Xəbər lenti

Qaranlığın işığı
Vahid Qazi
Ölkə 12:29 17.06.2021

Qaranlığın işığı

Bir vaxt deyirdilər Varlam Şalamov "Kalım hekayələri”ni yazmasa, adamlar sovet həbs düşərgələrində baş verənlərdən xəbərsiz olardılar. Sonra Soljenitsının "Arxipelaq QULAQ”ı da işıq üzü gördü və dünya dəhşətli həqiqətlərdən xəbər tutdu.

İlkin Rüstəmzadənin "Qaranlığın hekayəsi. Həbsxana gündəliyi” kitabı sizdə adını çəkdiyim əsərlər kimi şok yaratmaya bilər; oxuyanda deyərsiniz indi qapalı sovet rejimi deyil, Azərbaycan türmələrində baş verənlərdən xəbərdarıq. Amma mən elə demirəm, tikanlı məftillərin o üzündə bilmədiyim çox şey varmış. Məsələ tək bunda deyil. İlkinin kitabı tək-tük siyasi ədəbiyyat nümunələrimizdən biri olmaqla yanaşı tarixilik baxımından da dəyərlidir və şübhə etmirəm, gələcəkdə araşdırıcılar üçün istinad mənbəyi olacaq.

Buna qədər bizdə həbsxana gündəliyi yazan, nəşr edən olubmu, açığı, xatırlamıram. Elə siyasi memuarlarımız da təkəm-seyrəkdir. Vaqif Hüseynovun "Bir ömürdən artıq”, Əbdürrəhman Vəzirovun "Parterin ilk sıralarında”, Zərdüşt Əlizadənin "İkinci respublikanın sonu” kitablarından savayı hansısa siyasi memuara da rast gəlməmişəm.

Fikrim "Qaranlığın hekayəsi”ni təhlil etmək deyil. Bir onu deyim ki, dili, təhkiyəsi adamı yormur, axıcıdır, ağrı-acını da verə bilib, yeri gələndə yumorunu da əsirgəməyib. Müəllifin subyektiv siyasi analizləriylə razılaşıb-razılaşmamaq da oxucunun öz işidir. Mənə bu yazını yazdıran İlkinin yaşı, dünyagörüşü, etirazı, bir də inadı oldu.

Bir dəfə Bakıda insan haqlarına həsr olunmuş konfransda gözəyarı saydım ki, iştirakçıların az qala yarısı siyasi baxışlarına görə türmə yatıb-çıxmışlardır. Siyasi basqının miqyası məni heyrətə salmışdı onda. İndi vəziyyət daha da ağırlaşıb, rənglər daha da tündləşib.

Ümumiyyətlə, 30 illik müstəqillik tarixində elə bir dönəm tapmazsan ki, Azərbaycan həbsxanalarında siyasi məhbus olmasın. Bu illər ərzində heç nə dəyişməyib.

Tək dəyişən siyasi məhbus yaşının cavanlaşmasıdır!



Həbs olunanda İlkinin 21 yaşı vardı. O yaşda bizə desəydilər müstəqilliyinin 30-cu ilində də Azərbaycanda insanlar siyasi görüşlərinə görə təqib olunacaq, tutulacaq, işgəncəyə məruz qalacaqlar, inanmazdıq. Bizim tək qayəmiz SSRİ-dən qurtulmaq idi.

Elə bilirdik azadlıqla birgə xoşbəxtlik də gələcək!

Əvvəllər siyasi sistemin işi yaşlı nəsil rəqiblərlə idi, indi sanki gənclikdən ehtiyat edirlər. Repressiya öz caynağına gəncləri keçirir. Kitabın "Aprel məhbusları” fəsli də elə bu cümlə ilə başlayır: "Həmin ərəfədə 13-ə (Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsi – V.Q.) bir-birinin ardınca gənc məhbuslar gəlməyə başlamışdılar”.

İlkin Rüstəmzadə "Əsgər ölümlərinə son!” etiraz aksiyasının təşkilinə görə həbs olunub, ömrünün çiçəklənən 6 ilini türmədə keçirib. Haqsız həbs olunmuş başqa ictimai-siyasi fəallar da var. Köhnə totalitar sovet təfəkkürlü insanlar əllərindəki hakimiyyətdən yararlanıb müasir dövrün çağırışlarına səs verən, intellekt, siyasi iradə, əqidəyə sadiqlik baxımdan onlardan bir neçə baş yuxarı bir gəncliklə üz-üzə olduqlarının fərqində deyillər.

Anlamırlar ki, gəncliyə qarşı mübarizəni hələ kiminsə qazandığını tarix xatırlamır!

İkinin kitabını ürək ağrısıyla oxudum. Bu, balalara azad ölkə qura bilməməyimizin məsuliyyət acısı, kədərli etirafıydı.



Bir dəfə yazmışdım: bizim nəsil azadlıq mücadiləsindən qorxmadı, yaralandı, əlil oldu, öldü də – amma azad cəmiyyət qura bilmədi! Bizim bu tarixi uğursuzluğumuzun bədəlini bu gün balalar – gənclik ödəyir. Öz həyatları, ömürlərinin ən gözəl çağını türmə qaranlığında keçirərək.

…Qaranlıqsa işığın təsdiqidir!

Ulduzlar qaranlıq səmanın nuru olduğu kimi etirazçı gənclik də cəmiyyət qaranlığında parlayan işıqdır.

Qaranlığın işığı…

Vahid Qazi
İyun, 2021

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->