Rusiya prezdenti Vladimir Putin Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimi üçün Roma Statutunu imzalamış Meksikaya getməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin RTVI-yə müsahibəsində deyib.
"Biz belə bir dəvət aldıq (Meksika prezidentinin andiçmə mərasiminə-red.), buna görə Meksika tərəfinə minnətdarıq", deyə Şetinin bildirib.
Onun sözlərinə görə, Putin tədbirlərdə Rusiyanı təmsil edəcək nümayəndəsini təyin edib. Şetinin prezidentin səfərdən imtinasının səbəblərini açıqlamayıb, lakin əlavə edib ki, Moskva mövcud protokol praktikasına və Rusiya liderinin üzərinə düşən öhdəliklərə uyğun hərəkət edir.
Qeyd edək ki, Meksika 2005-ci ildə Roma Statutunu imzalayıb və Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabedir.
Xatırladaq ki, Ukrayna bundan əvvəl Meksika hökumətindən Putinin oktyabrın 1-də prezident Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderinə uyğun olaraq onu həbs etməyi xahiş etmişdi.
2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini minlərlə uşağı Ukraynadan qeyri-qanuni deportasiya etməkdə günahkar hesab edərək, onun həbsinə order verib. Sərəncamın verilməsi o deməkdir ki, Putin BCM üzvü olan hər hansı ölkəyə səfər edərsə, həbs oluna bilər.
Bununla belə, sentyabrın əvvəlində Putin BCM-in Roma Statutuna üzv olan Monqolustana səfər edib. Ölkə rəhbərliyi Rusiya liderini həbs etməkdən boyun qaçırıb.
Alpər
Şərhlər