Şəhərlər və ölkələr” silsiləsindən
Qotland
İsveç savannasına səyahət
Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Bu, olsa-olsa həqiqətin yarısıdır. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanıstan, Türkiyə, canım sizə desin, Aralıq dənizi ölkələrin başqa birinə bir həftəlik putyovka alarsan. Ölkələr turistlərin üzünə indi-indi açılsalar da səfər riskləri hələ də qalır. Qotland isə İsveçdaxili turist məkanıdır, səfərə koronavirus maneəsi yoxdur.
Həqiqətin o biri yarısı mənim arzumdur. Qotlanda getməyi İsveçə köçəndən arzulamışam. Üç il əvvəl dünya kinosunun klassiki İnqmar Berqmanın 100 illik yubiley günlərində yazdığım "Berqman, Tarkovski və Qotland adası” yazısında isə qəti söz verdim ki, o iki nəhəng sənətkarın eşqinə bu adaya gedəcəm. Odur ki, qısa müddətli səfər həvəsinə düşəndə xanıma, gəl elə Qotlanda gedək, deyib Baltikin ləpədöyənində iki gecəlik otaq kirayələdim.
Qəribədi, adam "gəlmək”dən çox, "getmək” haqda düşünür. Sizi bilmirəm, mən "getmək”dən ötrü sino gedirəm. "Getmək” sözünün "ayrılmaq” kəlməsiylə məna səsləşməsi var, düzdür, amma mənim aləmimdə getmək həm də qovuşmaqdır. Kiminləsə, yaxud nəyləsə görüşmək, qovuşmaq üçün gedirsən.
"Salam ata, mən sənin oğlunam”. Aytmatovun "Ağ gəmi”sindən
Hər dəfə İsveçin gəmi-bərələrinə minəndə Çingiz Aytmatovun "Ağ gəmi” əsərindəki uşaq yadıma düşür. O balaca oğlan balıq olub gəmiyə sarı üzməyi, gəmidə təzədən adama çevrilib itmiş atasını tapmağı, sonra atasıyla birlikdə uzaqlara getməyi xəyal edir. Dediyim odur ki, mən də o uşaq kimi "gələnlər”dən yox, "gedənlər”dənəm.
***
Yola obaşdan çıxdıq. Ölkənin qərb sahilindən şərq sahilinə 4 saat yol sürəcək, sonra gəmi-bərə ilə 3 saat adaya doğru üzəcəkdik.
Bakı ilə danışanda deyirdilər ki, orada qorabişirən istilər keçir. Mən də Bakı istisindəymişəm kimi hərdən maşının şüşəsini endirib əlimi yağışlı havaya çıxarırdım. Yol boyu kəsməyən yağmurun iynəucu damlaları dərimə sərinlik çilədiyi kimi isveçli cazmen Nils Landgrenin saksafonunda səslənən ”Gotland”ı da ruhumu hüzur beşiyindəymiş kimi yırğalayırdı.
Sizin üçün Fausto Papettidən "My way”, dinləyin
Nilsi təzə kəşf eləmişəm, vaxtilə ABBA-da da çalıbmış. Düzdü, sevimli saksafon ifaçılarıma – Fausto Papettiyə, George Katsarosa çatmaz, amma Qotland yolunda onun "Gotland”ını dinləməyin yeri vardı.
Belə vaxtlarımda rahatca özümü bizi Ağdamın istisindən Şuşanın sərinliyinə aparan atamın sürdüyü maşında hiss edə bilərəm. Atam da dolamaları qalxdıqca əlini çölə çıxarar, sərinliyə maqnitafonda oxuyan Şahmalı Kürdoğlunun "Rast”ını qatardı.
Mənimsə saksafon fonunda yağışlı havada maşın sürməkdən xoşum gəlir. Romantik oxucu göydə tutar dediyimi.
***
Pandemiya bitsin, yenə konsertlər olacaq
Qotland adası İsveçin siyasi, biznes, kültür elitasının tez-tez cəmləşdiyi yerdir. Ölkə səviyyəli görüşləri, elə beynəlxalq tədbirləri də, həvəslə burada keçirirlər. Sosial nərdivanın üst pillələrində qərarlaşmış kəsim dincəlməyə bura gəlir. Yəni kasıb isveçlilərin arzusudur Qotland. Məsələn, səfər öncəsi rastıma çıxan qonşu Monikadan "Qotlandda olmusanmı?” soruşanda, "Yox, ora çox bahadır”, dedi. Sonra da "Amma deyirlər gözəldir”, əlavəsini elədi.
