Xəbər lenti

Video 10:18 22.08.2024

"Qalatasaray"ın baş məşqçisi azərbaycanlı hakim istəyir (VİDEO)

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə təmsilçisi "Yanq Boys"a 2:3 hesabı ilə məğlub olan Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında Almaniyadan olan baş hakim Daniel Siebertin oyunu idarəetməsini tənqid edib.

Onun sözlərinə görə, oyunun əvvəlində hər iki komandaya gərəksiz sarı vərəqələr göstərilib: 

"Oyun çox dayandı. Hakimin sarı vərəqəni yazması belə bir dəqiqə davam edirdi. Matçı idarə edə bilməyən bir hakim gördüm. İsveçrənin alman kantonundayıq. Rəqibimiz alman dilində danışır və matçı alman hakim idarə edir. Üstəlik, hakim daha əvvəl dünya çempionatında oyunçularımızdan biri ilə problem yaşayıb. Biz də ikinci oyuna azərbaycanlı hakim istəyərik. Türk dilində danışan azərbaycanlı hakim bizim matçı idarə edərsə sevinərik".

Baş məşqçi ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib və "Qalatasaray"ın qapısına təyin olunan penalti qərarına reaksiya verib:

"Bu, bizə ümid verdi. Öz keyfiyyətimizi göstərsək, qalib gələcəyimizi düşünürəm. Futbolçuların hər iki əlinin bağlı vəziyyətdə tullanmasını istəyirlər. Tezliklə əllərini bağlayacağıq".

Qeyd edək ki, "Qalatasaray"la "Yanq Boys" arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->