"Qərb Tiflisə sanksiyalarla bağlı son qərarı verməkdə tələsməyəcək, daha çox daxili təzyiqdən istifadə olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Gürcüstan parlamentinin "Xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etməsindən sonra Qərbin Tiflisə qarşı atacağı addımları şərh edərkən deyib.
Həmsöhbətimiz deyir ki, Qərb hələlik Tiflisi hədələməklə məşğuldur:
"Yaranmış vəziyyətdə Gürcüstanın Avropa İttifaqına namizədlik statusunun ləğv edilə biləcəyi istisna deyil. Digər tərəfdən, Qərb Gürcüstan hökumətini atdığı addıma görə siyasi, diplomatik münasibətlər, həm də iqtisadi sanksiyalarla hədələyir. Bütün bunlar ilk növbədə çəkindirici məqamlardır. Ancaq fakt odur ki, Qərbin bu təhdidləri işə yaramadı. Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Gürcüstan prezidenti qanuna veto qoyacağını bildirir. Amma müəyyən prosedurlardan sonra parlament yenidən qanunu qəbul edə bilər. Bundan sonra isə prezidentin veto qoyması işə yaramayacaq".
Ekspert qeyd edir ki, hər halda qanunla bağlı müəyyən zaman qazanılıb:
"Bu zaman çərçivəsində həm daxildə təzyiqlər artacaq. Həm də paralel olaraq, Aİ və ABŞ tərəfindən Tiflisə müəyyən məhdudiyyətlər qoyula bilər. Lakin son qərarın verilməsinə Qərb dünyası tələsməyəcək. Çünki anlayır ki, sərt qərarlar gürcü hökumətini Moskvaya daha da yaxınlaşdıra bilər. Bu isə Qərb dünyası üçün arzuolunan deyil. Ona görə də hələlik daha çox daxili təzyiqdən istifadə olunacaq. Qərb daha çox kütləviliyi təmin etməklə payızda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı etirazçı elektorata ciddi dəstək verəcək. Bir tərəfdən təzyiq yolu ilə İvanişvili iqtidarını çəkindirmək planı mövcuddursa, digər tərəfdən onun ən rahat yollarından biri parlament seçkilərində qalib gəlməkdir. Çünki parlament seçkisində qalib gəlmək problemin kökündən həlli deməkdir".
Qeyd edək ki, Gürcüstan hökumətinin "Xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etməsindən sonra Avropa İttifaqı və ABŞ Tiflisə qarşı sanksiyalar tətbiq edilə biləcəyinin anonsunu verib. Tiflisə səfərə gələn ABŞ dövlət katibinin köməkçisi Ceyms O'brayn mətbuata açıqlamasında deyib ki, ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.
Rüfət Sultan
Şərhlər