Adanın baş şəhəri Visbidə hər il dünyanın ən böyük "demokratiya festival”larından biri keçirilir. Almedalen parkında İsveçin siyasi partiya rəhbərləri, vətəndaş cəmiyyəti fəalları, böyük biznes qurumlarının yönəticiləri həftə boyu ölkənin siyasət və cəmiyyət problemlərini müzakirə edirlər. Müxtəlif mövzularda seminarlar, təqdimatlar olur.
İsveçlilərin Almedalsveckan dedikləri Almedalen həftəsi – Demokratiya festivalı 1968-ci ildən keçirilir. Əvvəl-əvvəl yalnız sosial-demokratlar yığışar, debatlar, siyasi müzakirələr təşkil edərmişlər. Partiyanın sonralar qətlə yetirilən lideri Olof Palmenin 1968-ci ildə yük maşınının üstündə elədiyi tarixi çıxış Demokratiya həftələrinə başlanğıc olub.
Olof Palmenin Almedalen parkında çıxışlarından biri. Ötən əsrin 60-70-ci illəri
İndi isə iqtidarlı-müxalifətli hamı gəlir Almedalen həftəsinə. Nədən istəsən danışırlar. Bir növü Londonun Hayd parkı kimi.
Bu mənada azadlıq adası da deyərdim Qotlanda.
Həm də azad sənət adası deyərdim
"Sənət adamının özünü nümayiş coğrafiyası onun azadlıq sərhədlərinədəkdir.
Andrey Tarkovski SSRİ-yə qayıtmamasını orada işləməyə, film çəkməyə imkan verilməməsi ilə izah edirdi atasına yazdığı məktubda. Ömrü boyu cəmi yeddi film çəkə bildi, beşini vətəndə, ikisini vətəndən uzaqda, qərib rejissor kimi.
İnqmar Berqmanın isə azadlığına İsveçdə sərhəd olmayıb. Teatrda 170 tamaşa səhnələşdirib, 100-cən bədii, sənədli, televiziya filmi çəkib. Bununla belə, şəxsi həyata da bol vaxt ayırıb – teatrı arvada, kinonu məşuqəyə bənzədən Berqman beş qadınla rəsmi nikaha girib.
Görünür, azadlıq tək yaradıcılığa deyil, sevgiyə də üfüqlər açır.
Azadlıq nələrə üfüq açmır ki!”
Yuxarıdakı sətirlər "Berqman, Tarkovski və Qotland adası” yazısındandır.
Andrey Tarkovski və İnqmar Berqman
İlqmar Berqmanı Bergmancenterdə – onun kino yaradıcılığını əks etdirən muzeydə yad etdik. Dünya kinosunun klassiki ömrünün son illərini burada, insanlardan uzaqlaşıb guşənişin olduğu Forö (Fårö) adasında yaşayıb, ölüb, basdırılıb. Bərə bu iki ada arasında gün boyu işləyir. 10 dəqiqəyə keçirsən.
Bura turistlər əsasən iki yerə dəyməyə gəlir. Biri söz açdığım Bergmancerterdir. O biri Langhammarsgubbendir – Baltik sahilindəki əhəngdaşı süxurlarının eroziyaya uğraması nəticəsində əmələ gəlmiş daş sütunlu qayalıq. Onu da deyim ki, Qotlandda 7 belə qayalıq var. Hamısı da milli park statuslu qoruqdu.
Muzeydə öyrəndim ki, Berqman adına üç fond var. Muzeyin əməkdaşı deyir ki, bu fondlar müxtəlif təyinatlı olsa da birgə işləyirlər ki, Berqman irsini layiqincə yaşada, yönləndirə bilsinlər.
Bergmancenterdə onun filmlərinə də baxmaq olar
İnqmar Berqman Fondu hər il ssenari müsabiqəsi elan edir. Bu ilki qalib "Həyat rişəsi” ssenarisinə görə Praqa Film Məktəbinin məzunu İnqa Kempe adlı gənc ssenarist və rejissor xanımdır.
Muzey, həmçinin, ildə bir dəfə Berqman Həftəsi keçirir. Həftə boyu kinoşünaslar, aktyorlar, rejissorlar, sadə kinosevərlər yığışıb Berqman yaradıcılığından, yerli və dünya kinosunun yeniliklərindən danışırlar.
Muzeyi dolaşdıqca bizdə də belə bir muzey-mərkəzin açılması arzusu keçir adamın könlündən. Məncə, bunu eləsə-eləsə Rüstəm İbrahimbəyov edər. Ondan müsahibə alanda İçərişəhərdəki evində olmuşdum. Bax, o malikanədən əsl kino mərkəzi çıxar – İbrahimbəyovun Kino Evi, məsələn.
Langhammarsgubben milli parkı
Sonra yolumuzu Langhammarsgubben milli parkına saldıq. Adanın şimal sahillərində yerləşən bu əhəngdaşı süxurları sonuncu buzlaşma dövründən qalıb. Nəyə görəsə elə bilirdim ki, Berqman onun adını dünya ilə bir edən "Yeddinci möhür” filmində Cəngavərlə Ölümün şahmat oynadığı kadrları burada çəkib. Yanılıbmışam! Öyrəndim ki, filmin o yeri İsveçin qərb sahilində, yaşadığım şəhərə yaxın Hovs Hallar qoruğunda çəkilibmiş.
Əvəzində başqa bir sevdiyim rejissorun kino çəkdiyi yeri axtaranda yanılmadım.
Andrey Tarkovski son filminin son kadrını burada çəkib
Səhəri gün Qotlandın cənubuna getdik. Andrey Tarkovskinin son filmi "Qurbanvermə”nin ("Жертвоприношение”) son kadrlarını çəkdiyi Närsholmen-ə. Film haqda yuxarıda söz açdığım yazıda bəhs etdiyimdən bir də mövzuya qayıtmaq istəmirəm. Bircə onu deyim ki, İohann Baxın "Matfeyin ehtirasları” musiqisi fonunda bəşəri xilas naminə qurbanvermənin kinoda təcəssüm olunduğu kadrları niyə məhz burada çəkdiyini anlamaq istəyirdim.
Geri gönəndə Folhammar qayalığına – adanın şərq sahilindəki əhəngdaşı süxurlarına da dəydik. Min illərin bu əhəngdaşı suxurlarına toxunanda bəşəri zamanda bir an, təbiətdə bir toz dənəsi olduğunu anlayırsan. Onda keçmişin və bu günün tanrı iddialı fironlarını başa düşməkdə problemin yaranır. Bəlkə də bu yerləri dahi rejissora sevdirən qədim süxurlar və onların insanlara vermək istədikləri səssiz mesajlardı. Tarkovski o daş mesajları oxuya bilib deyə Apokalipsis öncəsi həyəcanı kino dilində ötürmək istəyib. Nə biləsən.
Folhammar qayalığı
Yaşlı kino xiridarları xatırlayarlar, istərdim gənc kinosevərlər də tanısınlar bu dahi rejissorları. Onların bənzərsiz "darıxdırıcı” şedevrlərinə baxsınlar. Niyə "darıxdıcı” deyirəm onların filmlərinə? Cavabı yuxarıda adını çəkdiyim yazıda var, keçid qoyuram, maraqlı gəlsə, oxuyarsınız: "Berqman, Tarkovski və Qotland adası"
Afrika savannası və "Tanrı quzusu”
Qotlandın bu başından o başına – şimalından cənubuna gedəndə adanın İsveçdən fərqli iqlimini aydın görür, duyursan. Xüsusən də cənub sahillərinə yön alanda özünü Afrika savannasında hiss edirsən. Çöllük, otlaqlar, balacaboy ağaclar, kollar.
Diqqətimi cəlb edən bir də qoyun fermaları, qoyun dərisi satanların yol uzunu reklam yazıları oldu. Qoyunçuluq İsveçdə populyar deyil, amma bu adada ən çox gözə dəyən qoyun rəmzləri idi. Əyalətin bayrağında da qoyun rəsmi əks olunub.
Maraqlandım. Sən demə, bu, xristianlıqdan gəlir. "Tanrı quzusu” 1280-ci ildən adanın simvolu kimi bayraqlarında, herbində yer alıb. İohannın "İncil”ində İsa peyğəmbər haqda deyilmiş sözdür. "İohann İsanı gördü və dedi: "Dünyanı xilas edəcək Tanrı Quzusu”.
Üstündə "Tanrı quzusu” əks olunan bayraq 1936-cı ildə Qotlandın rəsmi bayrağı kimi qəbul olunub.
Lummelunda mağarasında Şuşa söhbəti
İbrahim xanın mağarasından çox adamın xəbəri yoxdur. Heç ali təhsilini Şuşada almış xanımım da bilmirmiş. Ona danışdım, sizə də deyim.
Cıdır düzündən üzüaşağı baxanda nəhəng Daşaltı dərəsinin o üzündə sıldırım qayalar arasında kiçik qara dəlik kimi görünür. Atam o mağaranı göstərib uşaq vaxtı dostlarıyla ora macəralı səfərindən danışardı. Deyirdi ki, dar cığırla qorxa-qorxa gedibmişlər. "Aşağı baxanda gözün qaralır, yuxarı boylananda başın gicəllənir”.
Uzaqdan balaca görünsə də mağara hündürdü, adam at belində girə bilir. Deyilənlərə görə Qacar Şuşanı tutanda İbrahimxəlil xan burada gizlənibmiş.
İbrahim xanın mağarası. Şuşa
Adamda, özü də mənim kimi xəyalpərəstdə arzular bitib-tükənməz! Lummelunda mağarasına girəndə ürəyimdə bir gün Şuşadakı Xan mağarasına, bir də Füzilidən cəmi 14 kilometr aralıda yerləşən Azıx mağarasına getmək istəyi yarandı.
Lummelunda mağarası Visbi şəhərindən 13 kilometr aralıda yerləşir. Mağaranı ötən əsrin əvvəllərində üç oğlan uşağı təsadüfən kəşf edib. Qayalardan sızan suyun əmələ gətirdiyi kiçik çay 1 kilometrdən çox yeraltı axışla Baltik dənizinə tökülür. Bütün mağaralar elə bu cür suların süxurları əritməsi nəticəsində əmələ gəlir. Elmdə buna karst hadisəsi deyilir. Lummelunda da əhəngdaşı süxurlarının yuyulması ilə yaranıb.
Lummelunda mağarası
İl ərzində 100 min turistin ziyarət etdiyi mağarada hava hərarəti yay-qış eyni dərəcədə olur – müsbət 8-12. Yaxşı ki, mağaraya düşmədən öncə özümüzlə isti paltar götürməyi tövsiyyə etdilər. Yoxsa qısaqol yay köynəyində adam sətəlcəm də olar saat yarımlıq bu yeraltı tur-gəzintidə.
Yaşı min illərlə ölçülən stallaktik (tavandan sallanan) və stalaqmit (döşəmədə altdan yuxarı qalxan) süxurlara burada da rastladım. Bu süxurlar əhəngdaşından əmələ gəlmiş sırsıra mineral maddələrdir. Bəzən stallaktik və stalaqmit süxurlar birləşib sütuna çevrilirlər. Bu proses milyon illər çəkir.
Alanyanın Dim mağarasındakı Damlataş sırsıraları ilə müqayisədə buradakılar çox kiçikdilər. Dim mağarasının sırsıra süxurlarının yaşı milyonlarla ölçülür, ona görə də çox iridilər.
Dim mağarası. Alanya, Türkiyə
Adamda qəribə duyğular oyadır bu sırsıralar. Onların yaranışından keçən milyon illər bir göz qırpımında gəlib keçir və beləcə dünya da, zaman da gözündə kiçilir.
Demək istəyirəm ki, daha öz mağaralarımız – Azıx da, Xan mağarası da azad olunub. Qarabağa gedəndə yolunuzu oralardan salın. Mən də getmək istəyirəm. Yollar xalqın üzünə açılsın, gedəcəm!
Vikinqlərin qurbangahı
Vikinqlərin Qotland adasında VIII-XII əsrlərdə yaşadığı ehtimal edilir. Burada onların daş üzərində runik yazıları da tapılıb. Visbi şəhərinin adı da qədim skandinav dilində "qurbangah”, yəni qurban kəsilən yer anlamını verir.
Visbinin güllü küçələrindən biri
Belə söyləyirlər ki, Visbi Skandinaviyada Orta əsr memarlıq üzlubunu az-çox saxlanmış tək şəhərdir. Qala divarları içindəki qədim küçələri dolaşdıqca özünü Orta əsr Avropasında hiss edirsən. Yəqin elə buna görədir ki, 1984-cü ildən bəri hər il burada Orta Çağ Həftəsi ("Medeltidsveckan”) festivalı keçirilir. Orta əsr sayağı bazarlar açılır, qədim libaslı adamların iştirakçı ilə müxtəlif turnirlər, oxatma, atçapma, qılınc oynatma yarışları keçirirlər.
Turistlərin adaya ən çox gəldiyi dövr hər ilin avqustunda keçirilən bu festival günləri hesab olunur. Tədbirlər tək Visbidə deyil, bütün ada boyu təşkil olunur. Festivala maraq ilbəil artır. Məsələn, əgər turistlər 2007-ci ildə festival vaxtı 125 milyon kron xərcləmişdilərsə, 2014-cü ildə 204 milyon kronluq, yəni 20 milyon avroluq alış-veriş ediblər.
Visbini gəzməyə qala divarları arasındakı qədim hissədən başladıq. Şəhərin dairəvi qala divarları XIII-XIV əsrlərdə tikilib. Bu günə 3,5 kilometrlik hissəsi salamat qalıb.
Visbinin qala divarı
Şəhərdə 13 qədim kilsə xarabalığı var. Hamısı da orta əsrdən qalma. Biz Drottens, bir də Müqəddəs Nikolay kilsə xarabalıqlarına dəydik. Burada gördüklərim Ağdamın Qiyaslı kənd məscidini xatırlatdı. Hər ikisinin fotolarını qoyub facebookda belə bir status paylaşdım: "Bir-birinə oxşadığına baxmayın, eyni yerin şəkilləri deyil bunlar. Birinci fotonu internetdən götürmüşəm, Ağdamın Qiyaslı kənd məscidinin xarabalığıdır. O birilərini özüm çəkdim, İsveçin Qotland adasındakı XIII əsr kilsəsinin – Drottens Ruin – qalıqlarıdır. Qotland kilsəsini tarix bu kökə salıb, Qiyaslı məscidini isə erməni işğalçıları xaraba qoyub”.
Visbinin 13 kilsə xarabalığından biri
Maraqlandım. Sən demə, gəlmək nədi, adanı işğal da edibmişlər. Özü də Qarabağı zəbt edən dönəmdə. İsveçlə 1808-1809-cu illər müharibəsi vaxtı. Amma cəmi 3 həftə adanı işğalda saxlaya bilibmişlər.
Ondan əvvəl isə uzun əsrlər boyu Qotlandla Novqorod arasında ticarət əlaqələri varmış. Visbidə rusların, Novqorodda isə isveçlilərin ticarət nümayəndəliyi fəaliyyət göstərirmiş.
Şəhərə təpə başından baxış
Şəhər haqda qısa bunları yazsam, bəsdi. Nə qədər təsvir etsəm də Qotlandın vəsfinə yetməz. Elə təkcə Högklint uçurumunun mənzərəsi nəyə desən dəyər. Uçurumun Baltik dənizinə uzanan ən uc nöqtəsinə çıxdım ki, şəklimi çəkə, xanımdan qopan fəryada az qala göydə qağayılar qanad salacaqdı. Qorxdu ki, yıxılaram. Sonra hündürlüyə gözü alışdı və bu möhtəşəm mənzərədə çəkdiyi şəklim belə alındı.
Högklint yüksəkliyi
***
Elə gəldiyimiz gəmi-bərəylə də geri qayıtdıq.
Qotlandı da sevdik, Visbini də. Azərbaycanın nişanələrini gördük, yəqin ona görə Visbi doğma gəldi. Burada elə bilirsən bizim Şuşa, Şəki, bir də Nabranın sintezindən yaranmış bir yerdəsən. Şuşanın Qala divarı da var, Şəkinin kirəmitli damları, Nabranın daşlı sahili də.
Hər yanda Yurd nişanəsi gəzən bəndəniz belə gördü Qotlandı…
Vahid Qazi
İyul, 2021
Qotland, İsveç
Şərhlər